AZ EN RU

Avtomobil nəqliyyatında beynəlxalq daşımalarla bağlı yeni qaydalar müəyyənləşir

“Avtomobil nəqliyyatı haqqında” Qanuna edilən dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları, o cümlədən tranzit daşımalarla bağlı yeni qaydalar tətbiq olunacaq. Yeni qaydalara görə, operatorun məsul şəxsi və ya onun sürücüsünün 7 il müddətində etibarlı sənədi olmalıdır.

Bununla bağlı məsələ Milli Məclisin iyunun 16-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq operator tərəfindən yerinə yetirilir.

Operator işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücüləri isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir.

Operatorun məsul şəxsləri, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidir. Hazırlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təşkil edilir və həyata keçirilir. Tədrisin nəticələrinə dair operatorla və ya sürücülərlə (məsul şəxslərlə) bağlanmış müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılmış qiymətləndirməyə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə 7 (yeddi) il müddətində etibarlı olan, forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş sənəd verilir. Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Operatorun işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlar, sürücülərin hazırlıq səviyyəsinə dair tələblər, habelə operatorların uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış qaydaları ilə müəyyən edilir.

İcazə sistemi tətbiq edən xarici dövlətlərə yerinə yetirilən beynəlxalq daşımalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mübadilə edilən (əldə edilən) və verilən “İcazə” blankları (jurnalları) əsasında yerinə yetirilir. “İcazə” blankları (jurnallar) növbəlilik, bazar payı və ya malik olduğu nəqliyyat vasitələrinin sayı nəzərə alınmaqla operatorlar arasında bölüşdürülür. “İcazə” blankının (jurnalının) üzərində onun verildiyi operatorun adı və onu fərdiləşdirməyə imkan verən digər məlumatlar qeyd edilir. “İcazə” blanklarının (jurnalların) verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqq ödənilir.

“İcazə” blankları (jurnalları) Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli beynəlxalq müqavilələrə və beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə uyğun olaraq kvotalar üzrə mübadilə edilir və ya çoxtərəfli sazişlərə uyğun olaraq əldə edilir.

“İcazə” blanklarının (jurnallarının) doldurulması zamanı məlumatların təhrif olunması, pozulması və yenidən yazılması , habelə “İcazə” blankının (jurnalının) başqa şəxslərə ötürülməsi qadağandır.

Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinin Azərbaycan Respublikasının ərazisində yerinə yetirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə təmin edir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Nəşr edilib : 16.06.2023 14:25