AZ EN RU

Arzulardan reallığa 20 il

Hər bir azərbaycanlının Prezidenti olmağı bacaran Lider

Lap əvvəldən başlamaq istəyirəm. O əvvəldən ki hər şey yeni başlayırdı. Əsrin 90-cı illərində ölkənin düşdüyü ağır vəziyyətin fonunda blokadada olan Naxçıvan sakinləri bunu öz həyatlarında çox ağır şəkildə hiss edirdi. Həmin illərdə hələ çox balaca olsam da evdə, ailədə olan söhbətlərdən, az-çox gördüklərimdən nəyinsə yolunda getmədiyini hiss edirdim. Əmilərimin sübhün gözü açılmamışdan çörək almaq üçün evdən çıxdıqlarını, axşamtərəfi bibimi işdən gətirmək üçün mütləq şəkildə onu qarşılamağa getdiklərini indi də çox yaxşı xatırlayıram. Məhəllədə neft, ondan sonra isə qaz doldurmaq üçün dayanan iri çənli maşınları, qışlıq neft almaq üçün bidonlarla sıraya düzülmüş qonşularımızı, səhər bir stəkan isti çay içə bilmək üçün nənəmin yandırdığı, yandırmaqdan daha çox da tüstülətdiyi samovarı, ata-anamın isitmək üçün dəridən-qabıqdan çıxdığı otağı, hər səhər gözümü açanda nəzərlərimi qarşılayan soyuq divarları və o divarda hələ də qalan, amma artıq heç bir əhəmiyyət daşımayan qaz borusunu da xatırlayıram. 

    Bir də səhər tezdən yollandığım məktəbdə yolboyu müşahidə etdiyim yarıdağılmış asfaltı, hərəkət etdiyim yerin nə zamansa piyada səkisi olduğunu göstərən beton parçalarını, şüşələri qırıldığı üçün və yandıracaq heç bir şey olmadığı üçün buz kimi sinif otaqlarını, vaxtaşırı olaraq da, mənim növbəm çatdığı zamanda, neftlə işləyən sobanı yandırmaq üçün bir litrlik şüşə butulkada əllərim havanın ayazından qarsımış və donmuş şəkildə məktəbə apardığım nefti, qara tüstü-duman bürümüş sinif otaqlarını da xatırlayıram. Bunlar bütün məktəb həyatım boyunca mənim, eləcə də mənimlə birgə – məndən əvvəl və bir müddət sonra təhsil alanların da yaddaşında olanlardır. Bunlar 90-cı illərin xatirələridir. Düşünürəm ki hansı yaşda oluramsa olum, yəqin ki, elə mənimlə həmyaş olanlar da, indi hansı şəraitdə olmağımızdan asılı olmayaraq, həmin illəri heç zaman unutmayacaq, unuda bilməyəcək. 
    Əslində, böyük tarixin bir parçası olmaq, ona şahidlik etmək insanda çox böyük qürur hissi yaradır. Dəyişilməsinə şahidlik etdiyin bir proses, bir məkan haqqında danışmaq insanın özünü də tarixə çevirir, əslində. Həmin illərdə bunun o qədər fərqinə varmasam da, indi artıq bunu tam şəkildə dərk edə bilmək, özünü o tarixdən bir an olaraq görə bilmək insana fərqli duyğular yaşada bilir. 
    2003-cü ildə əsaslı təkamülün və modernləşmənin yeni mərhələsinin başlandığı, inkişafın yeni müstəviyə keçdiyi zaman mən hələ məktəbli idim. Amma dəyişimin bir addımlığındakı prosesləri tam aydın görürdüm onda; özüm şahidlik edirdim, müşahidə edirdim və anlayırdım...
    Hərdən uşaq təxəyyülümün dərinliklərində ilişib qalan bir ifadə düşür yadıma; dəryalar mürəkkəb olsa, meşələr qələm... Kiçik yaşlarımdan nağıllarda eşitdiyim və fikri həqiqi mənasında qəbul etdiyim üçün dərk etməkdə çətinlik çəkdiyim bir ifadə idi bu. Həmişə sonsuzluğu, çoxluğu mübağiləli şəkildə bildirirdi bu fikir. Mənsə bunu çox sonralar tam mənası ilə anlaya bilmişdim. Amma indi sizə danışacaqlarımda bu ifadə mübağiləni yox, tam reallığı əks etdirir.
    Tarixin ədəbiyyat yaddaşında belə bir müdrik kəlam var: keçmişə əsaslanıb gələcəyi görmək. 2003-cü ildə Azərbaycan xalqı da məhz həmin keçmişə əsaslanıb gələcək üçün həmrəy oldu. Dahi şəxsiyyətin uzaqgörən siyasətinin, möhkəm strategiyaya əsaslanan inkişaf konsepsiyasının uğurla davam etdirilməsinə – İlham Əliyevə səs verdi. Bəs həmin tarixdən ötən 20 il bizə nəyi göstərdi? 20 il bizim üçün böyük, tarix üçün isə kifayət qədər kiçik ölçüdür. Amma...
    20 il xalqını, Vətənini, dövlətini sevən adamın istənilən sahədə uğur qazana biləcəyini bizə əyani sübutlarla göstərdi. Məhz xalq, Vətən, dövlət sevgisinin əməli işdə sübut edilməsinin nəticəsi olaraq möhkəm qətiyyət, gərgin əmək və müdrik ideologiyaya sadiqliyin vəhdətindən doğan uğurlar qazanıldı. Bu nailiyyətlər müəyyən edilmiş inkişaf yolunun alternativsizliyini bir daha sübut etdi. Əzmkarlıq, siyasi iradə və ən əsası yüksək vətənpərvərlik nümunəsi ən çətin şəraitdə də hərtərəfli inkişafın mümkünlüyünü göstərdi.
    Siyasi olimpin zirvəsinə qalxanda “Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm”, – deyə verdiyi sözün üstündə duran lider inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanı tarix üçün kifayət qədər qısa sayıla biləcək zaman kəsiyində böyük tərəqqi yoluna, qazandığı sosial-iqtisadi nailiyyətlərlə nəinki regionda, həm də dünyada lider mövqeyə yüksəltdi. 
    Hindistanın görkəmli ictimai-siyasi xadimi İndra Qandi deyirdi ki, “Ən böyük qüdrət insanları sevməkdir”. Elə insanları sevməyin qüdrətidir ki, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik təcrübəsi və inkişaf amilləri əldə rəhbər tutularaq bu gün Azərbaycan və azad edilmiş Qarabağ torpağı qurulur, inkişaf edir, yüksəlir, regionun yeni inkişaf dövrü, tərəqqi erası yaradılır. 
    “Biz müstəqil dövlətik, öz taleyimizi özümüz həll edirik”. Prezident cənab İlham Əliyevin bu fikri atılan hər bir addımın əsasında ölkənin uğurlu gələcəyinin dayandığını göstərir. Bu addımlar Azərbaycanın parlaq gələcəyini təmin etməklə yanaşı, cənab Prezidentin xalqımıza verdiyi söz müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrilmişdir. 
    Azərbaycan Prezidentinin özünün də dediyi kimi: “Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar”. Azərbaycanda görülən hər bir işdə sevgi və vətənpərvərlik var. Biz bunu torpağı becərən əkinçinin alın tərində, yaxşı təhsil alıb, layiqli mütəxəssis kimi yetişmək istəyən tələbənin xəyalında, yollar salan, binalar tikən mühəndisin əməyində və nəhayət, Qarabağı kərpic-kərpic bərpa edib, gələcəyi quran Müzəffər Liderin obrazında görürük. 
    “Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir”, – deyən ölkə başçısı təkcə Azərbaycan xalqının yox, ümumilikdə, Qafqaz xalqlarının taleyini dəyişə biləcək strateji təfəkkürə malikdir. Bunu isə hər birimiz əyani şəkildə görürük. Onun yüksək səviyyəli siyasətçi, mahir diplomat, strateq və sərkərdəlik səriştəsinin, xalqını sevən lider obrazının təcəssümü Xalq-Lider birliyinin vəhdətini ortaya çıxarır. Biz yeni tarixi epoxanın şahidləriyik. Bizim üzərimizə düşən isə bir parçası olduğumuz, şahidlik etdiyimiz bugünkü şanlı tarixin salnaməsini gələcək nəsillərə çatdırmaqdır. Çünki tarix qüdrətli şəxsiyyətlərin əməlləri ilə yaradılır, yazılır və yaşadılır. Tarix yazanlar isə əbədi yaşayır. Bu gün biz müasir Azərbaycanın tarix kitabını səhifələyirik. 
    Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanın ən nüfuzlu liderlərindən biri olaraq qəbul edilməsi onun qlobal fəaliyyətinin məntiqi nəticəsidir. Cənab Prezidentin dünya lideri kimi özünü təsdiqlətməsi belə əsaslandırılır: Türkiyə ilə münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəltdi, sarsılmaz bağlar yaratdı, ordusunu modernləşdirdi, Qarabağdakı 30 illik işğala son qoydu, milli mənəviyyatımıza vurulan ağır və sarsıdıcı zərbəyə son qoyaraq bir xəyalı gerçəkləşdirdi, Qərbin dəstəklədiyi Ermənistanı məğlub etdi, Ermənistanın bütün niyyətlərini puça çıxardı, Rusiya və Qərb arasında inanılmaz tarazlaşdırılmış siyasət həyata keçirdi, inanılmaz bir diplomatiya yürütdü, həm meydanda, həm siyasi masada qələbə qazandı. Bu bir tarixi gerçəklikdir ki, cənab İlham Əliyevin dünya liderlərindən biri olması artıq qəbul edilmişdir. O bunu qəbul etdirdi. 
    Bəs mənim uşaqlığımın yaddaşına həkk olunmuş köhnə Naxçıvan? Rus yazıçı və filosofu Aleksandr Gertsenin şairanə frazası yada düşür: “Çiçək bitkinin məqsədi və onun həyatının mənasıdır”. Məhz bu amal Naxçıvanın yeni epoxada müasir inkişafına təkan verən şəxsiyyətin muxtar respublikanı ölkə və beynəlxalq müstəvidə yeni mərhələyə qaldırmasına imkan yaratdı. 
    Yüz ilə yaxındır ki, Azərbaycanın əsas hissəsindən ayrı düşmüş, olduqca əhəmiyyətli nəqliyyat dəhlizlərinin qovşağında yerləşən və geostrateji mövqeyə malik bir bölgədə yerləşən Naxçıvana diqqət artırıldı. Naxçıvan aqrar bölgədən sənaye-aqrar kompleksinin formalaşıb inkişaf etdiyi sənaye bölgəsinə çevrildi. 90-cı illərdə enerji problemləri ucbatından ağır şəraitdə yaşayan Naxçıvan bu gün enerji ixracatçısı qismində Avropanın enerji təhlükəsizliyinə dəstək vermək əzmindədir. Naxçıvanın dünəni ilə bu gününün mənzərəsi fonunda insanlar nələrə sahib olduqlarını yaxşı bilirlər. Bu torpaqlar tarixin heç bir mərhələsində bugünkü qədər gözəl, abad və güclü olmayıb. Bu gün Naxçıvan arzu və istəklərin reallaşması ilə işıqlanan, hər birimizin qürur yeri olan doğma diyardır. 
    İndi Naxçıvan iki ölkə liderinin tarixi görüşünə şahidlik edən, Azərbaycanın Gənclər paytaxtı, İslam Mədəniyyətinin paytaxtı, Avropa günlərinin keçirildiyi məkan ünvanını daşımaqla yanaşı, Türk Dövlət Başçılarının Zirvə görüşünə, Türk Şurası Gənc Liderlərinin ilk forumuna, beynəlxalq konfranslara, idman yarışlarına ev sahibliyi edən, yüzlərlə xarici turisti qonaqpərvərliklə qarşılayan Şərq memarlığı ənənələri ilə ucalan müasir Qərb şəhəridir.
    Əvvəldə qeyd etdiyim “dəryalar mürəkkəb olsa, meşələr qələm” ifadəsi indi nağıl içindəki gerçəklikdir, etiraf edək ki, çoxlarının həsəd apara biləcəyi inanılmaz gerçəklikdir. Hər bir azərbaycanlının Prezidenti olmağı bacaran Liderin yaratdığı gerçəklikdir. 
    PS. Əslində, əvvəldə qeyd etdiyim o qaz borusu çox böyük bir ümidin simvolu idi bizim üçün. Yenidən mavi yanacağın şölələnəcəyinə inamın simvolu. Uzun illər, hətta həyətdəki divarda – məhz yeni qaz xətti çəkilənə qədər – 2005-ci ilə qədər o boru öz yerində qaldı. Mənim üçün o boru başqa bir mənanı da ifadə edirdi; insanların öz liderinə olan inamlarının simvolunu. 

Məmməd BABAYEV

Nəşr edilib : 30.10.2023 20:39