AZ EN RU

“Araz-Naxçıvan” rəsmisi: “Naxçıvan stadionunun qısa vaxtda hazırlanacağına inanmıram”

“Naxçıvan stadionunun qısa vaxtda hazırlanacağına inanmıram”.

Bunu jurnalistlərə açıqlamasında “Araz-Naxçıvan”ın icraçı direktorunun müavini Sakit Rzayev deyib.

Klub rəsmisi arenada görüləcək işlərin hələ çox olduğunu bildirib: “Stadion Peşəkar Futbol Liqasının şərtlərinə uyğun hazırlanmalıdır. Ot örtüyü dəyişdiriləcək, çəkiliş platformaları yenidən qurulacaq, VAR, efir otaqları, yeni anbar hazırlanacaq. Görüləcək bütün işlərlə bağlı rəhbərliyə məlumat verilib. Çalışırıq ki, yenidənqurma qısa zamanda başlasın, yeni ilə qədər yekunlaşsın. Yəqin ki, bu ayın sonuna qədər hər şey bəlli olacaq”.

S.Rzayev infrastruktur işlərinə gec başlamalarını kollektivin qısa müddətdə bir araya gəlməsi ilə əlaqələndirib: “Rəhbərlik komandanı elə vaxtda qəbul etdi ki, Premyer Liqa hazırlıqlarına start verilmişdi. Bu səbəbdən əsas diqqət heyətin formalaşdırılmasına, U-17 və U-19 komandalarının qurulmasına, 10 yaşdan 16 yaşadək komandaların isə Naxçıvanda fəaliyyət göstərməsinə ayrılmışdı. İndi isə infrastrukturla bağlı işlər görülür”.

Qeyd edək ki, “Araz-Naxçıvan” Premyer Liqanın birinci dövrəsində rəqiblərini Mərdəkandakı “Dalğa Arena”da qəbul edib.

Nəşr edilib : 12.10.2023 14:44