AZ EN RU

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizə bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, tədbir respublikamıza bioloji aktiv qida məhsullarının idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə metodiki kömək göstərmək, həmçinin onların təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədi daşıyıb.

Görüşdə qida təhlükəsizliyi, o cümlədən bioloji aktiv qida məhsulları ilə bağlı qarşıya qoyulan tələblər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu il iyulun 1-dən bioloji aktiv qida məhsullarının qeydiyyatı üçün müraciətlərin qəbuluna başlanılacaq və Agentlik tərəfindən qeydiyyata alındıqdan sonra həmin məhsulların ölkə ərazisinə idxalına icazə veriləcək.

“Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq aparılacaq prosesdə məqsəd ölkə ərazisində istehsalı, emalı həyata keçirilmədən və (və ya) dövriyyəyə buraxılmadan əvvəl həmin məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, eləcə də təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsidir. Bioloji aktiv qida məhsullarının qeydiyyat müddəti isə 5 il nəzərdə tutulur.

Görüşdə sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Nəşr edilib : 03.05.2024 14:19