AZ EN RU

ASAP gəncləri “Heydər zirvəsi”ndə

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) bir qrup əməkdaşı və xaricdə təhsil almış məzunlar birliklərinin nümayəndələri Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi” istiqamətində yürüş təşkil ediblər.

Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları ilk olaraq Xınalıq kəndi ərazisindən  Qızıl Qaya massivinin ətəyində yerləşən  düşərgə istiqamətində müəyyən olunmuş marşrut üzrə və nəzərdə tutulan vaxtda hərəkət ediblər. Yürüşün bir digər məqsədi məzun birlikləri nümayəndələrini bir araya toplayaraq şəbəkələşmə bacarıqlarını inkişaf etdirməkdir.

Əlverişsiz hava şəraiti və ekstremal yolların olmasına baxmayaraq gənclər Ümummilli liderin  əziz xatirəsini dərin ehtiramla yad edib və  “Heydər zirvəsi” önündə  Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıblar.

Qeyd edək ki, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə keçirilən yürüşdə 30-dan çox gənc iştirak edib.

Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP)

İctimaiyyətlə Əlaqələr Xidməti

Nəşr edilib : 10.05.2022 14:09