AZ EN RU

Avqust ayında 1129 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb

    Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə dövlət nəzarəti avqust ayı ərzində də diqqətdə saxlanılıb, fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər uğurla davam etdirilib.
    Avqust ayı ərzində 1129 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 854 texniki sənəd hazırlanıb. Muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 138 daşınmaz əmlak obyektinə ünvan verilib. Həmçinin 206 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, məhdudiyyət və yüklülüyə dair 263 arayış verilib.
    Ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin keçirilməsinə nail olunması və torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində maarifləndirici tədbir keçirilib. 
    Hesabat dövründə hüquqi və fiziki şəxslər tərəfindən Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə daxil olan 110 müraciət qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib. “ASAN xidmət” mərkəzində müəyyən edilmiş xidmət növləri üzrə 1046 müraciətə baxılıb. Avqust ayı ərzində kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 620 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. Həmçinin muxtar respublikanın bir sıra yaşayış məntəqələrində vətəndaşlara səyyar xidmətlər göstərilib.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət 
Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 18.09.2023 18:51