AZ EN RU

“Asan İnnovativ İnkişaf Mərkəzi” nin idarə heyəti Naxçıvan Dövlət Universitetində olub

“Asan İnnovativ İnkişaf Mərkəzi”nin direktoru Aysel Cəbrayılova, “İnsight House” kollecinin təsisçisi Könül Əliyeva Naxçıvana səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində olublar.

“Asan İnnovativ İnkişaf Mərkəzi”nin direktoru Aysel Cəbrayılova qeyd edib ki, mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir. Bildirilib ki, mərkəzin əsas missiyası innovativ təşəbbüskarlıq ruhunu və startap ekosistemini inkişaf etdirmək, insanları fərqli düşünməyə təşviq edən bir mühit yaratmaq, öz innovativ bizneslərini inkişaf etdirmək üçün təşəbbüskarlara dəstək görməkdir.

Görüşdə özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi istiqamətində yeni texnologiyaların tətbiqi, texniki dəstək və İT xidmətlərinin verilməsi, müxtəlif növ tədbirlərin keçirilməsi və yeni əməkdaşlıqların qurulması barədə ətraflı məlumat verilib.

“İnsight House” collecinin təsisçisi Könül Əliyeva öz növbəsində səmimi qəbul üçün rektora öz minnətdarlığını bildirib. Könül Əliyeva marketinq,  yumşaq bacarıqlar, vətəndaş məmnuniyyəti, emosiyaların idarə olunması və digər mövzulara toxunub.

Universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb. Rektor universitetin mövcud şəraiti, beynəlxalq əməkdaşlıq məsələlərində qazanılan uğurlar, gələcək inkişaf strategiyası haqda danışıb. Elbrus İsayev texnopark, elmi-tədqiqat, informasiya təhlükəsizliyi, akademik təlimlər, müasir yanaşmalar, komanda şəklində işləmək bacarığı və digər mövzular üzrə birgə əməkdaşlığın səmərə verəcəyinə əminliyini ifadə edib. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində müəyyən mövzulara toxunulub, gələcək perspektivlər müəyyənləşdirilib.

Səadət Əliyeva NDU-nun Televiziya,

 mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 13.10.2023 14:54