AZ EN RU

Aşıq Ələsgər yaradıcılığında Qərbi Azərbaycan sevgisi

    Bu yaxınlarda ölkə başçısı cənab İlham Əliyev Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə Vətənimizin bu regionu ilə bağlı maraqlı açıqlamalar verdi. Dövlət başçısı qeyd etdi ki, “Qarabağ və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi. Yəni görün, təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə, istədiyinə nail oldu”.
    Dövlət başçısı bu görüşündə bir daha onu göstərdi ki, tarixi Azərbaycan ərazisi olan Qərbi Azərbaycan heç zaman unudulmamalı və azərbaycanlıların bu dədə-baba torpağına qayıdışı təmin olunmalıdır. Amma hər şeydən öncə, bu gün hər birimiz Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti haqqında məlumatlı olmalı, bu yurd yerlərimizi daha yaxından tanımalıyıq. Bununla yanaşı, Qərbi Azərbaycan bölgəsi həm də ölkəmizin elmi, mədəni və bir çox sahələrinə tanınmış şəxsiyyətlər bəxş etmişdir. Təkcə elə aşıq ədəbiyyatını götürsək, böyük ustad Aşıq Ələsgər – siz bu ədəbiyyatı təsvir etmək natamam olar. 

    Aşıq Ələsgəri ədəbiyyatımızda uca edən məqamlardan biri onun daxilində kök salmış Vətən sevgisidir. Onun bu Vətən sevgisi isə Qərbi Azərbaycandan – Türk-Oğuz yurdu olan Göyçə mahalından başlayır. Həyatı boyu yaradıcılığında vətənpərvərliyə, milli və mənəvi dəyərlərin təbliğinə, xalqına bağlılığa, eləcə də doğma yurdunun tərənnümünə xüsusi yer verən böyük ustad bu gözəllikləri dilə gətirdikcə sanki o yerlərdə yenidən doğulur və yaşayır.  
    Erməni daşnaklarının 1918-ci ildə Göyçə mahalında törətdiyi qırğınlar nəticəsində ailəsi ilə birlikdə el-obasından didərgin düşərək Kəlbəcərin Yanşaq kəndində, daha sonra isə Tərtərdə məskunlaşmasına baxmayaraq, yurd nisgili aşığın ədəbi yaradıcılığında daim ön planda olmuşdur: 
    Qırxqız, Alaqaya, Çilgöz, Narışlar,
    Muroy, Uzunyoxuş, Dəlidağ, Qoşqar!
    Hansı oğul, deyin, sizi unudar?!
    Düşərmi el sizdən aralı, yaylaq?!
    Doğma yurdunun təbiətinə vurğunluğunu tez-tez dilə gətirən Dədə Ələsgərin vətənpərvərliyi onun “Dağlar” rədifli qoşmasında özünü qabarıq şəkildə büruzə verir. Bu qoşmada aşıq vaxtilə gəzib-dolandığı, qoynunda xoşbəxt günlər keçirdiyi “qüdrətdən səngərli”, “ağ xalat geyinən”, yaşıl meşələri, gül-çiçəkli çəmənləri, buz kimi bulaqları, səfalı yaylaqları olan dağlardan  böyük məhəbbətlə söz açır:
    Ağ xalat bürünər, zərnişan geyməz,
    Heç kəsi dindirib, xətrinə dəyməz.
    Sərdara söz deməz, şaha baş əyməz
    Qüdrətdən səngərli, qalalı dağlar.
    Ümumiyyətlə, Aşıq Ələsgər yaradıcılığından Vətən sevgisi qırmızı xətt kimi keçir. Aşığın istedadı bir tərəfdən, İlahidən gəlirsə, digər tərəfdən bu onun təbiət sevdalısı, gözəlliklər vurğunu olmasından qaynaqlanır. Təsadüfi deyildir ki, öz ana təbiətinə, onun gözəlliklərinə məxsus hər şey aşıq üçün qiymətli və əvəzolunmaz idi. Aşıq Ələsgərin yaradıcılığı ilə yaxından tanış olduqca onu incə, həssas qəlbli, sözünün qiymətini bilən bir sənətkar olduğunu görürsən. O, həqiqətən, gözəlliyi duyan, bu mənəvi sərvəti aşiqanə bir dillə vəsf edən şairdir. Yaratdığı əsərləri ilə ruhumuza Vətənin “qüdrətdən səngərli, qalalı dağlarından” ucalıq, dupduru bulaqlarından şəffaflıq və səfalı yaylaqlarından bir sərinlik bəxş edir. Vətənimizin əsrarəngiz təbiətinə həsr olunmuş şeirlərində müəllifin yurdsevərliyi, xalqına bağlılığı qabarıq ifadə olunub. Onun “Yaylaq”, “Gördüm”, “Dağlar” rədifli qoşmalarında bu duyğular daha aşkar görünür. “Yaylaq” qoşmasında yazda el-obanın arandan qalxaraq üz tutduğu səfalı yaylaqlar və seyrəngahlar gözəl poetik dillə tərənnüm edilir:
    Könlüm qaranquştək uçub qoynuna,
    Gəzir hər yamacı, hər yalı, yaylaq!
    Ruhum təzələnir, məst olur ürək,
    Görəndə bu çağı, bu halı, yaylaq!
    Göründüyü kimi, Aşıq Ələsgərin hər deyimində bu Vətənin dağ-daşı, çay-dərəsi, aranı, yaylağı dilə gəlir. Və deyilən hər bir söz, hər bir kəlmə aşığın doğulub-böyüdüyü yurddan başlayıb bütün Azərbaycana yayılır; aşıq öz şeirləri ilə sanki yaşadığı yurd yerinin coğrafiyasını cızır. Bu isə o deməkdir ki, böyük ustad hər zaman qəlbində böyük bir Qərbi Azərbaycan yaşadıb, Vətəninin bu bölgəsində ilk gördüyü dağı, daşı, qayanı, sərin bulaqları poeziyanın dili ilə həm də bizə sevdirib. Şükürlər olsun ki, artıq xalqımız Böyük Qayıdışın astanasına gəlib çatıb. Son iki ilə yaxın bir dövrdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Açıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması və ustad aşığın Bakı şəhərində heykəlinin ucaldılması bu müqəddəs mərama aparan əhəmiyyətli addımlardandır. Ölkə başçısının da dediyi kimi, Qərbi azərbaycanlılar öz ata-baba yurdlarına qayıtmalıdırlar və qayıdacaqlar. Məhz bu qayıdışdan sonra ata-babalarımızın bizə yadigar qoyduqları tarixi irsi biz yenidən bərpa edəcəyik. Məhz o zaman Dədə Ələsgərin də ruhu sevinəcək, könlü qaranquştək uçub doğma yurd yerlərinə qonacaq.

Aidə İbrahimova
Naxçıvan Dövlət Universitetinin II kurs tələbəsi

Nəşr edilib : 12.01.2023 20:10