AZ EN RU

“ASAN xidmət” mərkəzində peşəkarlıq səviyyəsinin yüksəldilməsinə dəstək - YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən Naxçıvan regional “ASAN xidmət” mərkəzinin əməkdaşlarına “Vətəndaş məmnuniyyətində ASAN modeli” və “Emosiyaların idarə edilməsi” adlı təlimlər keçirilib. Təlimlər peşəkar kouç Könül Əliyeva tərəfindən aparılıb. Təlimlər 1 gün ərzində 4 saat davam edib.
    ASAN İnnovativ İnkişaf Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılıb.
    Mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə  müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.

    “ASAN” İnnovatif İnkişaf Mərkəzinin direktoru Aysel Cəbrayılova:  Xidmət sahəsində illərlə qazanılmış zəngin “ASAN xidmət” təcrübəsi ilə ixtisaslaşmış peşəkarlardan ibarət komandamız sayəsində hüquqi və fiziki şəxslərin fəaliyyətinin təkmilləşdirilməsinə dəstək veririk. ASAN İnnovativ İnkişaf Mərkəzi müştəri məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmaların tətbiqi ilə ölkədə xidmət göstərən və xidmət alan arasında olan münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsinə xidmət edir və fəaliyyətində peşəkarlığı və keyfiyyəti rəhbər tutur.
    Maarifləndirmə və kadr hazırlığında peşəkar və innovativ yanaşmanı əsas tutaraq, yüksək səriştəli mütəxəssis heyəti tərəfindən tədris olunan və ehtiyaclara tam cavab verən mükəmməl təlim xidmətləri, habelə peşəkar heyət tərəfindən təqdim edilən inkişaf xidmətləri vasitəsilə ölkəmizdə dünya trendinə uyğun dəyişimi təmin edən qabaqcıl tərəfdaşa çevrilmək, müştərilərimizin şəxsi, peşəkar və təşkilati inkişafına vasitəçi olaraq yüksək performans standartlarını inkişaf etdirmək əsas fəaliyyət istiqamətimizdir.
  Əhalinin fiziki qüsurlu, maddi çətinlikləri və dövlət qarşısında xüsusi xidmətləri olan hissəsinin maarifləndirilməsi, fərdi bacarıqlarının və peşəkar biliklərinin inkişafı üzrə proqram və layihələrin həyata keçirilməsi sosial məsuliyyətimizdir.
    Bu gün keçirilən təlim “ASAN” Xidmət və digər qurumların əməkdaşları tərəfindən maraqla qarşılandı. “ASAN” İnnovatif İnkişaf Mərkəzi tərəfindən Belə təlimlər Naxçıvanda davamlı olaraq keçiriləcək. 
    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən Naxçıvan regional “ASAN xidmət” mərkəzinin əməkdaşlarına keçırilən təlimin iştirakçısı, tərcümə mütəxəssisi Sevinc Əliyeva: Yorğun iş həftəsindən sonra düşünürdüm ki, bu təlim daha da yorucu olacaq. Hətta Təlimə gəlməmək haqqında düşünürdüm. Amma yaxşı ki, son anda fikrimdən daşınıb, təlimə qatıldım. Doğurdan da, çox maraqlı təlim idi. Mənim üçün böyük motivasiya oldu. Sabahdan etibarən vətəndaşlarla işləməyə həvəslə davam edəcəyəm. 
    Qalib Cəfərov “ASAN” xidmətin əməkdaşı: – Bu gün əməkdaşlarla birlikdə 4 saatlıq təlimdə iştirak etdik. Təlim emosiyaların idarəedilməsi ilə bağlı idi. Düşündüyümdən də maraqlı keçdi və mənim üçün böyük motivasiya oldu. İnanıram ki, bu günkü təlim zamanı əldə etdiyimiz məlumatlar həm iş həyatımıza həm də şəxsi inkişafımıza müsbət təsir göstərəcək. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 14.10.2023 19:48