AZ EN RU

Araz-Türk Respublikasının yaradılmasının 105-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

    Cəmşid Naxçıvanski Muzeyində Araz-Türk Respublikasının yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib. Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, həmçinin Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə muzeyin direktoru Abasət Nuriyev açıb. “1918-1920-ci illərdə Naxçıvanın müdafiəsinin təşkili” mövzusunda çıxış edən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmlər doktoru, dosent Xəzər Hüseynov Araz-Türk Respublikasının yaradılmasında və Naxçıvanın müdafiəsində Naxçıvanskilərin rolundan danışıb. 
    Bildirilib ki, Araz-Türk Respublikasının ilk paytaxtı Türkiyə Cümhuriyyətinin İğdır şəhəri olub. Sonra isə müəyyən səbəblərə görə paytaxt Naxçıvana köçürülüb. Hazırda muzey kimi fəaliyyət göstərən bina o vaxt Araz-Türk Respublikasının binası olub. Vurğulanıb ki, Araz-Türk Respublikasının yaradılmasının başlıca səbəblərdən biri Naxçıvanın təhlükəsizliyini təmin etmək idi. Araz-Türk Respublikası erməni daşnaklarının bölgəyə girməsinin qarşısını alıb. Diqqətə çatdırılıb ki, eyni vəziyyəti Naxçıvan ötən əsrin 90-cı illərində də yaşadı. Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlişi ilə qədim diyarımız düşdüyü ağır vəziyyətdən qurtardı.
    Tədbirdə muzeyin fond mühafizi-elmi işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Gülnaz Hüseynovanın “Araz-Türk Respublikasının fəaliyyətində Naxçıvanskilərin rolu” mövzusunda çıxışı dinlənilib.
    Tədbirin sonunda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb, sonra muzeyə baxış keçirilib.

Rafiq TƏHMƏZOV
Ayşən ADIGÖZƏLOVA
    Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə II kurs tələbələri

Nəşr edilib : 17.11.2023 19:53