AZ EN RU

Atletika Federasiyasının idmançıları mükafatlandırılıb - FOTO

    Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının məşqçi və idmançıları ölkə və beynəlxalq turnirlərdə qazandıqları uğura görə mükafatlandırılıblar.
     Keçirilən tədbirdə məşqçi və idmançıları təbrik edən Atletika Federasiyasının sədri Rəhman Məmmədov muxtar respublikada idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, hazırda federasiyanın atletika, ağır atletika və bədii gimnastika bölmələrində 2 minə yaxın gənc idmanla məşğul olur. Aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2022-ci ilin ötən dövründə də federasiyanın idmançıları iştirak etdikləri ölkədaxili və beynəlxalq turnirlərdə 21-i qızıl, 4-ü gümüş, 5-i isə bürünc olmaqla,  30 medal qazanıb. 
   Rəhman Məmmədov bildirib ki, cari il bədii gimnastika bölməsi üçün uğurlu olub. Belə ki, aprel ayında Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ilk dəfə olaraq muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin Gimnastika dərnəyi üzvlərinin bədii gimnastika üzrə nümunəvi çıxışları olub. Bu müddət ərzində bölmənin rəhbəri Humay Qafarova Azərbaycan milli komandasının heyətində İsveçrənin Nevşatel şəhərində keçirilən Gimnastika hamı üçün idman növü üzrə “European Gym For Life Challange” və “EUROGYM 2022” festivallarında iştirak edib və ikinci olub. Sentyabr ayında Azərbaycan Gimnastika Federasiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş festival keçirilib ki, burada ölkənin 23 komandasının tərkibində 200-dək idmançı mübarizə aparıb. Bir məşqçi və 7 idmançı ilə təmsil olunan komandamız ümumi nəticəyə əsasən ölkə birincisi olub. Həmçinin Humay Qafarova Gimnastika hamı üçün növü üzrə keçirilən Tbilisi Gimnastradasında ölkəmizi təmsil edən “Ay işığı” komandasının tərkibində çıxış edərək komanda hesabında  birinci yeri qazanıb. 
    Qeyd olunub ki, idmançılar  yaradılan səmərəli şəraitdən istifadə edərək uğurlu nəticələr əldə edirlər. Bölmənin növbəti uğuru isə  idmançımız Əmrah Nağıyevin Gürcüstanın Tbilisi şəhərində keçirilən Beynəlxalq “Tbilisi Marafonu”nda 10 kilometr məsafəyə qaçışda  ümumi olaraq 10-cu, öz yaş kateqoriyasında  isə 3-cü yerə layiq görülməsidir. Əldə edilən bu uğurlu nəticələrə görə federasiyanın sədri  idmançıları təbrik edib, onlara uğurlar arzulayıb. 
    Sonra Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov qazanılan uğurlar barədə məlumat verib.
    Tədbirdə federasiyanın idmançıları Humay Qafarova və  Əmrah Nağıyev göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.
    Tədbirin sonunda məşqçi və idmançılar mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 28.09.2022 19:36