AZ EN RU

Atabəy yadigarı, qadın ucalığı, şərəf simvolu Möminə xatın

Qadın ucalığı

Sən, ey zərif qızıl telli, iffətli qadın. Sən, ey ustadının sənətkarlığı ilə qarşında aciz qaldığı məğrur qadın. Sən ey daşlara hopub, kövrəkliyini qapı başında gizlədən naxışlar səltənəti. Mahiyyətin necə dərin və məzmunlu, əzəmətin necə də əsrarəngiz və ecazkardır. Sən əsrlər əvvəl hamarlaşıb daşlara gömülmüş, bənzərsiz naxışlarla ehtiva olunmuş Atabəy yadigarı Möminə xatınsan artıq. Sən gözləri oxşadığın kimi könüllərə də sevinc və firavanlıq gətirirsən. Ziyarətinə gələnlərə məsudluq və məmnunluq bəxş edirsən. Əzəmətli görünüşünlə səni seyrə dalanların qəlbinə  sirayət edir, gözlərində ucaldıqca ucalır, gözəlliyinlə hər kəsi heyran edirsən. Sən təkcə abidə deyil, həm də dövrün alimlərinin riyazi biliklərini əks etdirən qiymətli sənət əsərisən. Sən bizə öyrətdin sənətkarın alim, alimin isə eyni səviyyədə sənətkar olduğunu. Elmlə sənət arasında körpü sənsən, Möminə ana. Sənsən Nizaminin Fərhadına Evklid həndəsəsinin sirlərini açan alim, daşlarla çin nəqşi çəkən zərif duyğulu memar.
Nə zaman ki bu əsrarəngiz seyrəngaha üz tuturam, ovsununa düşürəm Möminə ananın. 11 ildən artıq müddətdə kərpic-kərpic ucalan bu şərəf simvolu 800 ildən artıqdır ki, qadın ucalığına xidmət edir. Əlimi uzatsam əlim çatacaq, səsimi ucaltsam ünümün yetəcəyini düşünürəm sanki bu daş heykəlli evin sahibinə. Duyuram ayaq səslərini, duyuram ucalardan uca bu əzəmətli qadının isti nəfəsini. Savaşlarda əzizlərini itirmiş bu qadının baxışlarında ucalıq baş tacı olub. Humanizm timsalına çevrilən bu məqbərə əsrlərdir, öz məğrur duruşuyla gələni-gedəni özünə valeh edib. Qədim Şərqin, əsasən də, Qahirənin və Bağdadın memarlıq nümunəsi bizə nə qədər vahiməli və qorxunc görünsə də, Möminə ananın məqbərəsi bizə bir o qədər zərif və incə görünür. Atabəy Eldənizin arxasındakı ən böyük güc övladlarının məsləhətçisi, sarayda və dövlət idarəçiliyində yüksək məqam sahibi, ən əsası isə qadın sultan hesab edilən Möminə xatın məqbərəsinin qarşısında dil susur, ürək danışır, ürək susur, göz danışır. Ayaq sözə baxmır, bir güc nədənsə bizi sürükləyir bu tarix qoxan məkana. 
Möminə ana! Sən bilirsən, zaman-zaman üzünə qalxan yağı əllərin sanki xilqətindən yaranmış zinət qarşısında kəsilərək torpağa düşdüyünü. Sən bilirsən, səni qoruyanın əliaçıqlığın, mehribanlığın və xeyirxahlığının olduğunu. Möminə ana, alqış sənə ki qüdrətin və zərifliyin qarşısında düşməni ovsunlayaraq özünü qorumusan. Möminə ana, alqış sənə ki qadının qul kimi rəftar olunduğu dövrdə Atabəyin şəninə tayı-bərabəri olmayan məqbərə ucaltdı. Möminə ana, alqış sənə ki dünyaya Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan kimi igid sərkərdə bəxş etdin. Möminə Ana! Alqış memarın Əcəmi Əbubəkr oğluna ki səni əlçatmaz, ünyetməz göylərə dayaq edərək bu gözəl günlərə çatdırıb. Etdiyin bütün xeyirxahlıqların nəticəsidir ki, bu gün uğurlu taleyinlə fəxr edir, ucaldıqca ucalırsan. Sən artıq qədirbilən xalqın qayğılı əllərində isti ocaq, həzin musiqi, milli kimlik, milli qürur, and yeri, şərəf simvolusan.

    Şərəf simvolu

Bu əzəmətli abidənin, qadına verilən sultan və ər dəyərinin, bu ülvi sənətin önündə insan istər-istəməz baş əyir. İllərin bu əvəzsiz yadigarına insan qəlbən nəvaziş dolu səcdələr bəxş edir. Duruşundakı naxışlar sanki həzin musiqinin harmoniyası ilə vəhdət təşkil edir. Məğrurluğunla həmahəng olan bu harmoniya, bəlkə də, illərin yığılıb qalmış muğamı, şuru, zəfər cəngidir. Əslində, sən elə musiqinin özüsən. Daşa dönmüş, heykəlləşmiş, lallaşmış, firuzəyi kaşıya tutulmuş səmt qatarında uyuyan həzin, kövrək musiqi. Bəlkə, sən musiqidən də ehtişamlısan, Möminə xatın. Duruşunla, baxışınla, təvazökarlığınla. Axı musiqi bir an da olsa, susur, uyuyur, itir, batır, paslanır. Sənsə əsrlərin əbədi sükutuna dalsan da, Günəş ziyasından qidalanıb gözəlləşdikcə, Ayı seyr etdikcə gecə və gündüzümüzə bərq vurursan. Aylı gecələrdə, günəşli günlərdə ətrafa səpələdiyin bu təvazökarlıq ənginliklərdə közərən qövsi-qüzeh kimi cilvələnərək tarixin dolanbac  yollarına nur çiləyir. Seyrinə gələnlərə sirli-sehrli dünyanın möcüzəsi, gözyaşını ovcuna tökənlərə bitib-tükənməyən eşq hekayəsi, sənə sirrini verənlərə sirdaş oldun. Bəlkə də, bu heyranedici duruşla bütün hüznlərə inam və vəfa ilə tab gətirib, vüqarını az da olsun əyməmisən. 
İnsan bu qızıl tarixə dönüb baxdıqca yenidən və yenidən qürur duyur öz keçmişi ilə. Əcəmi Naxçıvaninin sənət sevgisindən yaranmış bu məqbərə artıq dünya memarlıq mədəniyyətinin zərif nümunəsi kimi tanınaraq Azərbaycanın, eləcə də Naxçıvanın ölməz memarlıq məktəbinin unudulmaz sənət əsərinə çevrilib. Naxışlarının ecazkar quruluşu Odlar yurdu mədəniyyətinin yüksək səviyyədə olduğundan xəbər verir. Taxçalarını örtən naxışlar divarlarını həmin yerdə necə də muma döndərib yüngülləşdirərək kütlə və həcmlərin ifadəli uyğunluğunu yaradıb. İlahi, memar sənətə üstünlük verərək ucaltdığı abidədə daşı, torpağı adilikdən, donuqluqdan çıxarıb ona yeni ruh, yeni nəfəs verərək necə də canlı varlığın bir parçasına çevirib.
Ötən hər əsr Möminə xatınla yaşıd olan karvansarayları, məscid və minarələri, darvaza və müxtəlif tikililəri səmum küləkləri ilə uçurub, qoparıb, silib aparsa da, incə, zərif və gözoxşayan naxışlarla bəzədilmiş Möminə xatın  məqbərəsi tarixin bütün üzünə qarşı çıxaraq günümüzədək ayaqda durmağı bacarıb. Dünən də, bu gün də, sabah da yolu Naxçıvandan düşən və düşəcək hər bir qonaq, onu dəfələrlə görən yerli sakin də məqbərə önündə ayaq saxlayıb dayanır, ölməz sənətkarın duyğu və hisslərinin timsalına çevrilmiş abidənin naxış və ehtişamına qürur və heyranlıqla baxır. Keçmişə sevgi və ehtiramla yanaşdığımızda görürük ki, memorial abidələrin daxili və xarici bəzəyində hüzn rəmzi olan mavi-firuzəyi rəng üstünlük təşkil edib. Bu rəng Möminə xatın abidəsində də özünü qabarıq şəkildə göstərib. O bizə əzəmətli sultanlardan qalan zərif əmanətdir. Gəlin qoymayaq heç bir naşı əl onun hüsnünü korlasın.  Heç bir yad göz ona kəm baxsın. Qoy o daim bizim səmtimiz, yönümüz olsun.

    Atabəy yadigarı

Çox güclü xarakterə və qərarlı kimliyə sahib olan Möminə xatın həyat yoldaşı Eldənizin həm siyasi, həm mənəvi dəstəkçisi, eyni zamanda ən yaxın məsləhətçisi idi. Atabəyin Azərbaycan hakimiyyəti illərində etdiyi bəzi siyasi yanlışlıqları Möminə xatının özünün diplomatik səyləri ilə yoluna qoyduğunu hər zaman qürurla xatırlayırıq. Bu səhvlər arasında ən mühümü Eldənizin Aran Atabəyi Xasbəyin öldürülməsi zamanı sultan Məhəmmədə qarşı üsyankar fəaliyyəti idi. Məhz Möminə xatının səyləri sayəsində Atabəyin sultan Məhəmmədlə barışığı tarixin saralmış səhifələrində arxivləşərək günümüzə qədər gəlib çatıb. Eldənizin sultana yazdığı məktubun üslubunda da həyat yoldaşının diplomatik dəst-xəti aydın hiss edilirdi. Atabəy bütün ömrü boyu məsləhətçisinə çevrilən Möminə xatının məsləhətlərini qulaqardı etmir, saray münaqişələrinə qarışmır, bir-birləri ilə ədavət aparan əmirlərin tərəfini saxlamırdı. Şərəf simvolu bu qadın həyatını sarayda keçirməyərək bir çox hərbi səfərlərdə iştirak edib.  At minməkdə, qılınc tutmaqda kifayət qədər mahir olan bu qadının ömür yoluna tarix özü şahidlik edib. Tarix onu yüksək dəyər sahibi olaraq təqdim edib. Oxuyub mütaliə etdiyimiz kitablar bizə bu qadının güclü diplomatik bacarığa sahib olduğunu, siyasi hadisələrə istiqamət verdiyini, siyasi ixtilafları, xüsusilə də əri ilə sultan olan oğlu arasında intriqalara vasitəçi kimi anında müdaxilə etdiyini deməyə imkan verir. Bununla belə o heç zaman hadisələrin mərkəzində olmağa can atmayıb. Möminə xatının ən böyük missiyası isə xeyriyyəçilik fəaliyyəti idi. O, çox sayda mədrəsə, ibadətgah, bina inşa etdirərək xalqın və alimlərin xidmətinə verib. Möminə xatının qadın sultan kimi başqa bir xüsusiyyəti isə hərbi səfərlər ərəfəsində bütün hazırlıqlara şəxsən nəzarət etməsi idi. Ordunun keçdiyi yolda qərargahların qurulmasına, döyüş sursatlarının çatdırılması, çadırların qurulması, ərzağın təşkil edilməsi ilə bilavasitə özü maraqlanırdı. O, vaxtının çoxunu Naxçıvanda, bəzən isə Həmədan və Təbrizdə keçirib. Naxçıvanda xatirəsinə ucaldılan Möminə xatın məqbərəsinin tikintisi Atabəy Eldənizin vəfatından sonra oğlu Cahan Pəhləvan tərəfindən davam etdirilib. Bu məqbərə Səlcuqlu dövrünün ən gözəl memarlıq abidəsi sayılır.

    Möminə xatın

Ey sərvboylu Möminə xatın, bu torpaqda ürək döyüntülərin hələ də eşidilir. Bu döyüntülər sevincindən, iffətindən, eşqindənmi söz açır? Amma əminəm ki, sənin əsrlərə sinə gərən köksün əsrlər ötdükcə sənətkarın Əcəminin, vəfalı yoldaşın Atabəyin, sevgili oğlun Cahan Pəhləvanın adına əbədi şöhrət çələngi hörür. Bu çələngin hər bir kərpici təkcə qədim Naxçıvanın deyil, qoca Şərqin gözəllik duyumundan söz açır, sevgisini, eşqini dünyaya tərənnüm edir. Möhtəşəm abidənə həkk olunan bu məhəbbət təəssüratı boşuna deyil. Azərbaycan qadınının, el anasının xatirəsini əbədiləşdirmək naminə, pak məhəbbət naminə ucaldılıb bu zərif abidə. Bu ucalıqdan baxdıqda Leylinin eşqinin, Şirinin sələfinin fövqündə duran Möminə ana görünür. Necə görünməyə bilərdi? O, eşq ilə yoğrulub eşq ilə yaşamışdı. Bəlkə də, türbənin üzərindəki küfi xətt qatarları, ümumi məhzunluq halının, nakam eşqin nisgilinin qəm karvanı məhz Əcəmi sənətinin qanadında pərvazlanaraq bütün Şərq aləminə sirayət edib. Zaman ötdükcə kədər deyil, sevinc, nəşə və iftixar mərkəzinə çevrilmiş bu əzəmətli türbə artıq neçə-neçə nəsillərin zövqünü əks etdirən canlı heykələ dönüb. Bu heykəl Əcəmi dühasından, Atabəy yadigarından gətirdiyi xoş müjdələri gələcək nəsillər üçün əbədi ərməğana çevirəcək, hələ bir çox nəsilləri özünə heyran qoyacaq. Vaxtilə bu seyrəngaha üz tutub hüznlü baxışlarla türbəni ziyarət edənlərin, matəm saxlayan əcdadlarımızın nəvələri bu gün bu seyrəngahda toy-bayram quraraq Novruzu qarşılayır. Bahar artıq sənin ətəyində qurulan toy-büsatla gəlir Naxçıvana. Ağaclar şəninə çiçək açır, uşaqlar dizin-dizin qoynunda ayaq açır, sevənlər xısın-xısın bir-birinə səni pıçıldayır. Bayramda alınan güllər sənin xeyir-duanla sevənlərə hədiyyə edilir. Sən bəyənirsən deyə, o güllərin ətri bütün evləri bürüyür, iyi mavi səmanda qanad açıb zərif kəlağayı kimi başına qonur. Sən, ey məğrur qadın, sən, ey Atabəy yadigarı, qadın ucalığı, şərəf simvolu, Möminə xatın, günün mübarək!!! 

Fariz ƏHMƏDOV

Nəşr edilib : 08.03.2024 11:07