AZ EN RU

Astana Zirvə görüşü Azərbaycanın etibarlı tərəfdaş kimi dünyada qazandığı nüfuzun növbəti göstəricisidir

İyulun 3-4-də ölkə Prezidenti cənab İlham Əliyevin Qazaxıstanın paytaxtı Astana şəhərinə səfəri, burada Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşləri, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirakı bir daha ölkəmizin dünya miqyasında qazandığı nüfuzu, dövlətimizin başçısı Prezident cənab İlham Əliyevin Azərbaycanın şəriksiz Lideri olduğunu bir daha göstərdi.  
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin görüşdə qeyd etdi ki, qarşılıqlı fəaliyyətimizin miqyası böyükdür, hətta hər gün, hər ay görüşsək, danışmaq üçün mövzularımız vardır. Azərbaycan-Rusiya arasında ticarət, iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələrdə qarşılıqlı fəal əməkdaşlıq əlaqələri mövcuddur. 2022-ci ildən uğurla həyata keçirilən Müttəfiqlik Bəyannaməsi bir çox sahələrdə yaxşı nəticələrin əldə edilməsinə gətirib çıxarıb. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşdə dövlətimizin başçısı ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün dəvəti Qazaxıstanın Azərbaycana qardaşlıq münasibətinin növbəti göstəricisi kimi qiymətləndirdi.  Qazaxıstan Respublikasının Prezidenti görüş zamanı dedi: “Biz Qazaxıstanda Sizin ölkənizdə baş verən bütün dəyişiklikləri böyük maraqla izləyirik, bu dəyişikliklərə ürəkdən sevinirik. Əlbəttə, sözsüz ki, burada Sizin böyük şəxsi rolunuz var və onu yüksək qiymətləndiririk”. Bu gün Azərbaycan və Qazaxıstan arasında əlaqələr müsbət dinamika ilə inkişaf edir. 
Çin Xalq Respublikası ilə Azərbaycan arasında ikitərəfli münasibətlər isə dostluğa, qarşılıqlı etimada, çoxtərəfli tərəfdaşlığa söykənir. Hər iki ölkə bir-birinin milli maraqlarına daim qarşılıqlı dəstək nümayiş etdirirlər. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş yüksək səviyyəli  siyasi əməkdaşlıq münasibətləri Azərbaycan Prezidenti cənab      İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Astanada Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüş  bunu bir daha göstərdi ki, Çin-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycan “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən və buna qoşulan ilk dövlətlərdən biridir. Görüş çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul edilməsi isə iki ölkə arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Birgə Bəyannamə Azərbaycan və Çin arasında əməkdaşlığa dair bütün məsələləri özündə biləşdirir. Hər iki ölkə ikitərəfli münasibətlərdə qarşılıqlı hörmət, bərabərlik, etimad, dəstək, qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərindən çıxış edir. Eyni zamanda hər iki ölkə bir-birini etibarlı tərəfdaş hesab edir və ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil müəyyənləşdirirlər. 
Astanada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü hər üç ölkənin dost, qardaş kimi  beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini, sarsılmaz birliyini növbəti dəfə nümayiş etdirdi. Tarixi əhəmiyyət daşıyan üçtərəfli görüş onu da bir daha göstərdi ki,  Azərbaycan tək deyil. Türkiyə və Pakistan 44 günlük Vətən müharibəsində Azərbaycana böyük siyasi və mənəvi dəstək ifadə etdilər. Görüşdə bunun Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub. Bir çox sahələrdə aparılan sıx əməkdaşlıq əlaqələri hər üç ölkənin inkişafına mühüm töhfələr verir. Xüsusilə  müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş” şüarı altında keçirilən təlimlər regional sabitlik və təhlükəsizlik üçün mühüm amildir. 
Prezident cənab İlham Əliyevin iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində 16 ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi “ŞƏT plyus” formatında keçirilən görüşdə  iştirakı, Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsi idi. “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan Zirvə görüşü aktual mövzuların müzakirəsi ilə yadda qaldı. Ölkə başçısı buradakı çıxışında Azərbaycanın ikinci dəfə ŞƏT-in Zirvə toplantısına dəvət olunmasını Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirdi. Qeyd edək ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir və ölkəmiz Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilib. 
2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlikdən sonra, təxminən, 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Ölkə başçısı çıxışında bununla bağlı dedi: “Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan    ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq... Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik”. Qısacası mötəbər təşkilatın Zirvə toplantısında iştirak gələcəkdə də Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərlə ölkəmizin qarşılıqlı fəal əməkdaşlıq əlaqələrinin inkişafının davamlı olacağını bir daha göstərdi. 
Onu da qeyd edək ki, iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısının təşkili isə dünyanın diqqətini bir daha tariximizin bir parçası olan Şuşaya yönəldəcək, Türk dövlətləri arasında birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcək. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 07.07.2024 09:14