AZ EN RU

Atletlərimiz ölkə çempionatını uğurla tamamlayıb

    Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı başa çatıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayıb.
    Əməkdar məşqçi Şəfi Hüseynovun rəhbərliyi ilə Naxçıvan Atletika Federasiyasının 2 idmançısı medallar uğrunda mübarizə aparıb. Yeniyetmə olmalarına rəğmən körpücük üzərinə çıxan hər iki təmsilçimiz ümidləri doğruldub. 
    Həsən Babayev 96 kiloqram çəki dərəcəsində öz bacarığını nümayiş etdirib. Birdən 111 kiloqram, təkanla qaldırmada isə 143 kiloqramlıq çəkini ram edərək toplamda 254 kiloqram nəticəyə nail olan idmançı yekun sıralamada üçüncü yerə çıxıb. Bununla da 15 yaşlı idmançımız böyüklərlə mübarizədə bürünc medal qazanmağa müvəffəq olub. Həsən Babayev bu göstərici ilə son ölkə kubokundakı nəticəsini 12 kiloqram fərqlə geridə qoyub. 
    Gənc atletimiz Gülcahan Əliyeva qadınların yarışında 55 kiloqram çəki dərəcəsi üzrə gümüş medal qazanıb. İdmançı birdən 58 kiloqram, təkanla qaldırmada isə 77 kiloqramlıq çəkini ram edərək toplamda 135 kiloqram nəticəyə nail olub. Bu, öncəki yarışla müqayisədə toplam nəticənin 12 kiloqram artması deməkdir.
    Yarışda ilk üç yeri tutan atletlər diplom və medal­larla mükafatlandırılıblar.   

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.05.2023 22:39