AZ EN RU

Astanada ŞƏT-ə üzv dövlətlərin energetika nazirlərinin iclası keçirilir

Qazaxıstanın Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin energetika nazirlərinin dördüncü iclası keçirilir.

"Şərq qapısı" Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, energetika naziri Almasadam Satkaliyev cari ilin iyul ayında Qazaxıstanın ŞƏT orqanlarında sədrliyinin başa çatacağını və bu səlahiyyətin Çinə təqdim ediləcəyini bildirib.

Nazirin sözlərinə görə, quruma üzv dövlətlər dünya ÜDM-nin təxminən üçdə birini, Avrasiya ərazisinin 60 faizini, planetin əhalisinin 42 faizini və dünya ticarətinin 15 faizdən çoxunu təşkil edirlər.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 15 iyun 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları tərəfindən yaradılmış beynəlxalq təşkilatdır.

9 iyun 2017-ci ildə Hindistan və Pakistan ŞƏT-in tamhüquqlu üzvü olublar. 17 sentyabr 2021-ci ildə isə ŞƏT üzvləri İranın quruma tamhüquqlu üzv qəbul edilməsini təsdiqləyib və 1 il sonra - 16 sentyabr 2022-ci ildə Tehran da qurumun bərabərhüquqlu üzvü olub.

Nəşr edilib : 21.06.2024 11:09