AZ EN RU

“Araz sahilində doğan günəş” tamaşası ictimaiyyətə təqdim olunub

Mayın 1-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlının qələmə aldığı “Araz sahilində doğan günəş” dramı əsasında hazırlanan eyniadlı səhnə əsəri tamaşaçılara təqdim olunub.

Tamaşa nümayiş olunmadan əvvəl çıxış edən teatrın direktoru, Xalq artisti Rza Xudiyev bildirib ki, səhnə əsəri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”na əsasən hazırlanıb. Tamaşaya Naxçıvan Muxtar Respublikasında nazirlik və komitələrin məsul vəzifəli şəxsləri, media nümayəndələri, ali və orta təhsil müəssisələrinin müəllim və tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları baxıblar.

 “Araz sahilində doğan günəş” tamaşası ötən əsrin əvvələrindən regionda,eləcə də ölkəmizdə baş verən ictimai, siyasi hadisələr, muxtariyyətin qazanılması uğrunda aparılan mübarizədən bəhs edir. Ermənilər və onun havadarları Naxçıvanı Ermənistana güzəştə getməyə çalışır. Lakin  Nəriman Nərimanov, Behbud ağa Şahtaxtinski, İbrahim Əbilov kimi milli ziyalılar onların məkrli planlarını puç edir. Səhnə əsərində “Moskva” və “Qars” müqavilələrinin tarixi mahiyyəti, naxçıvanlıların muxtariyyətin qazanılması üçün apardıqları mübarizə,eyni zamanda Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qardaş Türkiyənin göstərdiyi  mənəvi dəstək tarixi faktların işığında təqdim olunub.

Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşcu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada xalq artistləri-Rza Xudiyev (Tağı Səfiyev), Rövşən Hüseynov (Kərbəlayi Kərəm), Həsən Ağasoy (Bağır kişi), əməkdar artistlər-Əli Əliyev (Nəriman Nərimanov),Behruz Haxverdiyev (İbrahim Əbilov), Vidadi Rəcəbli (Veysəl bəy), Əbülfəz İmanov(Çiçerin), Nazlı Hüseynquliyeva (Müşkünaz arvad), Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev (Mustafa Kamal Paşa), Uğur Nəsirli (Mirzə Davud Hüseynov), Məmməd Mehdiyev (Behbud ağa Şahtaxtinski),Ələsgər Quliyev(Stalin),Anar Eyvazov (Yusif Kamal bəy) və digər aktyorlar, həmçinin “Təməl” teatrstudiyasının tələbələri rol alıb.

Tamaşa Ümummilli lider Heydər Əliyevin Naxçıvanın muxtariyyəti ilə bağlı səsləndirdiyi tarixi fikirləri ilə sona çatıb.

Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.05.2024 10:31