AZ EN RU

"Araz-Naxçıvan"dan növbəti böyükhesablı qələbə - FOTOLAR

    Futbol üzrə Azərbaycan I Divizionunda XIX turun oyunları keçirilib. Təmsilçimiz “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu doğma meydanda – Naxçıvan Muxtar Respublika Stadionunda Gəncənin “Kəpəz-2” komandasını qəbul edib. Bu kollektivlə keçirilən səfər qarşılaşmasında olduğu kimi, yenə də qalib tərəf “ağ-qırmızılar” olub. Matça sürətli hücumlarla başlayan meydan sahibləri ilk hissənin sonlarına yaxın istəyinə çata bilib. Fəhmin Muradbəyli 37-ci dəqiqədə rəqib qapısına yol tapıb. İlk hissə “Araz-Naxçıvan”ın minimal hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci yarışda daha rahat oyun nümayiş etdirən komandamız hesab arasındakı fərqi dördə qədər yüksəldib. 72-ci dəqiqədə Bayraməli Qurbanov, iki dəqiqə sonra isə Ege Atlam Adnan fərqlənib. Oyunda son nöqtəni Orxan Əliyev qoyub. Bununla da matç Naxçıvan təmsilçisinin 4:0 hesablı qələbəsi ilə tamamlanıb. Aktivinə daha 3 xal əlavə edən “Araz-Naxçıvan” turnir cədvəlindəki xal sayını 44-ə çatdıraraq vahid liderliyini davam etdirib. Komanda martın 8-i növbəti tur çərçivəsində “Sumqayıt-2” ilə səfər matçına çıxacaq.  
    Qeyd edək ki, I Divizionun bombardirlər siyahısına 17 qolluq göstərici ilə “Araz-Naxçıvan”ın futbolçusu Orxan Əliyev başçılıq edir. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 01.03.2023 17:50