AZ EN RU

Arıçılarla müşavirə keçirilib

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, “Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsinin, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin əməkdaşları Kəngərli Rayon İcra Hakimiyyəti ilə birlikdə arıçılıq təsərrüfatı sahiblərinin iştirakı ilə “Payız mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılması və arıxanaların qışlamaya hazırlanmasının əhəmiyyəti” mövzusunda müşavirə keçirilib. 
    Müşavirəni Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Ağa Seyidov açaraq rayonda arıçılığın inkişafına göstərilən dövlət dəstəyindən danışıb.
    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev çıxış edərək deyib ki, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq bu sahənin inkişafı dövlət tərəfindən daim dəstəklənərək sahibkarlara subsidiya, kredit, pulsuz arı dərmanları verilir. Arı ailələrinin köçürülməsi üçün ərazilər ayrılır, bal süzən dəzgahların və arı pətəklərinin lizinq yolu ilə sahibkarlara satılması, arıçılıq məhsullarının satışı üçün təşkil olunan “Arıçılıq məhsulları – bal festival”ları və yarmarkalar arıçılıqla məşğul olan sahibkarlara stimul verir. 
    Mövzu ətrafında çıxışlardan sonra arıçılıqda məhsuldarlığın artırılmasında vacib mənbələrdən biri kimi arı ailələrinin payızda qışlamaya hazırlanması işinin düzgün təşkili və arıxanalarda cavan arı analarının olmasının əhəmiyyətindən danışıblar. 
    Sonda təsərrüfatçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər iştirakçılara paylanıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.10.2022 19:39