AZ EN RU

Astana Sammitində diqqətlər Azərbaycana yönəlmişdi

Gərgin siyasi-hərbi konyunkturanın davam etdiyi planetdə sırf iqtisadi-mədəni əməkdaşlıq, qlobal istiləşməyə qarşı birgə mübarizə, yeni etibarlı nəqliyyat-logistika xətlərinin yaradılması və qarşılıqlı turizm və ticarətin genişləndirilməsi məqsədi daşıyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) bu həftə Qazaxıstanın paytaxtı Astanada keçirilən sammitində dövlət başçımız cənab İlham Əliyevin də iştirakı belə mötəbər tədbirlərdə Azərbaycanın xüsusi çəkisindən xəbər verir. Hazırda doqquz üzvü olan, müşahidəçilər və dialoq üzrə tərəfdaşlarla birlikdə 26 ölkəni bir araya gətirən bu təşkilat üç milyarddan çox insanın, başqa sözlə, dünya əhalisinin 40 faizindən çoxunun marağını təmsil etməklə qarşılıqlı etimad və mehriban qonşuluq münasibətlərinin gücləndirilməsi üçün ən güclü alternativ platformalardan biridir.

Çoxqütblü dünyada kəskinləşən maraqların həlli üçün birgə səylərin vacib olduğunun vurğulandığı Astana Sammitində də ölkələr ikitərəfli və çoxtərəfli əməkdaşlıq qurulmadan qlobal çağırışların həll oluna bilinməyəcəyi, artan iqtisadi və ekoloji problemlərin gələcək üçün daha böyük təhlükə yarada biləcəyi qənaətinə gəlmişlər. Dünyanın ikinci böyük iqtisadi gücü olan Çinin simvolik olaraq liderilk etdiyi ŞƏT çərçivəsində Azərbaycanın da rolu ölkəmizin dünya enerji bazarındakı rolu, Orta dəhliz üzərindəki açar mövqeyi, Qarabağın erməni işğalından azad edilməsindən sonra bölgə ölkələri ilə qurmağa çalışdığı yeni əlaqələr, qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə verdiyi töhfələr, yaşıl transformasiya və şübhəsiz ki, sağlam iqtisadi əməkdaşlığın davamlı sülhə çevrilməsi yollarının axtarılması ilə sıx bağlı olmuşdur. Dünyanın işgüzar mərkəzlərindən biri olan Şanxayın sırf iqtisadi ruhunu daşıyan bu platformanın iştirakçısı olan Azərbaycanın dünyanın əhali sayına görə lider ölkələrindən biri olan Çin vətəndaşlarının ölkəmizə vizasız səyahət etmə imkanın verilməsi dünyanın ən böyük turist göndərən bu ölkəsindən turizm gəlirlərimizə mühüm pay qazandırılması ilə yadda qalacaq. İldə dünya ölkələrinə, təxminən, 250 milyon turist göndərən Çindən hava yolu ilə Azərbaycana da vizasız səyahət edəcək turistlər ölkələrimiz arasında “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”dən ən çox faydalanan insanlar olacaqlar. Ayrıca olaraq ölkəmizin erməni separatizminə qarşı verdiyi mübarizədə Çindən gördüyü dəstək, koronavirus pandemiyasında bu ölkədən aldığımız canqurtaran vaksin köməyi də çətin günlərdə ölkələrimiz arasında mövcud olmuş möhkəm dostluq nümunəsi kimi yadda qalmışdır. İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü zamanı dövlət başçımızın Tayvan məsələsində Çinin yanında olması, Çinin isə Qərbi Avropaya yolu iki dəfə qısaldan Orta dəhlizdə Azərbaycana, onun infrastrukturuna verdiyi önəm, ölkəmizdə “yaşıl texnologiya” ilə işləyən nəqliyyat vasitələrinin daha sürətlə yayılmasına Çinin verəcəyi töhfə, həmçinin humanitar sahədəki əməkdaşlıq perspektivləri geniş müzakirə olunmuş, qarşılıqlı məmnunluq ifadə edilmişdir.

         Astana Zirvə toplantısında Prezident cənab İlham Əliyevin çıxışı zamanı bəyan etdiyi fikirlər isə ölkəmizin Avrasiyanın açar mövqeyindəki rolunu, eləcə də COP29-un ev sahibi kimi prinsiplərini bir daha ortaya qoymaq üçün növbəti geniş bir auditoriya oldu. Ölkəmizin Orta dəhlizdəki potensialını, ŞƏT çərçivəsində həyata keçiriləcək layihələrə Azərbaycanın verəcəyi töhfələri sammitdə iştirak edən liderlərin diqqətinə çatdıran dövlətimizin başçısı Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səyləri əsirgəməyəcəyini və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağını bildirdi. Bu mühüm qlobal məsələdə Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək verilməsi olduğunu bildirən dövlət başçımız burada karbon tullantılarına görə məsuliyyət daşıyan iri sənayeləşmiş dövlətlərin daşıdığı məsuliyyəti bir daha onlara xatırlatmış oldu.

Qeyd edək ki, sənayeləşmə nəticəsində atmosferə atılan emissiya qazlarının təbii normanı ötməsi nəticəsində planetdə baş verən istixana effektinin səbəb olduğu 1,5-2 dərəcəlik istilik artımı buzlaqların əriməsi ilə Dünya okeanının səviyyəsini yüksəlməsinə, bununla da dənizsahili ölkələrin quru ərazisinin azalmasına, bəzi ada dövlətlərin yox olmasına, həmçinin biomüxtəlifliyin zərər görməsi, quraqlıq, yoluxucu xəstəliklərin yayılması kimi çox ciddi digər qlobal problemlərə yol aça bilər. İqlim konfransı tərəflərinin də bu probleminin həllində, təxminən, 100 milyard dollarlıq fond yaratmaq, bu fonddan iqlim dəyişikliyində ən çox zərər görən zəif ölkələrə necə yardım edilməsi məsələsinin həlli də ən çox müzakirələrə səbəb olmaqdadır.

Əli CABBAROV

Naxçıvan Dövlət Universitetinin dosenti

Nəşr edilib : 05.07.2024 18:51