AZ EN RU

Asan xidmət mərkəzi – sosial problemlərin həllinin daha asan təminatçısı - FOTOLAR

    Muxtar respublikada bir ilk olaraq vətəndaşlara göstərilən xidmətlərin yüksək səviyyədə həyata keçirilməsini təmin edən “Asan xidmət” mərkəzi yaradılıb. Burada insanların sosial problemlərinin həlli daha asan formada həyata keçirilir. Hər sahədə olduğu kimi, buranın da özünəməxsus prinsipləri var. Belə ki, vətəndaşlara onların rahatlığı əsas götürülərək operativ, şəffaf, nəzakətli, məsuliyyətli və etik qaydalara riayət etməklə xidmət göstərilir. Mərkəzdə müasir  texnologiyalar, yeni üsullar tətbiq olunur. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda  əhalinin sosial xidmətlərə əlçatanlığını  təmin etmək üçün  müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Naxçıvan şəhərində fəaliyyətə başlamış “Asan xidmət” mərkəzi  də naxçıvanlıların müxtəlif xidmətlərdən yararlanması üçün tapşırılan vəzifələrin yerinə yetirilməsində səy və bacarığını əsirgəmir.

    Biz də “Asan xidmət” mərkəzində yaradılan şəraitlə yaxından tanış olduq. Mərkəzin direktoru Tural Əliyev bildirdi ki, “ASAN xidmət” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabe olan bir qurumdur. Naxçıvan regional “ASAN xidmət” mərkəzinin 18 may 2023-cü ildə açılış mərasimi keçirilib. İndiyə qədər mərkəzimizə 130 mindən çox müraciət olub. 
    Öyrəndik ki, mərkəzdə “Sürücülük vəsiqələrinin dəyişdirilməsi”, “Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi”, “Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi”, “Məhkumluq barədə arayışların verilməsi”, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı”, “Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı”, “Əmək pensiyalarının təyin edilməsi”, “Miqrasiya xidmətləri”, “Notariat fəaliyyəti”, “Konsulluq xidmətləri”, “Hərbi qeydiyyat”, “Kommersiya hüquqi şəxslərin və vergiödəyicilərinin qeydiyyatı”, funksional yardımçı xidmətlərdən bank, foto, tibb, tərcümə, kommunal (qaz, işıq, su), sığorta, poçt, psixoloq, loqoped xidmətləri fəaliyyət göstərir. Bundan başqa, mərkəzdə uşaqlar üçün ödənişsiz uşaq əyləncə mərkəzi, “ASAN kafe”, kitabxana və sair imkanlar da yaradılıb. Mərkəzdə daha çox müraciət “Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi” və “Notariat fəaliyyəti” xidmətləridir ki, bu xidmətlərdən yararlanan vətəndaşlar sonda öz təkliflərini mərkəzin təşəkkür kitabında qeyd edir və ya rəy sorğularında könüllülərə bildirirlər. 
    Tural müəllim vurğuladı ki “ASAN xidmət” mərkəzlərində ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananlar və şəhid ailələrinin üzvləri üçün xüsusi xidmət təşkil edilmişdir. Həmin xidmət vasitəsilə müvafiq kateqoriyadan olan şəxslər xidmətlərdən növbə gözləmədən yararlana bilirlər. Göstərilən xidmətlər qazi və şəhid ailə üzvlərinin yalnız özləri ilə bağlı olan müvafiq işlərə şamil edilir. Məqsəd onların daim xalqımızın diqqət mərkəzində olduqlarını göstərməkdir.
    Naxçıvan regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən xidmətlərdən biri də “Nikahın qeydə alınması” xidmətidir. Nikaha daxil olmağı arzu edən şəxslər öncə tibbi müayinədən keçməlidirlər. Müayinədən keçdiklərini təsdiq edən arayışla birlikdə tələb edilən digər sənədləri təqdim edərək nikaha daxil olmaq istədiklərini bildirən ərizə yazmalıdırlar. Nikahın təntənəli şəkildə qeydə alınmasını istəyən şəxslər üçün mərkəzdə təntənəli nikah otağı yaradılmışdır. Nikahın qeydə alınması müddəti 1 aydır. Amma istisna hallar da nəzərə alınır. Bu hallar müvafiq sənədlərlə (ezamiyyə vərəqəsi, tibbi arayış, doğum haqqında şəhadətnamə və sair) təsdiq edilməlidir. Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunduğu üçün biz də istiqamətləri o yöndə aparırıq. 
    Müsahibim diqqətə çatdırdı ki, “ASAN xidmət” mərkəzində əhali tərəfindən ən çox sevilən layihələr “Əsgərə məktub”, “ASAN məktub” kimi layihələrdir. Eyni zamanda vaxtın idarə edilməsi, stressin idarə olunması, işgüzar etiket, könüllülük fəaliyyəti kimi maarifləndirici tədbirlər də həyata keçiririk. Şagirdlərin tanımadıqları əsgərlərə ünvanladığı hər məktub səmimiyyət dolu müraciətidir. “Əsgərə məktub” layihəsinin vətənpərvərlik ruhunun formalaşdırılması baxımından əhəmiyyəti böyükdür. 
    Mərkəzdə növbə gözləyən zaman vətəndaşların həmin müddəti səmərəli keçirməsi üçün kitab guşələri də yaradılıb. Mərkəzin kitabxanasında hər kəsin maraq dairəsini əhatə edə biləcək, təqribən, 1000-ə yaxın kitab var və bunlar içərisində Azərbaycan ədəbiyyatı daha çox üstünlük təşkil edir. Kitab guşəsindən istifadə etmək istəyən vətəndaşlara könüllülərimiz tərəfindən köməklik göstərilir. 
    Könüllü fəaliyyətindən danışan Tural müəllim onu da diqqətimizə çatdırdı ki, “ASAN xidmət” mərkəzlərinin ən mühüm resurslarından biri könüllülərdir. Cəmiyyətin və özünün inkişafı üçün birlikdə həvəslə işləmək dəyərli bir qabiliyyətdir. Könüllülər obyektivliyi, enerjisi, bilik və bacarıqları ilə mərkəzdə vətəndaşlara keyfiyyətli xidmətin göstərilməsində və vətəndaş məmnunluğunun artırılmasında mühüm rol oynayırlar. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllülərin əldə etdikləri təcrübə gələcəkdə iş həyatlarında uğur qazanmaqda onlara köməklik edir. Onlar mərkəzdə könüllü müqaviləsi əsasında fəaliyyət göstərirlər ki, bu müqavilənin müddəti 2 ay üçün nəzərdə tutulur. Könüllülər vətəndaş axınının idarə olunması, vətəndaş məmnunluğunun təmin edilməsi, mərkəzin daha operativ şəkildə fəaliyyət göstərməsinə yardımçı olurlar. Xidmət dövründə cəlb olunmuş könüllülər vətəndaşların qarşılanması, məlumatlandırılması, anketlərin doldurulması, elektron lövhələrdə işləmə, növbələrin verilməsi və vətəndaş məmnunluğunu ölçmək üçün sorğularda iştirak etmək kimi fəaliyyətləri həyata keçirirlər. 
    Sonda müsahibimiz qeyd etdi ki, Naxçıvan Muxtar Respublikasında yaşayan əhali “ASAN xidmət” mərkəzinin açılmasını səbirsizliklə gözləyirdi. Vətəndaşların əlavə xərclərinin, vaxt itkisinin azalması, peşəkarlıq səviyyəsinin, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edən kollektivin olması, müxtəlif dövlət orqanlarının bir mərkəzdə yerləşdirilməsi vətəndaşlar üçün stimuldur. Yaxın gələcəkdə isə Naxçıvanda Səyyar “ASAN xidmət”in təşkil olunması da nəzərdə tutulur.  
    Vətəndaşlar “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər, tələb olunan sənədlər barədə suallarını əlavə vaxt itirmədən, xidmət mərkəzlərinə getmədən operativ şəkildə cavablandırılması üçün respublikanın istənilən regionundan stasionar telefonlardan ödənişsiz olaraq 108 çağrı mərkəzinə müraciət edə, həmçinin asan@asan.gov.az elektron poçt ünvanı və ya “ASAN xidmət”in rəsmi “Facebook”, “Instagram” səhifələri vasitəsilə bildirə bilərlər.

Bülbül Quliyeva
 Aysel YUSİFZADƏ

Nəşr edilib : 11.10.2023 19:21