AZ EN RU

“Arxeologiya sahəsində Azərbaycan-Koreya elmi əməkdaşlığı” - beynəlxalq konfrans

İyunun 20-də AMEA-da “Arxeologiya sahəsində Azərbaycan-Koreya elmi əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli artıq üç ildir ənənəvi olaraq keçirilən tədbirin milli-mədəni irsimizin, tariximizin təbliği, mədəniyyətimizin hərtərəfli öyrənilməsi, həmçinin turizm baxımından əhəmiyyətini vurğulayıb. AMEA rəhbəri qeyd edib ki, son illərdə Azərbaycan-Koreya arxeoloji ekspedisiyası Qarabağda geniş tədqiqat işləri aparıb. Koreya arxeoloqlarının iştirakı ilə Füzulidə Yedditəpə kurqanlarında aparılan tədqiqatlar zamanı mühüm nəticələr əldə olunub. Bir neçə il öncə AMEA-nın müxbir üzvü, mərhum professor İlyas Babayevlə birgə Qəbələdə Azərbaycan-Koreya birgə arxeoloji ekspedisiyası elmi tədqiqatlar aparıb. Həmçinin Arxeologiya və Antropologiya İnstitutunun Qəbələ etnoqrafik ekspedisiyası Qəbələ bölgəsində kompleks tədqiqatlar aparıb. Bunun nəticəsi olaraq Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə 3 dildə kitab çap olunub. Azərbaycanın tarixçi, etnoqraf, arxeoloq və folklorşünasları bu kitabdan mühüm mənbə kimi istifadə edirlər.

Antropologiya sahəsində fundamental xarakterli elmi tədqiqatların həyata keçirilməsinin, yüksəkixtisaslı kadrlar hazırlanmasının zəruriliyini qeyd edən akademik İsa Həbibbəyli Azərbaycanda antropologiya elminin inkişafı istiqamətində AMEA-da mühüm işlər görüldüyünü diqqətə çatdırıb. AMEA rəhbəri arxeoloji qazıntıların Azərbaycanın bütün coğrafiyasını əhatə etməsinin, o cümlədən birgə ekspedisiyaların fəaliyyətinin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq çıxış edərək ölkələrimiz arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu, hazırda əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib. O, Azərbaycanda Koreya mütəxəssislərinin iştirakı ilə 2009-cu ildə başlanılan arxeoloji tədqiqatlar zamanı mühüm elmi nəticələrin əldə olunduğunu deyib. Bildirib ki, Qəbələnin arxeoloji tədqiqatında koreyalı mütəxəssislərin iştirakı iki ölkə arasında əməkdaşlıq tarixində yeni səhifə açıb.

Tədbirdə Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev Qəbələ Arxeoloji Mərkəzinin fəaliyyəti, müxtəlif illərdə aparılan arxeoloji tədqiqatlar və onların uğurlu nəticələri, üzə çıxarılan nadir tapıntılar haqqında məlumat verib. O, Azərbaycanda arxeoloji abidələrin, maddi mədəni irsin araşdırılmasına böyük diqqət və qayğı göstərildiyini qeyd edib.

Konfransda “Qəbələ qazıntılarından aşkar edilmiş Roma idxalına aid nümunələr”, “Şərqi və Qərbi Avrasiyada aşkar edilmiş süni deformasiyalı kəllələr”, “Erkən Dəmir dövründə Qafqazın iqtisadi və intellektual mərkəzi (e.ə.X əsr)”, “Koreya yarımadasında qazılmış Araba çətir komponentləri” və digər mövzularda məruzələr dinlənilib.

Tədbirdə Koreya, Türkiyə və Gürcüstanın arxeologiya sahəsində tanınmış alim və mütəxəssislərı, Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları iştirak ediblər.

Nəşr edilib : 20.06.2024 14:59