Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin növbəti iclası keçiriləcək.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə bildirib.
“Qazaxıstanda 2-3 aprel 2024-cü il tarixlərində ŞƏT-ə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin 19-cu iclası keçiriləcək. Tədbirə Qazaxıstan sədrlik edəcək. İran ilk dəfə olaraq ŞƏT-in tamhüquqlu üzvü kimi orada iştirak edəcək”, - o vurğulayıb.
Tədbirin qonağı kimi ŞƏT-in müşahidəçi dövlətləri Monqolustan və Belarus dəvət olunub.
“Bu görüş çərçivəsində ŞƏT-in məsuliyyət zonasında aktual beynəlxalq problemlər, bir sıra məsələlər, o cümlədən terrorizm, separatizm, ekstremizm, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı birgə mübarizəyə dair fikir mübadiləsinin aparılması planlaşdırılır”, - A.Smadiyarov qeyd edib.