AZ EN RU

Avropada ən çox arzuolunan lider – İLHAM ƏLİYEV

Yeni reallıqlar fonunda Azərbaycan regiona davamlı inkişaf bəxş edir!

Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dünya artıq Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. Son 20 ildə cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan xarici əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Digər tərəfdən, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər.

Azərbaycanın mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kurs respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətinə çevrilib. Ona görə bir sıra dövlətlər, o cümlədən Avropa İttifaqının üzvləri Cənubi Qafqazın lideri olan Azərbaycanla strateji tərəfdaş olduqlarını elan ediblər.

Son vaxtlar Ölkə Prezidenti cənab İlham Əliyevin Avropa liderlərinin dəvəti ilə ən mötəbər tədbirlərə dəvət alması, yüksək tribunalardan çıxışı, ən yüksək səviyyədə qarşılanması ölkəmizin artan nüfuzunun bariz nümunəsidir. İstər Davos İqtisadi Forumu istər Macarıstana olan səfər istərsə də Münhen Təhlükəsizlik Konfransında iştirak bir daha sübut etdi ki, Avropa ölkələri Azərbaycanla əməkdaşlığa yüksək önəm verir, Prezident İlham Əliyevi Avropa üçün ən önəmli  LİDER hesab edirlər.

Azərbaycanın rolunu bütün dünyaya bəyan edən DAVOS Forumu

Bu tarixi reallıqdır ki, Davos İqtisadi Forumu ildən-ilə Azərbaycana olan inam daha da artır. Bizim haqq sözümüz daha rahat qəbul edilir. Bu Forum ərzində bir çox ənənəvi sazişlərə imza atılır, böyük layihələrin yol xəritəsi, təməli qoyulur. Bununla da ənənəvi Formada nüfuzlu xarici şirkətlərin ölkəmizə yatırdıqları investisiyaların sayı artır. Bu isə ölkəmizə olan inamın artması, siyasi və iqtisadi qüdrətimizin güclənməsi üçün çox vacibdir. İqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, on milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır.

Builki Forumda da dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak etdi. Dünya İqtisadi Forumu “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda keçirilən Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırış,  müdafiə tədbirlərini proaktiv, uzaqgörən siyasətlərə və biznes strategiyalarına çevirmək yollarının tapılması diqqət mərkəzində oldu.         

Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident cənab İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir. Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı və tədbir çərçivəsində keçirdiyi görüşlər xüsusi önəm kəsb edir. Dövlətimizin başçısının Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platforma olan Davos Forumu çərçivəsində bir sıra ölkələrin, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşləri qarşılıqlı faydalı əməkdaşlıq baxımından çox əhəmiyyətli hadisədir. Dövlətimizin başçısı hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırır. Bu dəfə isə işğaldan azad olunan ərazilərimizdə postmüharibə dövründə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm rolu diqqət mərkəzində saxlanıldı.

Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu zamanı ən nüfuzlu liderlər, aparıcı şirkətlərin rəhbərləri ilə görüşüb, dünyanın aparıcı informasiya vasitələrinə müsahibələr verdi. Belə ki, ölkəmizin başçısının “Signify”, “Kromatix SA”, “The Goldman Sachs Group Inc.”, “CISCO”, “Damen Shipyards Group”, “Carlsberg Group” və digər şirkətlərin rəhbərləri ilə görüşləri bu baxımdan xüsusi önəmə malikdir. Bu şirkətlərin əksəriyyəti uzun illərdir ki, Azərbaycana investisiyalar qoyur, ölkəmizdə fəaliyyət göstərərək iqtisadi inkişafa töhfə verir. Bu şirkətlərin iqtisadi gücü hətta bir neçə ölkənin ümumi daxili məhsulundan artıqdır. Ona görə də bu Forum həm bizim üçün, həm də digər dövlətlər üçün yaranmış problemlərdən çıxış yollarının tapılması, bu yolda birlikdə addımların atılması baxımından önəmlidir.

Davos səfəri zamanı Prezident İlham Əliyev Çinin CGTN televiziya kanalına müsahibə də verdi. Dövlətimizin başçısı müsahibəsində Azərbaycanın Çin tərəfindən həyata keçirilən “Bir kəmər, bir yol” layihəsinə ilk gündən müsbət yanaşdığını vurğuladı. Ölkə başçısı qeyd etdi ki, 30 il ərzində davam edən siyasi münasibətlər artıq Çin və Azərbaycanın yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Bu gün Azərbaycan və Çin arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri durmadan artır. Əlaqələrimizin gözəl perspektivləri mövcuddur. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərirlər.

Azərbaycanın tranzit ölkə kimi imkanları Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır.
Bu gün Beynəlxalq investorlar Azərbaycana daha çox sərmayə yatırmağa can atır. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində mümkün olub. Dövlət başçımızın Davosda keçirdiyi görüşlər Azərbaycan iqtisadiyyatının gələcək inkişafı, şaxələndirilməsi üçün mühüm rol oynayır. Azərbaycan uzun illərdir ki, bu platformadan məharətlə istifadə edərək çox böyük iqtisadi dividentlər əldə edir, öz imkanlarını dünyaya tanıdır. Son təmaslar xarici ticari əlaqələrimizi genişləndirəcək, ölkəmizə yeni investisiyalar gətirəcəkdir.

İlham Əliyevin Davosda apardığı müzakirələr gələcəkdə Azərbaycanın bir sıra dövlətlərlə əməkdaşlığına, eyni zamanda ölkəmizə yeni investisiyaların cəlbinə mühüm töhfə verəcək. Davos Forumu bir daha nümayiş etdirdi ki, böyük dövlətlərin liderləri Azərbaycanı özlərinə dost və tərəfdaş ölkə hesab edirlər və əməkdaşlıq məsələlərində ölkəmizin adının ilk sıralarda olmasını arzulayırlar.

Azərbaycan-Macarıstan arasında keyfiyyətcə yeni mərhələ: diplomatik əməkdaşlıqdan strateji münasibətlərə

Bu bir həqiqətdir ki, ölkə rəhbəri cənab İlham Əliyev hər zaman yürütdüyü siyasətdə Azərbaycanın dövlət maraqlarını üstün tutub və milli mənafelərimizin müdafiəsini başlıca vəzifələrindən biri hesab edib. Ölkəmizin sabit və balanslı siyasəti Avropa ölkələri üçün etibarlı tərəfdaşa çevrilib. Bunu da dövlətimizin beynəlxalq siyasətinin daha bir uğuru hesab etmək olar. Əlbəttə, bu uğurun memarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Onun Avropada enerji təhlükəsizliyinin və iqtisadi sabitliyinin təmin olunmasında oynadığı rol qitə ölkələrinin diqqətindədir. Ona görə Azərbaycan Prezidentin Avropa İttifaqına daxil olan ölkələrə səfəri zamanı onun şəxsiyyətinin, siyasətinin yüksək qiymətləndirilməsinin dəfələrlə şahidi olmuşuq. Bu gün regionun lider dövləti olan Azərbaycan nəinki regional layihələrin iştirakçısı kimi tanınır, ölkəmiz həm də beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı rolunda çıxış edir. Ölkəmiz dünya dövlətləri ilə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir. Belə ölkələrdən biri də Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biri olan Macarıstandır. Ötən ay yanvarın 29-da Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri də deyilənlərin əyani göstəricisidir. Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir. Bu səfər göstərdi ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir və bu səfər ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək və əlaqələrimizdə uğurlu səhifələr açacaq. Bu səfər xarici siyasətimizin uğurlarından biridir. Macarıstan Avropa İttifaqının və NATO-nun üzvü kimi qitədə özünəməxsus yer tutur. Macarıstanla bizi etnik köklər birləşdirir. Tarixən Azərbaycan-Macarıstan əlaqələri mövcud olub. Bu baxımdan Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan-Macarıstan əlaqələri diplomatik əməkdaşlıqdan strateji münasibətlərə qədər böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan və Macarıstan bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika, təhsil, nəqliyyat, kənd təsərrüfatı sferalarında geniş formada əməkdaşlıq edərək iki ölkə arasında qarşılıqlı münasibətlərin dərinləşməsinə təkan verməkdədir. Budapeştdə Azərbaycan-Macarıstan arasında strateji tərəfdaşlıq haqqında imzalanmış Bəyannamə, eləcə də təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu, kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu, ticarət sahəsində əməkdaşlıq haqqında Protokol, miqrasiya və kənd təssərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumları iki ölkə arasında münasibətlərin inkişafında yeni bir mərhələnin başlamasını və mövcud əlaqələrin daha da inkişaf edəcəyini sübut edir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri yüksək dəyərləndirildi. Azərbaycan kimi dost və tərəfdaş ölkə ilə əməkdaşlıqdan məmnunluq ifadə olundu. Macarıstan Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında “Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”, - deməsi deyilənlərin təsdiqidir. Və bu səfər bir daha göstərir ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Bu səfər çərçivəsində imzalanmış sənədlər, xüsusilə də “Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə” ilə Azərbaycanla Macarıstanın strateji tərəfdaşlıq münasibətləri daha da genişləndi və demək olar bütün sahələri əhatə etməyə hüquqi zəmin yaratdı.                                                                                          Hər iki dövlətin liderlərinin həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, həm Macarıstanın Baş Naziri Viktor Orbanın mətbuat üçün bəyanatlarında da qeyd olunduğu kimi bizim enerji sahəsində əlaqələrimiz çox sürətlə inkişaf edir. Bu gün Azərbaycan Avropanın enerji ilə təminatında çox mühüm rol oynayır. Rusiya-Ukrayna müharibəsi bu rolu daha da gücləndirmiş oldu. Azərbaycana Avropa İttifaqında yeni alternativ enerj mənbəyi kimi baxırlar. Azərbaycan Avropa İttifaqının hər bir dövləti üçün arzu olunan dövlətdir. Cənab Prezidentin vurğuladığı kimi, bizi Macarıstanla təkcə enerji sahəsində əməkdaşlıq birləşdirmir, digər sahələrdə əməkdaşlığımız mövcuddur və əməkdaşlığın yaxşı potensialı var. Bu gün hər iki dövlətin münasibətləri təkcə ikitərəfli formatla məhdudlaşmır. Beynəlxalq səviyyədə də biz bir-birimizin mövqeyini müdafiə edirik. Prezident İlham Əliyevin Macarıstanın baş naziri Viktor Orbanla görüşünün yekunlarına dair mətbuata açıqlamasında da dediyi kimi: "yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək".

Eyni zamanda Macarıstanın öz tarixi köklərinə qayıdaraq, türk ölkələri ilə əlaqələrin qurulmasında maraqlı olması, gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv olmağı planlaşdırması bu münasibətlərin gələcəkdə daha da yüksələcəyini göstərir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Macarıstan səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycana Avropa qitəsində böyük etimad var. Azərbaycan Prezidenti İlham Əliyevi həm mahir diplomat, həm də nəhəng dövlət xadimi kimi qiymətləndirirlər. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır.               Qaçılmaz reallıqdır ki, dövlət başçımızın son xarici səfərləri Azərbaycanın hərtərəfli inkişafına daha böyük təsir göstərməklə yanaşı, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, nüfuzunun davamlı  olaraq  artmasını  göstərir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur və ölkəmizlə sıx əməkdaşlıq etmək niyyətində olan tərəfdaşların sayı artır. Bütün bunlar  isə, beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ümumilikdə, Azərbaycanın beynəlxalq müstəvidə artan rolunun və yüksək nüfuzunun bariz ifadəsidir.

Münhen Təhlükəsizlik Konfransı bir daha göstərdi ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır

Bu günlərdə Münhendə “Dialoq vasitəsilə sülh” şüarı altında yenidən toplanan Təhlükəsizlik Konfransının bu dəfəki, missiyası da dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər və sair  arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə vermək idi.

Münhen Təhlükəsizlik Konfransının yeni sədri səfir Kristof Hoysqenin rəhbərliyi ilə təşkil edilən bu sessiya  indiyədək keçirilmiş sessiyalarla müqayisədə iştirakçı sayına görə ən irimiqyaslı olması ilə səciyyələndi. Konfransda Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edirdi. Bu konfransa ölkəmizin başçısının ali qonaq kimi dəvət olunması dövlətimizin yüksək nüfuzunun və mövqeyinin göstəricisi, Azərbaycanın dünyada sülh tərəfdarı olduğunun bir daha təsdiqi və sübutudur. O da xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyev builki Münhen Təhlükəsizlik Konfransına dəvət olunan və diqqət mərkəzində olan çox az sayda dövlət başçılarından biridir. Münhen Təhlükəsizlik Konfransının təşkilatçıları hesab edirlər ki, İlham Əliyev kimi uğurlu Liderin fikir və yanaşmaları beynəlxalq birlik üçün olduqca əhəmiyyətlidir. Bunun nəticəsidir ki, beynəlxalq birlik Prezident İlham Əliyevi strateji baxışlara malik mahir diplomat kimi qəbul edir.

Ölkə rəhbəri İlham Əliyevin konfransın əsas proqramı çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü, “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda iştirakı, ABŞ-ın Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü, eləcə də səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirələr dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin nəticəsi kimi qəbul olunmaqla yanaşı Azərbaycanın Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu bir daha bəyan etdi.

Sonuncu panel müzakirəsində Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakdan imtina etməsi görünür Paşinyanın 2020-ci ildə Münhendə onun üçün utancverici məğlubiyyəti və biyabırçılığı yenidən yaşamamaq istəyindən irəli gəlib. Xatırladaq ki, həmin debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi, Ermənilərin əsassız iddialarını beynəlxalq müstəvidə alt-üst etdi. Bu toplantıdan cəmi bir neçə ay sonra isə 44 günlük Vətən savaşında  Azərbaycanın şanlı qələbə çalması Paşinyana və dünya erməniçiliyinə  verilən tarixi dərs oldu.

Bir sözlə Ali Baş Komandanın 59-cu Münhen Təhlükəsizlik Konfransında ortaya qoyduğu mövqe, siyasi iradə, dövlətimizin dünya miqyasında bir çox istiqamətdə növbəti beynəlxalq qələbəsi  kimi yazıldı.

Azərbaycan: qlobal problemlərin həllinə təsir edə bilən ölkə

Göründüyü kimi, Avropa ölkələrinin liderləri cənab İlham Əliyevi dünyanın aparıcı siyasətçiləri sırasında öz sözü, qətiyyətli mövqeyi olan dövlət başçısı və vədinə sadiq  etibarlı tərəfdaş kimi qəbul edirlər. Bu da bir daha onu deməyə əsas ölkə rəhbəri cənab İlham Əliyev qlobal təşəbbüsləri ilə Avrasiyanın enerji siyasətinə mühüm töhfələr verir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən aparıcı ölkələri ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması əsas prioritetlərdəndir. Yürüdülən bu müstəqil siyasət Azərbaycanın geosiyasi və geoiqtisadi çəkisini getdikcə yüksəldir.

Beləliklə, bu gün cənab Prezident İlham Əliyevin hərtərəfli siyasəti sayəsində Azərbaycan təkcə regional iştirakçı deyil, həm də qlobal problemlərin həllinə təsir edə bilən bir ölkədir. Azərbaycan Liderinin artmaqda olan nüfuzu ölkənin siyasi gücünü artırmaqla yanaşı ölkəmizi bir çox sahələrdə Avropa qitəsi üçün vacib, əvəzolunmaz və etibarlı tərəfdaşa çevririb.

Arzu ABDULLAYEV

NDU “Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi, 

tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 27.02.2023 18:52