AZ EN RU

Artıq (d) olanda dərd verir su da (göl də)

Son illər dünyada iqlim dəyişikliklərinin təsiri altında yağıntıların paylanma həcmində ciddi fərqliliklərin yaranması, əksər bölgələrdə rütubətlilik əmsalının aşağı düşməsi qlobal su böhranını kəskinləşdirib. Demək olar ki, bəzi ölkələrdə çaylar, təbii və sonradan yaradılan süni göllər quruyur, su təminatında ciddi problemlər yaranır. Mütəxəssislər bu vəziyyəti gələcəkdə yaranacaq “su müharibələri”nin səbəbi kimi də qiymətləndirirlər. Bəzi ölkələr isə yarana biləcək hər hansı bir təhlükəyə qarşı transsərhəd çayları üzərində su anbarları tikərək problemi həll etməyə çalışırlar.

Qlobal su böhranı son illər ölkəmizdən, eləcə də Naxçıvan Muxtar Respublikasından da yan keçməyib. Muxtar respublikanın əksər ərazisində quraq və yarımquraq iqlim şəraiti hökm sürür. Eyni zamanda əhalinin təbii artımı, kənd təsərrüfatı və iqtisadiyyatın inkişafı, suya olan tələbatı gündən-günə artırır. Ələlxüsus, su ehtiyatlarından səmərəsiz istifadə və onun düzgün yönləndirilməməsi aqrar sektorda bəzi problemlərin, narazılıqların da yaranmasına səbəb olur. Son illər fermerlər, kəndlilər təsərrüfatlarının suvarma suyuna olan ehtiyaclarının ödənilmədiyindən şikayət edirlər. Suvarma suyunun çatışmazlığı kənd təsərrüfatı məhsulu istehsalı üçün çox ciddi problemlər yaradır. Halbuki yağış sularını toplayıb onlardan istifadə etməklə bu problemin qarşısını müəyyən qədər almaq mümkündür.

Naxçıvanda isə bunu etmək üçün kifayət qədər təbii və süni göllər var. Cari ildə yağan güclü yağışlar, eyni zamanda dağlarda yağıntının çox olması muxtar respublikada bol su ehtiyatının yaranmasına səbəb olub. Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə,  muxtar respublikanın əsas sututarlarından biri hesab olunan, ümumi həcmi 100 milyon kubmetr olan Heydər Əliyev Su Anbarında iyun ayının 11-nə olan məlumata əsasən 93,01 milyon kubmetr su var. Su anbarının faydalı su həcmi isə 90 milyon kubmetrdir. Digər tərəfdən, intensiv yağıntılar nəticəsində artıq muxtar respublika ərazisində suvarma üçün yararlı olan göllərin hər birinin dolmasıdır.

Bundan sonrakı yağışlı hava şəraitini və dağlardan gələn qar sularını nəzərə alsaq, o zaman belə bir sual yaranır: ehtiyat sular harada toplanacaq və ya bu suları toplamaq üçün nə etmək lazımdır? Təəssüf hissi ilə qeyd edə bilərik ki, uzun illərdir, Naxçıvanda yağış sularının toplanılması və ondan təsərrüfatlarda istifadə olunması təcrübəsi formalaşmayıb. Düzdür, mövcud olan göllər və ya bəzi su anbarlarına su yığılıb, lakin davamlı yağıntılardan lazımınca toplanılmadığından böyük həcmdə su boşuna axaraq selə çevrilir.

Hazırkı şəraitdə də suyun bol olmasına baxmayaraq, bundan yenə də səmərəli istifadə olunmur. Yağıntılar nəticəsində yığılan sular əkin sahələrinə və çay məcralarına axıdılır. Halbuki yağış sularından istifadənin böyük perspektivləri var. Yaponiya, ABŞ, eləcə də bəzi Avropa ölkələrində yağış suları şəbəkəsi ayrıdır. Ölkə rütubətlidirsə, su ehtiyatları ilə yaxşı təmin olunubsa, bu zaman yağış suları ayrıca olaraq birbaşa çaylara axıdılır. Burada məqsəd çayların ekoloji sistemlərinin dəstəklənməsi, həmçinin çaylarda suyun bolluğunu təmin etməkdir. Bəzi ölkələrdə isə yağış suları müəyyən su anbarlarına, yeni yaradılan süni göllərə yığılır. Bu göllər isə daha çox dağətəyi bölgələrdə yaradılır. Muxtar respublikanın Kiçik Qafqaz dağlarının ətəyində yerləşdiyini nəzərə alsaq, bu cür gölləri bizdə də yaratmaq olar və bu cür fəsillərdə kifayət qədər su ehtiyatı toplamaq mümkündür. Təbii ki, göllər yaradılarkən ərazinin relyefi nəzərə alınmalı, mütxəssislər tərəfindən kompleks tədqiqatlar aparılmalı və buna uyğun işlər görülməlidir. Bəzi ölkələrdə mövcud göllərin, axan çayların yaxınlığında süni göllərin salınması təcrübəsi də var. Hər halda mütəxəssislər bu haqda daha düzgün qərar verə bilərlər. Əlbəttə, bu işlər həyata keçirilsə, Naxçıvanda bu qədər su problemi də yaşanmaz, yerüstü, yeraltı su mənbələrindən də istifadə etmək mümkün olar. Bəs yağış sularını istifadə üçün muxtar respublikada belə süni göllər yaradıla bilərmi? Aidiyyəti qurumdan bildirildi ki, cari ilin yaz aylarından başlayaraq muxtar respublikada yağıntıların miqdarının ötən illərə nisbətdə daha çox olması su ehtiyatlarının artmasına imkan verib: “Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi bu müddət ərzində su anbarlarına suyun yığılmasını etibarlı təmin edib. Qeyd etdiyimiz kimi, cari ildə yağıntıların miqdarının çox olması su anbarlarının tam dolması, muxtar respublikanın içməli və suvarma su təminatının yaxşılaşdırılması üçün tam imkan verib. Bununla yanaşı, növbəti aylarda da sudan səmərəli istifadə edərək mövcud su ehtiyatından qənaətlə faydalanmaq lazımdır. Hazırda ümumi həcmi 600 min kubmetr olan Nursu gölünün əsaslı təmir-bərpası üçün layihələndirilmə işləri aparılır. Ümumi həcmi 850 min kubmetr olan Qanlıgölün layihə-smeta sənədləri Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunub və əsaslı təmir işlərinin görülməsi üçün tender müsabiqəsi elan edilib”.

Ümumi olaraq, yağış suları tamamilə təmiz və ödənişsiz bir resurs olmaqla ərazilərin su ilə təminatında mühüm vasitədir. Eyni zamanda, mütəxəssislər yağış sularını kənd təsərrüfatı üçün daha çox tövsiyə edirlər. Son olaraq, burada suvarma metodları da diqqətdə saxlanılmalıdır. Muxtar respublikada, demək olar ki, bütün suvarılan torpaqlar selləmə üsulu ilə suvarılır. Ekoloji baxımdan isə bu, torpağı gücdən salır, sıradan çıxarır. Selləmə suvarma zamanı yerin təkinə filtirasiya edilən su qrunt sularının səviyyəsini yüksəldir, qrunt suları isə özü ilə birlikdə yerin təkindəki zərərli duzları torpağın üst qatına qaldırır. Nəticədə, torpaqda şoranlaşma başlayır. Buna görə də su ehtiyatlarının yaradılması ilə yanaşı, suvarmada meliorativ qaydalara da əməl olunmalıdır.

Müasir dövrdə bəşəriyyəti su qıtlığından xilas etmək cəmiyyətin ən mühüm vəzifəsi kimi gündəlikdə durur. Azərbaycanda da su ciddi problemdir və mütəxəssislər bunu ölkənin üzləşdiyi əsas ekoloji, eyni zamanda iqtisadi təhlükə hesab edirlər. Ölkəmizin su ehtiyatları, əsasən, Araz və Kür çayı, onların qolları suya olan tələbatın əhəmiyyətli hissəsini ödəyir. Lakin su ehtiyatlarının qonşu dövlətlərlə bölüşdürülməsi ilə bağlı mübahisələr və iqlim dəyişikliyinin təsiri səbəbindən bu çayların axını azalır və Azərbaycanın su ehtiyatları getdikcə azalır. Azərbaycan su ehtiyatlarının davamlı idarə olunması üçün müxtəlif siyasət və layihələr hazırlayıb. Bunlara sudan səmərəli istifadə, suvarma texnikasının modernləşdirilməsi, suyun təmizlənməsi və sair kimi tədbirlər daxildir. Bundan əlavə, beynəlxalq əməkdaşlıq və su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı digər ölkələrlə aparılan danışıqlar da mühüm yer tutur. Bununla yanaşı, 2025-ci ilə qədər ortamüddətli, 2030-cu ilə qədər isə uzunmüddətli dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması, daxili çaylar üzərində su anbarlarının tikilməsi, alternativ sulardan istifadənin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması hədəflənir.

Ümumiyyətlə, su qıtlığı problemi son illər kənd təsərrüfatı istehsalına mənfi təsirini göstərir. Suvarma üçün istifadə olunan suyun miqdarı artdığı halda, su ehtiyatlarının azalması səbəbindən kənd təsərrüfatı torpaqlarının məhsuldarlığı aşağı düşür. Bu vəziyyət aqrar sahə üçün də həyəcan siqnalı verir. Su qıtlığı təkcə kənd təsərrüfatına deyil, həm də Azərbaycanın sənaye və şəhər ərazilərinə təsir edir. Sənaye və şəhərlərdə suya tələbat artdıqca, məhdud su ehtiyatları daha çox təzyiq altında olur. Bu vəziyyət suyun daha səmərəli istifadəsi və suyun təkrar emalı kimi su idarəetmə təcrübələrinin əhəmiyyətini artırır. Mütəxəssislər hesab edir ki, suya qənaət edən yeni suvarma texnologiyalarına keçmək önəmlidir. Bununla, kənd təsərrüfatında ən azı 40-50 faizə çatan su itkilərinin qarşısı alına bilər. Həmçinin insanların maarifləndirilməsi ilə də suya xeyli qənaət etmək mümkündür.

Ölkəmiz bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) ev sahibliyi edəcək. Ötən günlərdə bununla bağlı açıqlama verən ekspertlər vurğulayıblar ki, COP29 çərçivəsində dünyanın su ehtiyatlarının qorunması və su təhlükəsizliyi ilə bağlı bir sıra təşəbbüslər irəli sürülə bilər: yeni, daha güclü öhdəlikləri olan su təhlükəsizliyi və iqlim dəyişikliyi mövzusunda güclü və konkret hədəfləri olan sənəd qəbul edilə bilər. Bu da su təhlükəsizliyində qlobal təşəbbüsləri gücləndirəcək. Həmçinin Azərbaycanın bu təşəbbüsdə aparıcı rolu və danışıqlarda əsas fiqur olması bundan sonrakı dönəmdə də Konvensiyanın tələblərinin yerinə yetirilməsində hesabatlılığı təmin etməkdə böyük üstünlük ola bilər. Məhz buna görə, təsadüfi deyil ki, COP29-un gündəliyindəki prioritetlər arasında su qıtlığı mövzusu mühüm yer tutur.

 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 03.07.2024 21:20