AZ EN RU

Astanadakı Azərbaycan Etnomədəni Birliyi mina təhlükəsi ilə bağlı Ermənistanın yolverilməz davranışını pisləyib

Qazaxıstanın paytaxtı Astanada fəaliyyət göstərən “Xəzər” Azərbaycan Etnomədəni Birliyi Ermənistanın ölkəmizin işğaldan azad olunmuş ərazilərində mina təhlükəsi yaratması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, birliyin adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı sahibkar Əliyev Sahib İsa oğlunun bu il iyulun 13-də mina partlayışı nəticəsində xəsarət aldığı barədə məlumat verilib.

Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların mülki şəxslərin həyatına ciddi təhlükə yaratmasının davam etməsinin göstəricisi kimi qiymətləndirilən bu insident beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik adlandırılıb.

Ermənistanın mina terrorunun Azərbaycanın hərbi qulluqçularının və mülki şəxslərinin həyatını itirməsinə və ya yaralanmasına səbəb olaraq qaldığı bir daha diqqətə çatdırılıb. Mina təhlükəsinin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına, bölgədə həyata keçirilən bərpa-yenidənqurma işlərinə böyük əngəllər törətdiyi xüsusi qeyd edilib.

“Xəzər” Azərbaycan Etnomədəni Birliyi beynəlxalq ictimaiyyəti mina sahələrinin dəqiq xəritələrini Azərbaycana təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana güclü təzyiq göstərməyə çağırıb.

Nəşr edilib : 21.07.2023 09:00