AZ EN RU

Atamla fəxr edirəm!

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Gənc istedadlar” müsabiqəsinə Vətən müharibəsi iştirakçısı atası haqqında maraqlı yazı işi təqdim edən Naxçıvan Qarnizonu tam orta məktəbinin VI sinif şagirdi Fərhadlı Furqan Səid oğlu müsabiqənin nəticələrinə əsasən nəsr əsərləri üzrə I yerin qalibi seçilib. Günümüzün gerçəkliklərini əks etdirən, sadə uşaq səmimiyyəti və şirin təhkiyyə dili ilə yazılan həmin esseni biz də oxucularımıza təqdim etmək qərarına gəldik.
    2020-ci il sentyabrın 27-si xalqımızın tarixində yeni səhifələrin başlanğıcı oldu. Həmin gün illərdir, erməni tapdağında inləyən Vətən torpağı azadlığın astanasına gəlmişdi. Mən və dostlarım qəribə bir sevinc hiss edirdik, bəlkə də, uşaq olduğumuz üçün “müharibə” kəlməsinin fərqinə varmırdıq. Müharibə filmlərdə gördüyümüz səhnələr idi. Hamımız hərbçi övladı idik, hamımız istəyirdik ki, atamız döyüşə getsin və qəhrəman olsun. Günlər keçir, müharibə alovlanır, ordumuz erməniləri əzərək ard-arda torpaqlarımızı azad edirdi. Cəbhədən həm sevinc, həm də kədər dolu xəbərlər gəlirdi. Şəhid xəbərləri hamını dərindən sarsıdırdı. Atam yorğun və fikirli, anam isə daim gözüyaşlı idi. 
    Biz daha əvvəlki kimi sevincli deyildik. “Müharibə” sözünün mənasını anlamağa başlayırdıq. Atam xüsusi təyinatlı hərbçi idi, yoldaşları ilə birgə döyüşə getmək üçün əmr gözləyirdi. Nəhayət, həmin gün gəldi. Atamla birgə həm qonşumuz, həm də yaxın ailə dostumuz Anar əmi də döyüşə getməyə hazırlaşırdı. Atam bu xəbəri bizə deyəndə hiss etdiklərimi sözlə ifadə edə bilmirəm. Atamgilin hazırlığı bir neçə gün çəkdi... 
    Məktəbdə idim, zəng vuruldu. Müəllim yenicə dərsə başlamışdı ki, qapı döyüldü. Atamın məni məktəb həyətində gözlədiyini söylədilər. Cəld sinif otağını tərk edib, məktəbin həyətinə doğru qaçdım. Atam mənimlə vidalaşmağa gəlmişdi. Ona elə sarıldım ki... Buraxmaq istəmirdim atamı, onu müharibə adlı vəhşinin əlinə verməyə qorxurdum. Atam isə hey qulağıma pıçıldayırdı: “Canavarım, ağlama, evin kişisi artıq sənsən, bacın və anan sənə əmanətdir, güclü ol, sənə inanıram.” Hönkürmək istəyirdim, amma atam pis olmasın, –  deyə dözürdüm. Çiynində ağır döyüş çantası gedən atamın arxasınca baxa bilmədim, uşaq olsam da, başa düşürdüm ki, bu gedişin dönüşü olmaya bilər. Sinfə necə girdiyimi xatırlamıram. Müəllim halımın pis olduğunu görüb nə baş verdiyini soruşdu. Artıq özümü saxlaya bilmədim, qəhərdən boğulurdum, hönkürtü ilə ağladım. Hamı başıma yığışıb, mənə təsəlli verir, “darıxma, qayıdacaq” deyirdi... 
    Günlər çox ağır keçirdi. İçim-içimi yeyirdi, ağlıma qorxunc fikirlər gəlirdi, amma anam və bacım üçün özümü şən göstərirdim.11 yaşım olmasına baxmayaraq, mən hər şeyi dərk edirdim. Anamın qəmli baxışları, tez-tez ah çəkməsi gözümdən qaçmırdı.
    Müharibə isə lap şiddətlənmişdi. Atam ara-sıra bizimlə danışır, hər şeyin əla olduğunu deyirdi. Onun ruh yüksəkliyi bizi daha da sevindirirdi. Ətrafımdakı hər kəs mənə dayaq olur, “hər şey yaxşı olacaq” deyirdi. Məktəbdə müəllimlər başımı sığallayır, tez-tez atamı soruşurdular. 
    Torpaqlarımız bir-bir alınır, Ali Baş Komandanımız televizorda elan verəndə sevincdən əl çalır, “Ura!”, – deyə qışqırırdıq. Amma dərhal da torpaqlar üçün can verən əsgərlərimizi düşünüb kədərlənirdik. Hər gün şəhid xəbərləri, Naxçıvana gələn şəhid karvanı...
    İki gün idi ki, atamdan xəbər tuta bilmədiyimizdən çox narahat olmuşduq. Məktəbdə hamının mənə şübhəli baxdığını hiss etdim, sən demə, atam yaralanıbmış. Bizə demək istəmirdilər. Evdə anamla hər an zəng gözləyirdik, zəng gəldi...
    Atamın səsini eşidəndə sevincdən ağladım, yüngül yaralanmışdı. Müalicə alıb döyüşə qayıtmışdı. Sevincimiz uzun sürmədi. Uşaqlıq dostum Əlinin atası Anar əmi də atamla birgə vuruşurdu. Zəngilanın azad olunma xəbərinin Ali Baş Komandana məruzə edilməsini bir neçə gün əvvəl televizorda görüb qürur duyduq. Həmin gün isə Anar əminin şəhid xəbəri gəldi. Biz onlarla qonşu idik, xəbəri ailəsindən gizlədirdilər. Əlinin üzünə baxa bilmirdim, anasının halı çox pis idi. Onlara yaralı xəbəri vermişdilər, həqiqəti deməyə heç kəs  cəsarət etmirdi. Anam gizli-gizli ağlayır, xəbərin doğruluğunu qəbul edə bilmirdi. Ətrafdakılar bu cəsur döyüşçü üçün ağlayırdı. Mən Əlinin başını qatmağa çalışırdım. O da atasının çox güclü olduğunu, tezliklə zəng edəcəyini söyləyirdi. Amma etmədi...
    Bütün hərbi şəhərcik onları gözyaşı ilə Bakı şəhərinə yola saldı. Anar əmi Bakıdakı Fəxri xiyabanda dəfn olundu.
    Müharibə davam edirdi, şanlı ordumuz Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlını mənfur düşməndən artıq geri almışdı. Məktəbdə şagirdlər “Əsgərə məktub” adı altında ürək sözlərini yazırdılar. Bu məktublar birbaşa cəbhəyə gedirdi. Mən stol arxasında əyləşib bütün hiss etdiklərimi yazdım. Atam haqqında yazmışdım, bəlkə, atam oxudu.
    Şuşa uğrunda qızğın döyüşlər gedirdi. Bildirim ki, atam da orada döyüşür. Şuşanın azad olunma xəbərini eşitdik. Bütün xalqımız sevincdən bayram edirdi. Nəhayət, müharibə başa çatdı. Sevincimizin həddi-hüdudu yox idi. Atam sağ qayıdacaqdı. Ancaq müharibədən sonra atam uzun müddət qayıtmadı. Get-gedə çox darıxırdım, səbirsizliklə yolunu gözləyirdim. Dekabrda atam gəldi, sevincimi ifadə etməyə söz tapa bilmədim. Atamı öpməkdən doymurdum, bəzən mənə elə gəlirdi ki, bu, bir yuxudur. Atama müharibə barədə çoxlu suallar verir, cavabını diqqətlə dinləyirdim. Müharibədən çoxlu əhvalatlar danışırdı. Atam danışdıqca qürurla, sevinclə gözümü ona dikirdim, heç susmasını istəmirdim. Atam mənim qəhrəmanım idi, nəinki mənim; o, xalqın qəhrəmanına çevrilmişdi. Müharibədəki şücaətinə görə bir neçə medala layiq görülmüşdü, heyrətlə bu medallara baxır, gözümü ayıra bilmirdim. Atam nəinki döyüşmüşdü, həm də bir çox yaralı yoldaşlarını ölümdən xilas etmişdi. Hətta bir yaralı döyüşçü varmış ki, artıq hər kəs onun şəhid olacağını düşünsə də, atam onu zamanında həkimlərə çatdırıb həyatını xilas etmişdi. Hazırda atamın yaralı ikən həkimlərə çatdırdığı leytenant Əhmədov Elgün əmi sağalıb və atamla möhkəm dostluq edir.
    Bəli, atam müharibə qəhrəmanı, veteran polkovnik-leytenant Səid Əhmədovdur!
    Mən atamla fəxr edirəm! 
    

Furqan FƏRHADLI
 Naxçıvan Qarnizonu tam orta 
məktəbinin VI sinif şagirdi 

Nəşr edilib : 30.03.2022 19:42