AZ EN RU

Araz şahiddir

Naxçıvan şəhərinin, demək olar ki, bir çox yerindən, nisbətən hündürlükdən açılan mənzərələrdə muxtar respublikanın cənub ətəklərində gözlərimiz qarşısında həmişə gümüş kəmər kimi parlayan və uzanıb gedən bir mənzərəni seyr edirik. Günəş üfüqdə qüruba gedəndə də son şüalarını onun üzərində seyr etmək imkanımız olur. Qızıl Günəş və gümüş kəmərin hər gün üçün son vidasını o üfüqdə müşahidə edirik. Araz çayı bizi hər səhər salamlayan, hər axşam vidalaşan Günəşin şəfəqləri ilə sərhədboyu hey parlayır. Yəqin ki, onun Naxçıvanın ətəklərindən lal axan suları bizə nələrsə danışır. Onun min illərdir, şahidi olduğu hadisələr yazmaqla bitən deyil...

    Araza həsr olunmuş yazılardan biri belə başlayırdı: “Sularının hər damlası sevgiylə, həsrətlə dolu olan, ləpələri məhəbbətlə çağlayan, adı ayrılıq, nisgil rəmzinə çevrilmiş Araz çayı...” Xan Arazın Vətən torpaqlarımızı ikiyə bölməsi XIX əsrin əvvəllərinə təsadüf edir. Rusiya-İran müharibələrinin son nəticəsi olaraq 1828-ci il fevralın 10-da Təbrizin cənubunda Türkmənçay müqaviləsi imzalandı. Müqavilə nəticəsində Araz çayı Azərbaycanı iki yerə böldü. Tarixi reallıq belədir. Amma bunun bir də mənəvi tərəfi var. İnsanlar bu vəziyyəti zorla ayrılan bir qəlbə, bir cana bənzətdilər. İki doğmanı bir-birindən Araz ayırmadı, amma günahkar o sayıldı... Bir vaxtlar sevilən, əzizlənən Araz yavaş-yavaş ayrılığa bais olan, araya hicran salan bir günahkar adı qazandı. Ruhumuzda, şeirlərimizdə Araz dərdi deyilən bir dərd yarandı, kök atıb, yayılıb, daş olub milyonlarla azərbaycanlının ürəyindən asıldı...
    Naxçıvan-Ordubad magistralı ilə hərəkət edəndə yolun Ordubad rayonu ərazisindəki bəzi hissələrində Arazı xeyli yaxından görmək mümkün olsa da, eyni marşrutu qatarla hərəkət edəndə onu daha çox müşahidə etmək imkanı qazanırsan. Qatarla səfəri heç vaxt təcrübədən keçirməmiş olsam da, yoldaşlarımın təklifi ilə yaz mövsümündə o səfəri ilk dəfə reallaşdırmaq qərarına gəldim. Naxçıvan şəhərindən Culfa şəhərinə qədər və əks-istiqamətdə bir səfər olmalı idi bu. Mənim Arazla növbəti – ikinci yaxın görüşüm də elə onda baş tutdu. Bir-birini əvəz edən mənzərələr – yaşayış məskənləri, tarlalar, istehsal müəssisələri geridə qaldıqca Arazın görüşünə tələsirmiş kimi vaqonlar daha da irəli can atırdı. Və budur, nəhayət, yolumuzun çox böyük bir hissəsində bizi yaxından müşayiət edəcək Araz çayı. 
    Araz bəzən qəhrəmanlıq tarixi, bəzən mərdlik nümunəsi, bəzənsə iç acıdan, ürək parçalayan taleyidir Azərbaycan xalqının. Bir məqalədə müəllif Arazı bu cür xarakterizə edir: “Sərhədə dönən, arada qalan, hər iki tərəf üçün toxunulmaz olan çaylar bir deyil, iki deyil. Lakin yad xalqlar arasında təbii səddə dönməklə bir xalqın köksünü parçalayıb keçməyi eyniləşdirmək olmaz! Azərbaycanın şah damarlarından biri, min illərlə bütöv bir xalqın sevinc və bərəkət mənbəyi olmuş çay indi sərhəddi, ayrılıqdı, göz yaşıdı...”
    Elə bu sitatdan yola çıxıb düşünürəm. Görəsən, dünyada ikinci bir çay tapılarmı ki, Araz qədər mürəkkəb və faciəli taleyi olsun: – Araz qədər dildən-dilə düşsün, Araz qədər şeir və mahnı mövzusuna çevrilsin, Araz qədər ittiham edilsin, umu-küsü hədəfinə dönsün, nifrətlə damğalansın və... Araz qədər sevilsin?! Çətin sualdır, əslində, cavabı da tapılacaq qədər asan deyil. Elə yolboyu bizimlə bərabər aramla gedən, axıb keçdiyi hər yerdə izini qoyan Araz üçün də bu o qədər asan deyil. Yüz illərin tarixini, ağrısını, acısını, kədərini, sevincini, xoşbəxtliyini özündə yaşadasan, möhtəşəm tarixlərə şahidlik edəsən, amma bunu hayqıra bilməyib susasan. Bəzən sularının coşqusu, bəzən bulanıqlığı ilə, bəzən də durulması ilə, lal sükutlu axmasından doğulan pıçıltı ilə öz yaşadıqlarını göstərəsən. Arazın insan obrazı olmaq, onu insan cizgilərində təsəvvür edib yaşadıqlarını insan cisminə yükləmək, məncə, bir insan üçün kifayət qədər ağır bir cəza olardı...
    Hələ 12 ildən artıq bir zaman kəsiyi bundan əvvəl bir dəfə Arazın cənub sahili ilə olan bir səfərimizi xatırlayıram. Arazboyu vadilərin əkin-biçin sahələri görünürdü. Balaca, yastıdamlı kəndlər və bu kəndlərdən uzanan yollar, cığırlar gədiklərdən, keçidlərdən aşıb gedir, bizim üçün, ən azından mənim üçün, naməlum və sirli bir dünyaya qovuşurdu. 
    Onda Araza ilk dəfə belə yaxından tamaşa etmişdim, ilk dəfə Cənub tərəfdən görmüşdüm onu, həm də son dəfə. O müddətə qədər Naxçıvan şəhərindən – Şimaldan dəfələrlə müşahidə etsəm də, bu Cənubdan ilk müşahidəm idi. Heyrətlə baxırdım ona. Sonra isə Araza olan heyrətli tamaşam, təəccüb dolu baxışlarım, bəlkə də, heyranlığım indiyə qədər canlı gözlərlə müşahidə etmədiyim bir mənzərənin açılması ilə təəssüf və kədərlə əvəzləndi, bir az da məyusluqla. Uçuq, xaraba kəndlər, boş qalmış yuvalar Arazboyu zəncirlənib, uc-uca calanmışdı. Onda hələ yad tapdağında olan torpaqlarımızı və oradakı xaraba vəziyyətinə salınmış kəndləri görmüşdüm. O torpaqları da, o boş qalmış, yerində bayquşlar ulayan, sadəcə, uçuq-sökük divarlarından nə zamansa yaşayış yeri olduğu hiss edilən yerləri də ilk dəfə idi ki, mavi ekrandan deyil, öz gözlərimlə müşahidə edirdim. Onda yaşadığım hissləri heç nə ilə təsvir edə bilmərəm. Söz acizdir. 
    Bu mənzərə qarşısında ruhumun ən dərin qatlarına qədər işləmiş məyusluğu, kədəri, sonra isə bunun səbəbkarlarına olan nifrəti təkrar-təkrar və dəfələrlə yaşadım. Sanki sərhədin o tayına yox, neçə əsrin o üzünə, qədim dünyamıza baxırdım. Bu sıldırım qayalar, divar kimi üz-üzə dayanmış daşlar elə bil aradakı uçurumun necə dərin olduğunu göstərirdi. O uçurum bizi tarixin vəhşi bir səhifəsindən ayırırdı, bizi, sadəcə, müşahidəçiyə, tamaşaçıya çevirirdi. Bu qədər yaxından görmək, bunu hiss etmək, amma əlinin çatmaması çox ağır bir duyğu idi. Cənub sahilində olmayan, Şimal sahilində uzanıb gedən tikanlı məftillərə dolaşıb yaralanmış kimi hiss edirdim onda...
    ...Qatar səfərində Arazla yanaşı, tikanlı məftillər də axırdı sanki. Gözümü sudan çəkəndə bir müddət elə bilirdim daşlar da əriyib gedir, nazik tor pərdə kimi yellənib aradan qalxır və gözüm önündə qəhrəman bir xalqın, bir əsrdə neçə dəfə inqilab meydanına atılmış bir xalqın mərd siması canlanırdı... Dağların ətəyində qədim şəhərlərin qala divarları eləcə min il əvvəlki kimi əyilməz durur. Əslində, buna sivilizasiyadan uzaq, yalnızca Arazın müşayiəti ilə reallaşan bir səfər də demək olar. Çünki yolboyu səni müşayiət edən yerlərin böyük əksəriyyəti yaşayış məntəqələrindən kifayət qədər kənarda olduğundan, sərt daşların, sıldırımların, insan əli ilə yaradılmış dağ keçidlərinin arası ilə davam edən, hərdən qara qoçun belində zülmətə qərq olub sonradan isə ağ qoçun belində yenidən işıqlı dünyaya qayıdan bir aura hakimlik edir. Sanki nağıllar aləmində səfərdəsən. Bu səfərin sonunda isə təəssüratlardan zövq aldığın, kədərləndiyin, düşüncələrə qərq olduğun, qürur duyduğun və daha adını qoya bilmədiyim bir çox duyğuların qarışığından ibarət bir ruha sahib olursan. Daha doğrusu, o sənə hakim olur. 
    Hər bir Azərbaycan vətəndaşı, ələlxüsus da, naxçıvanlı Araz çayını dəfələrlə görüb. Bir çoxları üçün, sadəcə, su axınından ibarət olan bu çay başqaları üçün ilham mənbəyi olmaqla yanaşı, bir qibləgahdır. Məhz elə buna görə həm də hər iki sahilində formalaşan ədəbiyyatın obrazı, ilham mənbəyi, bəzən birbaşa səbəbkarı və şahidi də Arazdır. Azərbaycan ədəbiyyatının ən geniş yayılmış mövzularından biridir, ayrılıq çayı adlandırılan Araz. Bir çox əsərlərdə Araz canlı obraz kimi səciyyələndirilib. Bəzi şairlər əsərlərində Araza qarşı qəzəbli ifadələr işlətsələr də, onlar Arazı yazıq, fağır, çarəsiz bir çay kimi təsvir edirlər. 
    Və bir də Məmməd Arazın şahididir Araz. Araz mövzusu şairin bütün yaradıcılığından qırmızı xətt kimi keçir. Araz sevgisi Məmməd Araz yaradıcılığında tam başqa bir aləmə çevrilir. Azərbaycan nəzm və nəsr ədəbiyyatında Araz çayına xitab edərək onun vəsfinə əsərlər yönəldilsə də, bəzən bu çayı bir xalqı ikiyə bölən qəddar bir sədd kimi qiymətləndirənlər, bəzənsə vahid Azərbaycan probleminin baisi, səbəbkarı, qınaq yeri kimi müraciət edənlər olsa da, Məmməd Araz yaradıcılığında Araz başqa bir bədii səciyyənin daşıyıcısına çevrilir, yeni, əsrarəngiz və möhtəşəm bir obraza bürünür. Məmməd Araz yaradıcılığında Araz nə zavallı, nə də günahkardır, Araz hər zaman məğrurluq rəmzidir. Şairə görə Araz Azərbaycan həqiqətlərinin qan yaddaşıdır:

    Seyr elə Arazı bir yaz səhəri,
    Bir tarix dil açar onun səsində.

    Nələrə şahiddir Araz çayı? Yaxud sualı daha dəqiq qoyaq: nələrə şahid deyil ki, Araz çayı!? Bu xalqın tarixboyu yaşadığı hər şeyə – yaxşı, pis, sevincli, kədərli hər günə, hər ana şahiddir. Həsrətin, sevginin, ayrılığın, vüsalın şahididir Araz. Həmrəyliyimizin şahididir Araz. Uzun ayrılıqdan sonra tikanlı məftillərin qırılmasına şahiddir. Xalqın iradəsinin gücünə, xalqın qüdrətinə şahiddir. Xalqın iradəsini ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrinin bərpa edilməsinə, sərhəd çəpərlərinin sökülməsinə şahiddir. Uzun illərdən sonra ilk dəfə olaraq hər iki tayında olan qohumların, həmvətənlərin ünsiyyətlərinə, sevinc göz yaşlarına şahiddir. Soyuq bir dekabr günündə Arazın buz tutmuş suları bu hərarətlə əridi, göz yaşlarının oduna, istisinə o da dözmədi.
    Vətən müharibəsində torpaqlarımızın yenidən bütövləşməsinin şahididir Araz. Üzərindəki əsrlərə şahidlik edən Xudafərin körpüsünün düşmən tapdağından azad edilməsinin, Xudafərin körpüsündən keçən igid ərlərin, bu torpaq uğrunda canından keçənlərin, orada yenidən üçrəngli bayrağımızın dalğalanmasının da şahididir Araz. Sahilində Ali Baş Komandana Xudafərin körpüsünün azad olunduğu haqqında raport verən igid zabitin, onun sularını lərzəyə salan gur səsinin də şahididir. O səsin sədasını sularına qovuşdurub, yaddaşına həkk edib özü ilə çox-çox uzaqlara apardı. 
    Ali Baş Komandanı, Böyük Sərkərdəni sahilində görməyin məmnunluğunu da yaşadı Araz. Prezidentin “Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”, – deyə verdiyi sözün şahidi oldu Araz. Sanki uzun illərin həsrət yanğısını söndürdü onda. Öz azadlığının xoşbəxtliyini bölüşdü, şadlığından suları coşdu, danışmaq istədi, başına gələnlərdən gileylənmək istədi, bəlkə də. Amma uzun ayrılıqdan sonrakı ilk görüşdə onu da qəhər boğdu elə bil ki. Suları ilə demək istədiklərini cilovladı, ləpələrinin pıçıltısına qovuşdurub sözlərini boğazında düyünlədi, bir daha belə ayrılıqlar yaşamaq istəmədiyini dalğalarını coşdurub dilə gətirdi. Əsrlər şahidi tarixi Xudafərinin aşırımlarını, sahilində hamarladığı daşların sinəsini bəxtiyarlıqla yuyaraq sevincinin əks-sədasını onlarla bölüşdü. Çünki əsrlərin yoldaşıdır onlar.
    Dünya tarixində Arazın əks-sədası onun yeri ilə müqayisədə çox-çox böyükdür. Bu çayın üstündən kimlər adlamayıb?! Arazı dost da keçib, düşmən də!.. Səyyahlar, düşmən orduları, bütöv xalqlar və millətlər. Dünyanın ana yollarından biri – xalqların əbədi köçəköç və hərəkət yolu, dünya mədəniyyətinin Şərqdən Qərbə, Şimaldan Cənuba eninə-boyuna keçid yolu, günçıxanla günbatanın ən uzun savaş və barış yolları, “İpək Yolu”, ticarət və mühacirət yolları Arazın üstündən keçib. İndi isə böyük Turanın şahidi, Böyük Turanın sərhədidir Araz. Türkiyədən Azərbaycana, oradan Xəzərə qədər uzanan böyük Turan yolunda ilk cığırdır, körpüdür Araz. Zəngəzur dəhlizinin əsası, ilk dayaq nöqtəsidir. Naxçıvanın şahididir Araz. Bu torpaqda yaşananların, müharibələrin, azadlıq uğrunda mübarizələrin, yad­ellilərə qarşı dirənişlərin, nəhayət, dirçəlişin, yenidən inkişafın, müstəqilliyin şahididir. 
    Azərbaycan torpağını Araz çayı axmadan təsəvvür etmək mümkün deyil. Coğrafi məkan olan Arazı yaxından görən hər kəs bilir ki, bu çayın suyu hərdən bir cür olur; bəzən dupduru, bəzənsə çox bulanıq, bəzən apaydın, bəzənsə çox tutqun. Sanki insanın dəyişən əhvalıdır. Və bu dəyişən əhvala uyğun sanki öz fikirlərini, duyğularını etiraf edir, içində saxlaya bilmir, lal sularına həbs edə bilmir və hayqırır insanlara: mən sizi başa düşürəm, siz də məni başa düşün, deyir. Mən tarixin şahidiyəm, məni sevin, əzizləyin, qoruyun. Mədəniyyət mənim sahilimdə formalaşıb, mənim qoynumda böyüyüb, mənim sevgimlə boy atıb, yayılıb. Ona görə də, siz mənim üçün dəyərlisiniz. Hər anınıza bələdəm, hər gününüzə şahidəm...
Arazın şahidliyi davam edir. Hələ o Naxçıvanın ətəklərində gümüş kəmər kimi parlayaraq Qoca Turanın vahidliyinə şahidlik edəcək. Yenidən Məğriblə Məşriqi, Quzeylə Güneyi birləşdirən karvan yolları – dəmir və beton yollar onun üzərindən keçəcək. Uzaq Günəş ölkəsi Yaponiyadan zamanın başladığı Qrinviçə – İngiltərəyə qədər gedən dəmir yollarının aramsız taqqıltısı ilə onun bəzən coşqun, bəzən lal sularının səsi bir-birinə qovuşacaq. Zəngəzurdan mənzərələri yenidən bizimlə paylaşacaq. Öz sahili boyunca düşmən tapdağından azad olunmuş torpaqların tükənməz məhəbbətlə kərpic-kərpic qurulmasına, böyük sevgi ilə yenidən məskunlaşmasına, qaynar həyat mərkəzinə çevrilməsinə, bərpa olunmuş dövlət sərhədində addımlayan qalib Azərbaycan əsgərinin addım səslərinə şahidlik edib xoşbəxt olacaq Araz. Onun bəzən coşqun, bəzən lal axan suları, sakitliyi ilə qovuşan “Xan Araz” epiteti illərin o tayına bu günün hadisələrini daşıyıb öz sularında yaşadaraq, hələ uzun əsrlərboyu gördüklərini danışacaq. Çünki Araz şahiddir...

 Məmməd BABAYEV

Nəşr edilib : 10.10.2023 18:52