AZ EN RU

Atletlərimiz Azərbaycan kubokunun mükafatçıları sırasında

    Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə ölkə kuboku keçirilib. Yarışda 100-dən çox atlet öz qüvvəsini sınayıb. Azərbaycan Respublikasının Əməkdar məşqçisi Şəfi Hüseynovun rəhbərliyi ilə Naxçıvan Atletika Federasiyasının 2 idmançısı medallar uğrunda mübarizə aparıb. Körpücük üzərinə çıxan hər iki təmsilçimiz ümidləri doğruldub. 
    Həsən Babayev 96 kiloqram çəki dərəcəsində öz bacarığını nümayiş etdirib. Birdən 109 kiloqram, təkanla qaldırmada isə 133 kiloqramlıq çəkini ram edərək toplamda 242 kiloqram nəticəyə nail olan idmançı ikinci yerə sahib çıxıb. Bununla da 15 yaşlı idmançımız böyüklərlə mübarizə aparmasına baxmayaraq, gümüş medal qazanmağa müvəffəq olub. Həsən Babayev bu göstərici ilə yeniyetmələrin son ölkə çempionatındakı nəticəsini (toplamda 216 kiloqram) geridə qoyub. 
    Digər təmsilçimiz Gülcahan Əliyeva qadınların yarışında 55 kiloqram çəki dərəcəsi üzrə bürünc medal qazanıb. İdmançı birdən 53 kiloqram, təkanla qaldırmada isə 70 kiloqramlıq çəkini ram edərək toplamda 123 kiloqram nəticəyə nail olub. Bu, öncəki yarışla müqayisədə toplam nəticənin 18 kiloqram artması deməkdir. 
    Yarışda ilk üç yeri tutan atletlər diplom və medallarla mükafatlandırılıblar.

Xəbərlər şöbəsi

Nəşr edilib : 26.12.2022 22:12