AZ EN RU

Asların yadigarı – Araz

    Arazı ayırdılar
    Lil ilə doyurdular.
    Mən səndən ayrılmazdım
    Zülm ilə ayırdılar.

    Ah Araz, ah... Adına şeirlər yazılan, ləqəblər götürülən, qəlbi yaralı Araz. Nə biləydin bəxtinə iki doğmanın arasında durmaq yazılacaq?! Qəlbi sevgiylə vuran, eşqi ümman, ürəyi məhəbbətlə çağlayan gələcək taleyindən xəbərsiz, yaralı Arazım... Sənə nələr elədilər? İki tərəfini ayırıb, qan və torpaqla doldurdular. Əslində, bu iki tərəf bir-birini sevən iki sevgili kimidir və heç ayrılmaq istəmədikləri halda araya girənlər bu iki sevgilini zorla ayırıblar. 
    Xan Arazın ikiyə bölünməsi XIX əsrin əvvəllərinə təsadüf edir. İran Çar Rusiyasındakı daxili qarışıqlıqdan istifadə edərək Bakıya qədər irəlilədi. Rusiya iranlıların hücumunu dəf etdi və 1928-ci il fevralın 10-da Təbrizin cənubunda Türkmənçay müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən rus ordusu Cənubi Azərbaycandan çəkildi. İmzalanan müqavilə nəticəsində Araz çayı Azərbaycanı iki yerə böldü. İnsanlar bu vəziyyəti zorla ayrılan iki sevgiliyə bənzətdilər. Sevgililəri, yəni Şimali və Cənubi Azərbaycanı zorla ayırdılar. Bəli, iki doğmanı bir-birindən İranla Rusiya ayırdı. Bu ayrılıqdan kədərlənən azərbaycanlılar qovuşacağı günü həsrət və səbirsizliklə daim gözlədilər... Düşünürük ki, məhz elə bu məqamda “Araz” toponiminin mənşəyinin haradan gəldiyini öyrənmək yerinə düşür.
    Araz çayının adı antik dövrdən başlayaraq ən müxtəlif dilli qaynaqlarda dəfələrlə çəkilmiş və bu çay barədə məlumatlar verilmişdir. Tədqiqatlardan da məlumdur ki, tarix boyunca dünyanın müxtəlif yerlərində Araz adlı çaylar barədə məlumatlara rast gəlinir. Naxçıvan ərazisindən axıb keçən Araz çayının adına mənbələrdə “Araz”, “Atrapatakan”, “Araks”, “Arras”, “Ər-ras”, “Uveys” və sair formalarda rast gəlinir. Bu toponimlə bağlı müxtəlif semantik mənalar irəli sürülmüşdür. Bəzi kitablarda çayın adının yunan dilində arosso (“guruldayıram”), zənd dilində arvat (“qaçan”), ərəb dilində ruz (“qaçmaq”) sözləri ilə izah edilir. Ağamusa Axundov bu toponimi qədim əfsanələrdə xatırlanan “Ras” toponimi ilə bağlamış və onu antroponim hesab etmişdir, Mirəli Seyidov Arazı sağ/arsaq tayfaları ilə bağlamış və etnohidronim hesab etmişdir. Nəbi Nəbiyev şumercə “dağıdan çay”, ərəbcə “axan, qaçan”, yunanca “səs-küylü” mənalarında hidronimin izahını verməyə çalışmışdır. V.Əliyev eramızdan əvvəl III minilliyə aid Het kitabələrində qeyd edilən Harras/Harasın Araz çayının adı olduğu fikrini irəli sürmüş və “har”ın hetcədə “çay” demək olduğunu göstəmişdir. Tofiq Hacıyev tədqiqatlarında Araz çayının az/uz etnoslarının şərəfinə bu cür adlandırılması qənaətini irəli sürmüşdür. N.Əsgərov da “Araz” toponimini etnonim səciyyəli hesab etmiş bu sözün “az/as tayfalarına məxsus su” mənasında olduğunu göstərmişdir. Bir sıra digər tədqiqatçılar da Araz sözünü as tayfaları ilə əlaqələndirmiş və sözün mənasını “as ərləri” kimi izah etmişlər. Ehtimal edilir ki, çayın adı eramızdan əvvəl III minilliyin sonu, II minilliyin əvvəllərində tarix səhnəsinə çıxmış as boylarının adı ilə bağlıdır.
    Araz çayının struktur-semantik təhlili zamanı bu adın tərkibində iki komponentə rast gələ bilirik: ar+as. Ar//ər//ir//ır bizə qədərki tədqiqatçıların yazdığına görə, türk dillərində igid, kişi mənasındadır, az/uz/as isə türk tayfalarından birini və ya ilk oğuzları bildirir. Düşünürük ki, birinci komponentdə fonetik səsdəyişmə hadisəsi ə~a əvəzlənməsindən başqa, həm də e~a və ya ye ~a şəklində də ola bilər. Başqa sözlə desək, “Əras”ın fonetik dəyişikliklər nəticəsində Araza çevrilməsi mümkün olduğu kimi, Eras/Yerasın Araza çevrilməsi də mümkündür. Heç də təsadüfi deyildir ki, Araz adının Erasx formasına bəzi qaynaqlarda rast gəlinir. Bu halda sözdəki birinci komponent er/yer daha qədim formada ifadə etsək “ur” şumer dilində məskən/şəhər mənasını verir. Araz/Eras “asların şəhəri, məskəni” mənasındadır. Araz çayı məhz as tayfalarının məskun olduğu ərazilərdən keçdiyi üçün çay bu şəkildə adlandırılmışdır. Başqa cür ifadə etsək, etnonim əsasında yaranmış oykonimin hidronimləşməsi baş vermişdir.
    Bəli, Naxçıvan ərazisindən axıb keçən Araz çayı tarixən regionun su təminatında əhəmiyyətli rol oynamışdır. Lakin bununla belə yenə də regionu – bütün tarixi Naxçıvan ərazisini su ehtiyatları ilə bu çayın tam təmin edə bildiyini söyləmək olmaz. Məhz bu baxımdan bölgədə su həyatın mənbəyi, dirilik rəmzi kimi ciddi əhəmiyyətə malik olmuşdur. Tarixin müxtəlif dövrlərində Naxçıvan ərazisində ayrı-ayrı tayfaların qüdrəti təkcə onların məskunlaşdığı ərazilərin genişliyi və böyüklüyü ilə deyil, həm də su ehtiyatları ilə zənginliyi və su ehtiyatlarına nəzarətinin dərəcəsi ilə müəyyənləşmişdir.
    Sonda onu qeyd etmək yerinə düşər ki, toponimləri hər zaman tədqiq edib öyrənməliyik ki, sonra mənfur qonşularımız bizim qədim tarixi saxtalaşdırıb, təhrif edib öz adlarına çıxmasınlar. Unutmamalıyıq ki, toponimlər bizim tariximizdir!

Aysel EMİNOVA
AMEA Naxçıvan Bölməsiİncəsənət, Dil və Ədəbiyyat
İnstitutu Onomastika şöbəsinin əməkdaşı

Nəşr edilib : 17.03.2023 21:33