AZ EN RU

“Auditoriyadan redaksiyaya aparan yol” adlı görüş olub

“Şərq qapısı” qəzetində Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş Jurnalistika ixtisasının IV kurs tələbələrinin istehsalat təcrübəsinin yekununa həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan açaraq bildirib ki, diyarımızda jurnalistikaya olan dövlət qayğısı və media siyasəti paralel şəkildə aparılır. Bunun da bir istiqamətini də gənc jurnalist kadr potensialının formalaşdırılması təşkil edir. Naxçıvan Dövlət Universitetində 20 ildən artıqdır ki, fəaliyyət göstərən Jurnalistika ixtisası bu sahədə mühüm rol oynayır. Bu ixtisasın məzunları bu gün jurnalistika sahəsinin ən aparıcı mövqelərində fəaliyyət göstərirlər, müxtəlif vəzifələrdə çalışırlar.

Qeyd olunub ki, universitetdə Media Mərkəzinin fəaliyyəti ölkənin ali təhsil tarixində  analoqu olmayan hadisədir ki, burada ixtisas tələbələri üçün  hərtərəfli fundamental, praktik baza formalaşıb. Burada Media Mərkəzi adı altında radiojurnalistikanı öyrənmək baxımından “Nuhçıxan” radiosu, mətbəə-nəşriyyat işini öyrənmək üçün “Qeyrət”  mətbəəsi, televiziya jurnalistikasını öyrənmək baxımından Universitet televiziyası, qəzetçilik üslubunu öyrənmək baxımından “Yeni fikir” qəzeti, universitetin mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi jurnalist kadrların formalaşmasına ən böyük diqqətdir. Hazırda universitet televiziyası muxtar respublika üzrə yayımlanır. Bu özü həm böyük məsuliyyət, həm böyük etimad, həm də böyük təşəbbüs deməkdir ki, bütün bunlar gənc jurnalist tələbələrin çiyinləri üzərində formalaşır, inkişaf edir. Həmin jurnalist kadrlar orada yetişib, gəlib bizimlə bir sırada uğurla fəaliyyət göstərirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair Sərəncamlarından irəli gələn vəzifələrin icrası istiqamətində görülən işlərdən danışan Mehriban Sultan bildirib ki, hazırda muxtar respublikanın digər KİV-ləri kimi “Şərq qapısı” qəzeti də Jurnalistika ixtisasının tələbələrinə hamilik edir. Mütəmadi olaraq tələbələrlə görüşlər, yaradıcılıq müzakirələri keçirilir, onların məqalələri “Estafet” rubrikası altında qəzetdə dərc olunur. Növbəti istehsalat təcrübəsinin də tələbələrimiz üçün faydalı olacağına əminliyini bildirən qəzetin baş redaktoru Mehtiban Sultan mətbuatın inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekanı, dosent Arif Ağalarov çıxışında muxtar respublikada tələbələr üçün yaradılan şəraitdən danışıb, Jurnalistika ixtisasında təhsil alan tələbələrin təcrübələrə həvəslə cəlb olunmasını yüksək qiymətləndirib.

Qeyd olunub ki, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına, ali təhsilli jurnalist kadrların hazırlanmasına dövlət qayğısının ifadəsi olaraq 2001-ci ildən universitetdə Jurnalistika ixtisası fəaliyyətə başlayıb, 2002-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrası yaradılıb, 2005-ci ildən etibarən Mətbuat tarixi və Radiotelejurnalistika ixtisasları üzrə magistr hazırlığına başlanıb. Bu gün məzunlarımız ölkəmizdə, eləcə də muxtar respublikamızda müxtəlif kütləvi informasiya vasitələrində çalışırlar. Bildirib ki, ixtisaslı kadrların yetişməsində nəzəri biliklərin vacibliyi ilə yanaşı aparılan təcrübələr, əsas diqqət mərkəzində olan məsələlərdəndir.  müvafiq sərəncamdan irəli gələn vəzifələrin icrası, hami təşkilatların əməkdaşlarının Jurnalistika ixtisasının tələbələri ilə mütəmadi görüşlərinin keçirilməsi muxtar respublikada peşəkar jurnalistlərin yetişməsinə şərait yaradır.

Görüşdə Naxçıvan Dövlət Universitetinin dosenti, IV kurs Jurnalistika ixtisası tələbələrinin təcrübə rəhbəri İman Cəfərovun “Qəzet jurnalistikasının öyrənilməsi üçün fundamental təcrübi baza”, Qəzetin əməkdaşları Nail Əsgərovun “Ənənəvi mətbuat kimi informasiya rəqabətində üstünlüyü necə qoruyub saxlamalı”, Güntac Şahməmmədlinin “Şərq qapısı” qəzeti timsalında ictimai-siyasi mətbuat orqanlarında istifadə olunan publisitik janrlar” adlı çıxışları dinlənilib.

Sonda Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi Səma Tağıyeva istehsalat təcrübəsinin əhəmiyyətindən danışıb, belə tədbirlərin tələbələrin praktiki biliklər əldə etməsində böyük əhəmiyyəti daşıdığını vurğulayaraq redaksiya kollektivinə təcrübə müddətində göstərdiyi yaradıcılıq dəstəyinə görə minnətdarlıq edib.

                                Gülcamal TAHİROVA

Nəşr edilib : 28.04.2022 17:01