AZ EN RU

Avropada Azərbaycana qarşı əsassız təzyiqlər sifarişlə edilir – politoloq

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Azərbaycana əleyhinə səsləndirdiyi əsassız iddialar ondan xəbər verir ki, hazırda Qərbdə ölkəmizlə bağlı açıq şəkildə sifariş yerinə yetirilir. Bu, Avropanın müxtəlif ölkələrində Cənubi Qafqaz proseslərində Ermənistanı dəstəkləyən bir qrupun sifarişidir. Həm sorosçular, həm də Qərbdəki müəyyən dairələr Avropa İttifaqı, AŞPA, Avropa Parlamenti, həmçinin ABŞ-dakı bəzi qruplar Fransa, Almaniya kimi ölkələri önə verərək Azərbaycana qarşı ciddi şəkildə fəaliyyətə təşviq edirlər. Onlar bu məsələlərə Rusiya və İran prizmasından da baxırlar. Amma xatırlatmaq yerinə düşər ki, 30 il ərzində Rusiya və İranın ən böyük dostu elə Ermənistan idi. Bu gün Nikol Paşinyan özünü Rusiyadan uzaq siyasət xətti yürüdən şəxs kimi qələmə versə də, əslində, vəziyyət mövcud reallığı əks etdirmir. Ona görə də Azərbaycanın hansısa ölkələrlə əlaqələrini əsas gətirərək, müxtəlif adlarla ölkəmizə qarşı təzyiq göstərən dairələrin bəhanələrinin və ittihamlarının heç bir əsası yoxdur.

“Şərq qapısı” xəbər verir ki, bunları Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq – Zaur Məmmədov AZƏRTAC-a açıqlamasında söyləyib.

“Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında vasitəçi olsa da, Fransanın qərəzli yanaşması səbəbindən Aİ-nin vasitəçiliyi faydasız hala gəldi, tərəflər arasında sülhyaratma prosesinə ciddi zərbə vuruldu.

Bundan əlavə, Laçına getməklə bağlı Avropa Şurası Parlament Assambleyasının əsassız iddialarını da xatırlayırıq ki, son yanaşmalar da Azərbaycana qarşı uzunmüddətli qərəzin davamıdır. Əgər AŞPA neytral münasibət sərgiləyirsə və obyektivdirsə, Azərbaycan ərazilərini minaladığı üçün nəyə görə indiyədək Ermənistana heç bir təzyiq göstərməyib?! Bu məsələ, əslində, daha böyük problemdir. Çünki müharibə başa çatandan sonra belə azərbaycanlı dinc sakinlər minaların qurbanı olublar. 2020-ci ildən bəri mina qurbanlarının sayı 340 nəfəri ötüb. Həmçinin AŞPA Ermənistandan didərgin salınmış azərbaycanlıların taleyi barədə də heç nə soruşmur, bu məsələdə susqunluq nümayiş etdirir. Bu da Qərb təsisatlarının əsl məqsədinin başqa olduğunu göstərir. Əgər AŞPA Azərbaycanla Ermənistan arasında sülh müaviləsinin imzalanamasını istəsəydi, öz təkliflərini verib səmimi davranış sərgiləyərdi”.

Azərbaycana qarşı təzyiqlərin digər səbəblərindən birinin Zəngəzur dəhlizi ilə bağlı olduğunu qeyd edən Z.Məmmədov deyib: “Qlobal güclər ticarət yollarına nəzarət etmək uğrunda mübarizə aparırlar. Buna görə də həmin güclər düşünürlər ki, Azərbaycanın qərb rayonlarının Naxçıvanla birləşməsi reallaşarsa, bu, guya onların maraqlarına təhdid yaradaraq elə məhz onların Cənubi Qafqazdan, Avrasiyadan məhrum olmalarına səbəb olacaq. Amma rəsmi Bakının belə bir niyyəti yoxdur. Yaxın həftələrdə Azərbaycan-Avropa əlaqələrinin gərginləşməsi ehtimalı olsa da, ümumilikdə onlar başa düşəcəklər ki, tərəflər arasındakı münasibətləri korlamaq zərərlərinə ola bilər”.      

Nəşr edilib : 23.01.2024 16:58