AZ EN RU

Aqrar sektorun inkişafı elmi əsaslar üzərində genişləndirilir

    Muxtar respublikada kənd təsərrüfatının genişləndirilməsinin elmi əsaslar üzərində qurulması dinamik inkişafın bazasını təşkil edir. Aqrar sektorda aparılan islahatlar bitkiçilik, heyvandarlıq və emal sənayesinin inkişafı üçün geniş imkanlar yaradır.

    Azərbaycanın Naxçıvan iqtisadi bölgəsində “Naxçıvan Muxtar Respublikasında aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 10 iyul tarixli Fərmanı tam zamanında qəbul edilən dövlət sənədidir. Muxtar respublikada Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yeni yaradılan Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu, Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzi, Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzi, Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzi, Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi, “Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti muxtar respublikada aqrar sahənin elmi əsaslar üzərində məqsədyönlü inkişafını istiqamətləndirəcəkdir. 
    Hazırda regionumuzda aqrar sektorun davamlı inkişafı, modern islahatların həyata keçirilməsi, innovativ istehsal sahələrinin yaradılması və digər sistemli hədəflərin reallaşması ölkə başçısının məqsədyönlü siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Son dövrlər muxtar respublikada 65 min hektardan çox ərazidə əkin aparılır. İstifadə olunmayan yararsız torpaq sahələri əkin dövriyyəsinə daxil edilir. Meliorasiya və irriqasiya sistemləri yenidən qurulur. Fermerlərə lizinq yolu ilə texnika və avadanlıqların satışı təşkil olunur. Yeni təsərrüfat sahələri yaradılır. Fərdi təsərrüfatların genişləndirilməsi üçün hərtərəfli şərait yaradılır. Qeyd edək ki, regionda aqrar sektorun dinamik inkişaf etdirilməsi müasir dövrdə iqtisadi bazar münasibətlərinə uyğun sahibkarlıq fəaliyyətlərinin genişləndirilməsi ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalını və emal sahələrini koordinasiyalaşdıran müvafiq dövlət tədbirlərinin həyata keçirilməsi sayəsində mümkündür. Həmçinin muxtar respublikada müvafiq elmi-tədqiqat müəssisələri ilə birlikdə becərilən birillik, ikiillik və çoxillik bitkilər üzrə seleksiya işlərinin elmi şəkildə yenidən təşkil olunması və müasir üsullarla tətbiqyönümlü və iqtisadi əhəmiyyətli yeni sortların yaradılması işlərinin genişləndirilməsi, eyni zamanda koordinasiyalaşdırılması üçün müvafiq “Seleksiya proqramı”nın hazırlanması artıq dövrün tələbidir. Hazırkı dövrdə muxtar respublikada aqrar islahatların daha da genişləndirilməsi, xüsusi təsərrüfat formaları və sahibkarlığın inkisaf etdirilməsi istiqamətində məqsədyönlü işlərin təşkilinin sürətləndirilməsi, aqrar sahədə güzəştli kreditləşdirmə imkanlarının genişləndirilməsi, kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsinə nəzarətin gücləndirilməsinə, onların texnika, gübrə və kimyəvi vasitələrlə təminatında dövlət nəzarətinin artırılmasına ciddi ehtiyac duyulur. Bölgədə əsas problemlərdən olan kənd təsərrüfatında becərilən bitkilərin virus, bakterial, göbələk mənşəli xəstəliklərin və zərərvericilərin müəyyənləşdirilməsi, onlara qarşı kimyəvi, bioloji, aqrotexniki mübarizə tədbirlərinin müasir üsullarla həyata keçirilməsi, təkmilləşdirilmiş aqrotexniki üsullarla ekoloji cəhətdən təmiz olan kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldarlığına nail olunması, suvarmadan maksimum qənaətlə istifadə edilməsi, əkin sahələrində damcı üsulu ilə suvarmanın tətbiqi və genişləndirilməsinə böyük ehtiyac duyulur.
    Bölgədə strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına daha çox diqqət yetirilir. Muxtar respublika ərazisinin təbii torpaq-iqlim şəraiti yüksəkkeyfiyyətli çörək bişirilməsi üçün məhsuldar və keyfiyyətli strateji əhəmiyyətli bərk və yumşaq buğda sortlarının becərilməsinə imkan verir. Muxtar respublika ərazisində yayılan və becərilən sənaye əhəmiyyətli dənli, paxlalı, texniki, yem və meyvə, tərəvəz, üzüm və digər kənd təsərrüfatı bitkilərinin genofondunun toplanılması, qorunması, öyrənilməsi, tətbiqyönümlü sortların müəyyənləşdirilməsi, introduksiyası və istehsalata yönəldilməsi yeni yaradılan aqraryönümlü elmi müəssisələrin qarşısında duran əsas problemlərdəndir. Muxtar respublikada yerli məhsullar əsasında yeni emal və konservləşdirilmiş məhsulların istehsalına böyük ehtiyac duyulur.
    Regionda əhalinin ət məhsullarına olan ehtiyaclarının dolğun ödənilməsi üçün yemçilik üzrə fermer və ailə təsərrüfatlarının genişləndirilməsinə, həmçinin arıçılıq üzrə ailə təsərrüfatlarının yaradılmasına, cins tərkibinin yaxşılaşdırılmasına tələbat ildən-ilə artmaqdadır. 
    Muxtar respublikada qədim ənənələrə malik olan baramaçılığın yenidən inkişaf etdirilməsi, bu sahə üzrə ixtisaslaşdırılmış ailə və fermer təsərrüfatlarının dövlət dəstəyi əsasında təşkil edilməsi həm yeni məşğulluq sahələrinin yaradılmasında, həm də əhalinin maddi gəlir mənbəyinin artmasında mühüm rol oynayır.
    Muxtar respublikada Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yeni aqraryönümlü elmi təşkilatların yaradılmasını alqışlayır, inanırıq ki, bu müəssisələrin düzgün kadr siyasəti və ardıcıl fəaliyyəti sahəsində qeyd olunan bu və ya digər problemlərin həll olunması həyata keçiriləcək, aqrar sektor ən qısa zamanda özünü tam təmin edən və ərzaq təhlükəsizliyinə real töhfələr verən bir sahəyə çevriləcəkdir.

Varis QULİYEV
aqrar elmlər doktoru

Nəşr edilib : 26.07.2023 18:26