AZ EN RU

Ata vəsiyyəti və inamlı Zəfər

    Noyabrın 6-da Naxçıvan Şəhər İcra Hakimiyyətində “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov 44 günlük Vətən müharibəsində əldə edilən böyük Zəfərin əhəmiyyətindən danışıb. Bildirilib ki, Vətən müharibəsində xalqımız öz rəhbərinin ətrafında sıx birləşərək Onu dəstəklədi, hər birimiz Azərbaycan əsgərinin igidliyinin, qəhrəmanlığının şahidi olduq. O qəhrəmanların sırasında doğma Naxçıvanımızın mərd oğulları da var idi. Böyük Zəfərin sərkərdəsi cənab      İlham Əliyevin dönməz qətiyyəti, tarixi Zəfərə böyük inamı igidlərimizi qələbədən-qələbəyə apardı. Bu gün işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız əbədi dalğalanır, Qarabağ yeni dövrünü yaşayır. 
    AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ölkəmizin müstəqillik qazandıqdan sonra bütün sahələrdə, eləcə də iqtisadi sahədə əldə etdiyi uğurlar xalqımızı böyük Qələbəyə daha da yaxınlaşdırdı. Milli ordu quruculuğu sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin hərbi qüdrətinin artmasında mühüm rol oynadı. 2020-ci ildə Ali Baş Komandan, Prezident cənab   İlham Əliyevin səriştəli rəhbərliyi, ordumuzun şücaəti hesabına cəmi 44 gün ərzində xalqımız böyük Zəfərə nail oldu. Noyabrın 8-i Şuşanın işğaldan azad olunması Zəfərin əsasını təşkil etdi, noyabrın 10-da imzalanan üçtərəfli kapitulyasiya aktı ilə qarşı tərəf məğlubiyyəti qəbul etdi. Hər bir sahədə ata vəsiyyətini uğurla yerinə yetirən ölkə Prezidenti cənab İlham Əliyevin güclü liderlik qabiliyyəti ilə ordumuz bu il lokal antiterror əməliyyatları zamanı da uğurlar qazandı. Bu gün üçrəngli bayrağımız Xankəndidə və digər işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. 
    Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublika üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsinin rəisi polkovnik leytenant Anar Aqilov, “Naxçıvan şəhid ailələri” İctimai Birliyinin sədri Mais Gülməmmədov çıxışlarında qələbənin əldə edilməsində Azərbaycan əsgərinin, hərbçilərinin şücaətindən, qəhrəmanlığından söz açıb, şəhidlərimizin ruhunun daim Azərbaycan xalqının qəlbində yaşadılacağını qeyd ediblər. 
    Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

 Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 06.11.2023 19:32