AZ EN RU

Araqçının məndədir...

    Milli məişət mədəniyyətimizin ən mühüm sahələrindən biri də geyim nümunələrimizdir. Müasir dövrümüzədək öz forma və üslub xüsusiyyətini qoruyub saxlayaraq məişətimizin ayrılmaz bir hissəsini təşkil edən geyimlər xalqımızın etnik kimliyinin göstəricisi olmaqla yanaşı, həm də bütün dövrlər üçün status göstəricisi olmuşdur. Keçmişdə şəxsin hansı təbəqəni təmsil etməsini onun üzərində daşıdığı geyimlərdən təyin etmək olurdu. Bəzi geyimlər vardır ki, onların biçilib-tikilmə, istifadə xüsusiyyətlərinə, adət-ənənələrə xas inanclarla bağlı olması onları üstün edən dəyərlərdəndir.  İstər qadın, istərsə də kişilər üçün xarakterik olan geyimlərdən biri də baş geyimləridir. 
       Kişi və qadın baş geyimləri fərqli olsa da, formaca bir-birinə bənzəyən bəzi baş geyimlərindən həm kişilər, həm də qadınlar istifadə edə bilir. Bu cür baş geyimlərinə araqçın və təsəkləri misal gətirmək olar. 
     Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Gülzadə Abdulovanın “Azərbaycan milli kişi geyimləri” adlı tarixi-etnoqrafik araşdırmalar kitabında qeyd olunur: “Bu baş geyiminin adları “araqçın” və ya “tərlik” (bundan sonra “tərçək”) adı ilə də məlumdur. Orta əsr mənbələrində bu ifadə tərçək adı ilə keçir. Türklər arasında baş geyimlərinin altından təsək formalı geyimlər istifadə edilməsi hələ qədimdən mövcud olmuşdur”.
    Qeyd edək ki, qadınlar keçmişdə, adətən, örpəklərinin altından güləbətinli, quşgözü naxışlı, muncuqlu tikmə bəzəkli araqçınlar qoyarmışlar. Həmin araqçın isə qədim xalq sənətlərimizdən biri olan zərgərlik nümunəsi “çəngəlli çənəbənd”in köməyi ilə başda rahat saxlanılması üçün bərkidilərmiş. Bu görüntü həm də estetik baxımdan gözəl görünər və örpəyin sürüşüb düşməməsinə kömək etmiş olardı. Qadın araqçınları, adətən, qiymətli və gözoxşayan parçalardan tikilib hazırlanardı. 
    Kişi araqçınlarına gəldikdə isə onun da özünəməxsus cəhətləri vardır. Belə araqçınlar, adətən, qiymətli papaqların altından astarlıq kimi qoyulardı. Bu, bir növ tərdən qoruyucu rolunu oynayan və papaqların çirklənməməsi üçün əhəmiyyətli vasitə idi. Bu səbəbdən də bu cür araqçınlar, yəni tərçəklər pambıq, yumşaq materiallı parçalardan hazırlanardı. Hətta kişilər namaz qılarkən, xüsusən də ağ rəngli araqçınlar qoyardılar.  Şair, etnoqraf Rəfail Oğuztürk “Papaqlar” şeirində yazır: 

    Sinəmdə yer də açar odlu hazırdaşlar üçün,
    Hazıram haqqımın uğrunda mən savaşlar üçün!
    Papaq örtük də deyildir əyilən başlar üçün,
    Tək Haqqa səcdədə tərk etməyib əcdadı papaq!

    Araqçınların digər papaqlardan fərqi həm də onların naxışlarla bəzədilməsi idi. Ümumilikdə, isə kişi, qadın, uşaq araqçınlarının üzərindəki bədii naxışlar gözəl görüntüsü ilə yanaşı, həm də simvolik məna daşıyırdı. Təpə hissəsinə salınan naxışlar, əsasən, səma cisimləri ilə bağlı olaraq Günəşi, ulduzları, çərxi-fələyi əks etdirmişdir. Tarixdən də məlumdur ki, hələ ta qədim zamanlardan türk xalqlarının inanc sistemində səma cisimlərinə, mifoloji dünyaya maraq böyük olmuşdur. Bu isə milli geyim nümunələrində öz əksini tapmışdır. Araqçınlarla bağlı deyimlər şifahi xalq ədəbiyyatında da geniş yayılmışdır. Eləcə də bu baş geyimi haqqında poetik nümunələrə yazılı ədəbiyyatımızda da rast gəlirik:  

            Araxçının mirvari,
            Ay qız, danış, gül barı.
            Evimizə gəlmirsən
            Qonşumuza gəl barı.

    Araqçınlar məişətimizdə həm də sevgi, sədaqət nişanəsi sayılırdı. Sevdiyi oğlana könül verən qız ona öz əlləri ilə tikib-bəzədiyi araqçını verərdi. Beləliklə, araqçın həm də sevgililər arasında bir əhd, etimad, inam yaranmasına vəsilə olardı. 

            Araxçının məndədir,
            Sərmişəm, çəməndədir.
            Aləm gözələ dönsə,
            Mənim gözüm səndədir.

    Təbii ki, zaman keçdikcə milli geyimlərimizdə baş verən dəyişikliklər baş geyimlərimizə də öz təsirini göstərmiş, zamanla bu cür geyimlərdən istifadə, demək olar ki, sıradan çıxmışdır. Bu gün araqçınlar çox məhdud şəkildə, yalnız bəzi yaşlı kişilər tərəfindən istifadə olunur. Qadınların istifadə etdikləri araqçınlar isə... indi yalnız milli geyim dəstlərimizdə yaşayır. Amma sevindirici haldır ki, xalq yaradıcılığı ilə bağlı görülən işlər, milli adət-ənənələrimizin təbliği son illərdə toy və nişan, xınayaxdı mərasimlərində qadınlarımız tərəfindən bir sıra milli geyim nümunələrimizin, eləcə də araqçınların istifadəsinə yenidən maraq oyadıb. Ümid edirik ki, müasir dövrümüzdə gündəlik geyim kimi istifadə olunmasa da müxtəlif bayram şənliklərində, festival və konsert proqramlarında, toy-nişan mərasimlərində araqçınlardan istifadə olunması bu baş geyiminin gənc nəslə tanıdılmasında böyük rol oynaya bilər.

Aidə İBRAHİMOVA
Naxçıvan Dövlət Universitetinin II kurs tələbəsi

Nəşr edilib : 31.01.2023 19:59