AZ EN RU

Arıçılarla növbəti müşavirə Ordubad rayonunda keçirilib

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Baytarlıq Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan Arıçıları” İctimai Birliyinin əməkdaşları “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar növbəti müşavirəni Dəstə kəndində keçiriblər.
    Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə təşkil olunan müşavirəni  icra hakimiyyətinin əməkdaşı Əli Heydərov açaraq tədbirin əhəmiyyətindən danışıb.
    Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar həyata keçirilən tədbirlər haqqında məlumat verib.
    Müşavirədə iştirak edən dövlət qurumlarının nümayəndələri mövzu ətrafında çıxış ediblər. Çıxışlarda arı ailələrinin qışlamaya hazırlanmasından danışılaraq vurğulanıb ki, qışlama dövründə arı ailələrini soyuqdan qorumaq üçün arı pətəklərini qışlama binasına yığmaq lazımdır. Qışlama binasının çox isti olması yolverilməzdir. Bu, balın pətəkdə rütubət almaq qabiliyyətinin itməsinə, arıların susuzluq çəkməsinə, arıların topası daxilində temperatur normasının pozulmasına səbəb olar və nəticədə, topa parçalana bilər, qışlamanın normal keçməsinə pis təsir göstərər. Noyabr ayından fevral ayının axırınadək arılar fəaliyyətsiz olur, bu müddət ərzində onlar açıq havada saxlandıqda belə uçmur, hətta pətəyin daxilində heç bir iş görmürlər. Bu zaman arılar çərçivələrin arasında yaza kimi bir-birinə möhkəm sıxılır, hərdən yem ehtiyatı olan tərəfə hərəkət edirlər. Başqa həşəratlardan fərqli olaraq arılar qışda anabioz (yuxu vəziyyəti) halında olmur, nəfəs alır, qidalanır və pətəkdə temperaturu 12-20 °C-də saxlayırlar. Arılar qaranlıqda qışlayır, ən zəif işıq belə onlara həyəcan gətirir və qış topasının dağılmasına səbəb olur. Buna görə də qışlama binasında tam sakitlik təmin edilməlidir.
    Sonda mütəxəssislər arıçı sahibkarları maraqlandıran sualları cavablandırıb, onlara yaddaş kitabçaları təqdim ediblər.

Naxçıvan  Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.12.2022 19:07