AZ EN RU

Avtomobil yolları işçiləri peşə bayramlarını qeyd ediblər

Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyində olublar.

Sonra peşə bayramı günü münasibəti ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 20 fevral tarixli Sərəncamı ilə hər il fevralın 22-si ölkəmizdə avtomobil yol işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Sevindirici haldır ki, bu peşə bayramını Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin təntənə ilə qeyd olunduğu bir ildə qeyd edirik.

Qeyd olunub ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatı infrastrukturunun sistemli və hərtərəfli inkişafına da xüsusi diqqət göstərir. Ölkəmizin bütün regionlarında, eləcə də Naxçıvanda bu sahədə kompleks tədbirlər həyata keçirilir, dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar yol sahəsinin inkişafı üçün geniş imkanlar yaradır.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri zamanı yol tikintisinə xüsusi diqqət yetirilir. Son illər muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib. Muxtar respublikada müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilib, yol təsərrüfatının yenidən qurulmasında əsas amil olan keyfiyyətli asfalt istehsalına nail olunub. Həmçinin  Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan yol istismar idarələrinin maddi-texniki bazası da xeyli möhkəmləndirilib, istehsal olunan asfaltın vaxtında yerlərə çatdırılması və asfalt-beton örtüyünün keyfiyyətlə salınmasında mühüm rol oynayan müasir mexanizmlərlə təmin olunub. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikada yol tikintisinin səmərəli təşkilinə şərait yaradıb, müasir mühəndis-texniki tələblərə cavab verən avtomobil yolları inşa olunub.

Agentliyin direktoru bildirib ki, son illər muxtar respublikanın qonşu ölkələrlə iqtisadi əlaqələrinin daha da genişləndirilməsində, beynəlxalq yük və sərnişin daşımalarında əhəmiyyətli rol oynayan magistral yollar yenidən qurulub. Belə ki, 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 34 kilometrlik Naxçıvan-Culfa və 88,8 kilometrlik Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolları yenidən qurularaq istifadəyə verilib. Həmçinin son 5 ildə 297 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub, ümumi uzunluğu 60 paqonometr olan 4 yeni körpü tikilib, sel nəticəsində dağılmış 12 paqonometr uzunluğunda 1 körpü bərpa edilib. Bundan əlavə, qış aylarında muxtar respublikada mövcud olan 269 kilometr dövlət və 892 kilometr yerli əhəmiyyətli avtomobil yollarında qarlı-çovğunlu günlərdə belə hərəkətin intensivliyi tam təmin olunub.

Vurğulanıb ki, ötən dövrlərdə ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan, yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsində yaxından iştirak edən muxtar respublikanın avtomobil yolları işçilərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, onlardan 16-sı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Tərəqqi” medalı, 17 nəfəri Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq sərəncamları ilə “Rəşadətli əməyə görə” nişanı, 47-si Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Fəxri Fərmanları, 4-ü “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, 128-i isə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin Fəxri Fərmanları ilə təltif ediliblər.

Sonda bir qrup əməkdaşa Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin Fəxri Fərmanları təqdim edilib.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 22.02.2024 14:08