AZ EN RU

“Araz-Naxçıvan” çempionata qələbə ilə başladı

    Futbol üzrə Azərbaycan I Divizionunda 2022-2023-cü illər mövsümünə start verilib. 8 illik fasilədən sonra çempionatda iştirak edən “Araz-Naxçıvan” çempionatın ilk turunda doğma arenada “Qarabağ-2” komandasını qəbul edib. Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən görüşü Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov və Kamran Əliyevdən ibarət hakimlər briqadası idarə edib.

    Görüşə sürətli başlayan “Araz-Naxçıvan” ilk hissədəcə oyunun taleyini həll edib. Belə ki, 23-cü dəqiqədə Ege Atlam Adnanla hesabı açan “qırmızı-ağlar”, 40-cı dəqiqədə Fərid Kərimzadənin “ifa”sında rəqibi yenidən mərkəzə dəvət ediblər – 2:0. İlk hissəyə əlavə olunmuş dəqiqələrdə Tuqay Əlizadə hesab arasındakı fərqi 3-ə çatdırıb.
    İkinci hissənin əvvəlində hesab arasındakı fərqi azaldan “Qarabağ-2” komandası 71-ci dəqiqədə qapısından daha bir qol buraxıb. Bu dəfə “Araz-Naxçıvan”ın heyətində De Saboa İv Lyüsyen fərqlənib – 4:1. Qoldan sonra hücumlarını davam etdirən Naxçıvan təmsilçisi daha bir dəfə azarkeşləri sevindirib. De Saboa İv Lyüsyen oyunda dubl etməklə yanaşı, hesabı da müəyyənləşdirib – 5:1. 

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 24.08.2022 20:00