AZ EN RU

Avtomobil yollarında hərəkətin təhlükəsizliyi və fasiləsizliyi məqsədilə tədbirlər görülməkdədir

    Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasını agentliyin direktoru Bəhruz Əsgərov açıb. 
    Bildirilib ki, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Avtomobil Yolları Dövlət Agentliyinə də bir sıra tapşırıqlar verilib. Verilən tapşırıqları nəzərə alaraq avtomobil yollarında tələb olunan təmir-tikinti işləri aparılmalı, qartəmizləyən texnikaların işlək vəziyyətdə olması təmin edilməli, qum ehtiyatı tədarük olunmalıdır. Leysan yağışları zamanı və soyuq qış mövsümündə avtomobil yollarında hərəkətin intensivliyinin təmin edilməsi məqsədilə bütün texnikalara baxış keçirilməli, avtomaşınlar üçün zəncir, avtoqreyderlər üçün bıçaq tədarük olunmalı, fəhlə və mexanizatorlar mövsümlə əlaqədar iş paltarları ilə təmin edilməlidirlər. Ümumilikdə, 11 avtoqreyder, 26 özyükünüboşaldan avtomaşın, 8 qarkürəyən avtomaşın, 1 qarsovuran avtomaşın, 4 buldozer, 1 qumsəpən avtomaşın, 6 yükləyici-ekskavator və 5 yükləyicinin muxtar respublikamızın ayrı-ayrı rayonlarının, ucqar dağ və sərhəd kəndlərinin avtomobil yollarında yarana biləcək hər hansı bir maneənin vaxtında aradan qaldırılması üçün tam hazır vəziyyətə gətirilməsi planlaşdırılıb. Həmçinin avtomobil yollarının buzdan təmizlənməsində mühüm rol oynayan qum tədarükü də diqqət mərkəzində saxlanılır. Ötən ildən 500 kubmetr ehtiyat yaradılıb və əlavə olaraq Şorsu massivindən xammal daşınaraq Naxçıvan və Şərur Asfalt-Beton zavodlarında qurulmuş qum-çınqıl karxanalarında üyüdülərək 1500 kubmetr ehtiyat yaradılması nəzərdə tutulur.
    Qeyd olunub ki, ucqar dağ kəndlərində hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə həmin yaşayış məntəqələrində buldozer və traktorların işləməsi, bu texnikalar üçün yanacaq-sürtkü materialları ehtiyatı yaradılması nəzərdə tutulub. Həmçinin ərinmiş qar suları nəticəsində yolların və yol qurğularının zərər çəkməməsini təmin etmək məqsədilə muxtar respublika ərazisində olan körpü və suötürücü qurğuların yoxlanılması, giriş hissələrin palçıq və lildən təmizlənməsi tələb olunur. Kompleks tədbirlər sırasında agentlikdə qərargahın yaradılması, fövqəladə şərait rejimində işləmək üçün növbətçilik qrafiki və xəbərvermə xidmətinin təşkili, istismar olunan yollarda əsaslı və orta təmir işlərinin başa çatdırılması, yol kənarlarında olan materialların yoldan kənarlaşdırılması işlərinin həyata keçirilməsi planlaşdırılıb. 
    Bəhruz Əsgərov 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında və yüksək səviyyədə icra olunması üçün bütün imkanların səfərbər edildiyini diqqətə çatdırıb, qarlı-çovğunlu günlərdə belə avtomobil yollarında hərəkətin intensivliyinin operativ təmin olunacağını bildirib.
    Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 19.09.2022 19:35