AZ EN RU

Araz çayından qidalanan nasos stansiyaları və təzyiqli boru xətti tikiləcək

Naxçıvan Muxtar Respublikasının bütün rayon və kəndlərində əkinəyararlı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması istiqamətində mütəmadi işlər reallaşdırılır. Görülən işlər çərçivəsində Kəngərli rayonunun 3500 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xəttinin tikintisi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata əsasən nasos stansiyalarının və təzyiqli boru xəttinin tikintisinin texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üçün ötən il noyabrın 4-də “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Dekabrın 14-də müsabiqə uğurla yekunlaşıb. Müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “HYDRO-GEO ENVİRONNEMENT GROUP” MMC ilə satınalma müqaviləsi imzalanması üzrə müvafiq işlər aparılır. Texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 550.000,0 manat vəsaitin 236.000,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 314.000,0 manat məbləğində qənaət əldə olunub.

Nail ƏSGƏROV

 

Nəşr edilib : 25.01.2024 11:36