AZ EN RU

Asip Kaya: “Türkiyə və Azərbaycanın öndərliyində Türk dünyası bir araya gələrək çox böyük bir birlik yaradacaq. Bunun da yolu Naxçıvandan keçir”

    Naxçıvanda Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub. Yubiley tədbirindən sonra Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya qardaş ölkənin keçdiyi tarixi inkişaf yolu, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı “Şərq qapısı” qəzetinə müsahibə verib: – Türkiyə tarixi üçün ən önəmli günlərdən birini – Cümhuriyətimizin yaranmasının 100 illiyini qeyd edirik. Mustafa Kamal Atatürkün öndərliyi ilə böyük bir mücadilə verən türk xalqı qurtuluş savaşını qazandı və müstəqilliyini elan etdi. Atatürk o dönəmdə dövlətin strukturu məsələsində çox düşündü və türk xalqı üçün ən gözəl, ən uyğun idarəçiliyin Cümhuriyyət olduğuna qərar verdi. 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyət elan edildi. O gündən bəri Atatürkün qurduğu təməllər üzərində Türkiyə sürətlə inkişaf etdi, böyüdü. Bu gün istər bölgədə, istərsə də dünyada nüfus və söz sahibi olan bir dövlət səviyyəsinə çatıb. Bu xoşbəxt günümüzdə azərbaycanlı qardaşlarımız bizi yalnız buraxmadılar. Bakıda da çox böyük tədbirimiz keçirilir. Burada da Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli başda olmaqla bütün dövlət işçiləri bu gün bizim sevincimizi paylaşdılar. Hər birinə təşəkkür edirəm. 
    Baş konsul qeyd edib ki, Türkiyə və Azərbaycan tarix boyunca hər zaman bir-birini dəstəkləyib. Bunun ən son örnəyini Qarabağ savaşında, Türkiyədəki zəlzələlərdə gördük. Sevincdə və kədərdə bir millət olmanın xoşbəxtliyini yaşadıq. Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi deməkdir. Bizim 100-cü ilimiz, əslində, Azərbaycanın da 100-cü ilidir. Cənab Prezidentimizin də söylədiyi kimi bu əsr türk əsri olacaq. Türkiyə və Azərbaycanın öndərliyində Türk dünyası bir araya gələrək çox böyük bir birlik yaradacaq. Bunun da yolu Naxçıvandan keçir. Naxçıvan önəmli bir dəhlizdir. Zəngəzur və ya başqa bir dəhlizlə Azərbaycan Naxçıvan vasitəsilə Türkiyə ilə birləşəcək və Türk dünyası ayağa qalxacaq. Naxçıvan burada önəmli bir rol oynayacaq. Naxçıvanın gələcəyi çox parlaqdır. Burada Baş konsul olaraq vəzifəmi yerinə yetirməkdən çox məmnunluq duyuram. Türkiyə və Azərbaycan əlaqələrinin bundan sonra daha da güclənməsi üçün səylə çalışacağıq.

Nail ƏSGƏROV

Nəşr edilib : 29.10.2023 17:11