AZ EN RU

Arxeoloji qazıntı mövsümünün başlanması ilə bağlı müşavirə keçirilib

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə arxeoloji qazıntı mövsümünün başlanması ilə əlaqədar müşavirə keçirib.

Bu barədə AMEA-dan məlumat verilib. AMEA-nın Rəyasət Heyətində keçirilən tədbirdə akademik İsa Həbibbəyli bildirib ki, builki arxeoloji qazıntı mövsümü Qarabağın işğaldan azad edilmiş ərazilərini də əhatə edir və hazırda burada 3 arxeoloji ekspedisiya fəaliyyət göstərir. AMEA-nın Rəyasət Heyəti tərəfindən arxeoloqlara dron və GPS cihazının bağışlandığını deyən akademik İsa Həbibbəyli müasir texnologiyaların tətbiqi ilə tədqiqatların keyfiyyətinin və səmərəliliyinin artırılmasına xüsusi diqqət yetiriləcəyini vurğulayıb. Akademik İsa Həbibbəyli bu günlərdə arxeoloji qazıntı mövsümünün başlanması ilə əlaqədar AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun alimlərinin iştirakı ilə geniş tərkibdə iclasın keçirildiyini xatırladıb. O, mövsümün sonunda yekun tədbirin keçiriləcəyini, burada hər bir qrup üzrə hazırlanacaq elmi hesabatların dinləniləcəyini, ekspedisiya zamanı aşkara çıxarılmış maddi-mədəniyyət nümunələrindən ibarət sərginin təşkil olunacağını, Azərbaycan arxeologiya elmi üçün bir sıra vacib məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırıb.

Sonra AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev çıxış edərək arxeoloji qazıntıların miqyası və arealı, həmçinin təşkil edilmiş ekspedisiya qrupları, onların marşrutu, fəaliyyət istiqamətləri barədə məlumat verib.

Müşavirədə arxeoloji ekspedisiyaların təşkili qaydalarına təklif edilən dəyişikliklər haqqında məsələlər müzakirə edilib və aidiyyəti qurumlarda məsələyə baxılmasının gedişi və qarşıda duran vəzifələr haqqında söz açılıb.

Müzakirələrdə AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, eləcə də Rəyasət Heyətinin Maliyyə və mühasibatlıq şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev, Hüquq şöbəsinin müdiri Kamal Əliyev və Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva fikir və təkliflərini səsləndiriblər.

Sonda İsa Həbibbəyli arxeoloji qazıntı işlərinin yüksək səviyyədə təşkil edilməsi üçün zəruri şəraitin yaradıldığını, AMEA rəhbərliyi tərəfindən hər cür dəstəyin verildiyini diqqətə çatdıraraq, qazıntı işlərinin şəffaflığının artırılması barədə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun rəhbərliyinə müvafiq tapşırıqlarını verib, tövsiyələrini bildirib. Arxeoloji qazıntı işlərinin elmi əhəmiyyətinə toxunan AMEA rəhbəri tədqiqatların nəticələrinin ümummilli məsələ olduğunu və yaxın günlərdə ekspedisiyaların işi ilə əyani tanış olmaq üçün bir sıra arxeoloji qazıntı yerlərinə baxış keçirəcəyini vurğulayıb.

Tədbirdə müzakirə edilən məsələlərlə bağlı aidiyyəti şəxslər də iştirak ediblər.

Nəşr edilib : 17.07.2023 15:40