AZ EN RU

Aşura günü qeyd olunub

    Dünən Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunub. Aşura günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası məscidlərində İmam Hüseyn əzadarlığı keçirilib, həmçinin qanvermə aksiyaları da təşkil olunub. 
    Ənənəvi keçirilən qanvermə aksiyaları Naxçıvan şəhəri üzrə Heydər məscidində, Sarvanlar və Came məscidlərində, muxtar respublika üzrə 7 rayon mərkəzi xəstəxanasında, 7 kənd həkim ambu­latoriyasında, Şərur rayonundakı Püsyan kənd məscidində və Xanlıqlar kənd imamzadəsində həyata keçirilib. 
    Həkim briqadaları əvvəlcə donorlarda arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün müayinələr aparıb, sonra müvafiq qan qruplarına uyğun qan götürülüb. Dindarlar sivil qaydada, könüllü olaraq qanvermə aksiyasında iştirak ediblər.
    Günorta saatlarınadək davam edən aksiyada Naxçıvan şəhəri üzrə 227 nəfərdən 89, Şərur rayonunda 95 nəfərdən 38, Babək rayonu üzrə 110 nəfərdən 55, Ordubad rayonunda 38 nəfərdən 16, Culfa rayonunda 79 nəfərdən 39,5, Şahbuz rayonunda 60 nəfərdən 12, Kəngərli rayonunda 63 nəfərdən 32, Sədərək rayonunda 60 nəfərdən 30  litr qan tədarük edilib.
    Bütövlükdə, 732 nəfərdən götürülən 311,5 litr qan qrupları müəyyənləşdirilərək ikili və üçlü torbalarda Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qan Bankına və “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin və “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsin tərkibində olan qan kabinələrinə  təhvil verilib.
    Bu könüllü qanvermə aksiyaları zamanı insanlar dini-mənəvi dəyərlər ətrafında həmrəy olmuş, ehtiyacı olanlara həyat verilmişdir. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 28.07.2023 10:46