AZ EN RU

Aqrar sahədə maarifləndirmə işləri davam etdirilib

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş Dövlət pro­qramlarında və verilmiş tapşırıqlarda qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində aprel ayında da maarifləndirmə işlərini davam etdirib. Qəbul edilmiş Dövlət proqramlarının müvafiq bəndlərinin icrası ilə bağlı ailə təsərrüfatçıları və fermerlərin iştirakı ilə tarla seminar-müşavirələri keçirilib, əkin atlaslarından istifadə etməklə yaz əkinlərində növbəli əkin sisteminin tətbiqi, kartof bitkisi əkiləcək sahədən torpaq nümunəsinin götürülməsi və kartofun əkilmə üsulları, yağ üçün qarğıdalı və günəbaxan bitkilərinin əkininin optimal müddətə aparılması, qızılgül bitkisinin əkilib-becərilmə texnologiyası, meyvə və üzüm bağlarında aparılacaq aqrotexniki tədbirlər mövzularında məsləhətlər verilib. Muxtar respublikanın rayonlarında əkin sahələrində müşahidələr aparılıb, karantin mənşəli zərərvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizənin aparılması məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizə Mərkəzindən alınıb gətirilən pestisidlər torpaq mülkiyyətçilərinə paylanılması üçün rayon icra hakimiyyətlərinə təhvil verilib.
    Naxçıvan Dövlət Universitetinin rektoru və müəllim heyəti Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyalarında və əkin sahələrində təcrübə keçən Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinin Torpaqşünaslıq və Aqrokimya ixtisası üzrə təhsil alan tələbələrin laboratoriyalarda analizlərin aparılmasında iştirakı ilə maraqlanıb və təcrübə sahələrinə baxıblar. Naxçıvan Dövlət Texniki Kollecinin Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan IV kurs tələbələrinə Süni Mayalanma Mərkəzində istehsalat təcrübəsi keçilib, onlara “Törədicilərdən toxum alınması qaydaları  və saxlanılması” praktik olaraq göstərilib.
    Ay ərzində yeni meyvə bağları və üzümlüklərin salınması qaydaları ilə bağlı 3, əkin sahələrində, meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması üçün 14 torpaq mülkiyyətçisi nazir­liyə müraciət edib, nazirliyin əməkdaşları tərəfindən onlara məsləhət və  tövsiyələr verilib. Cari ildə yaz əkinlərinin optimal müddətdə başa  çatdırılması, əkin zamanı baş verə biləcək nasazlıqların qısa zamanda aradan qaldırılması üçün rayonlarda yaz əkinlərində iştirak edəcək texnika sahibləri ilə maarifləndirici söhbətlər aparılıb.
     Ötən ay Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin mütəxəssisləri tərəfindən “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl sahəsindən gətirilən torpaq nümunələrində analizlər aparılıb, nəticələri yazılı olaraq aidiyyəti üzrə göndərilib. Ordubad rayon Unus kənd sakini Qafar Həsənov tərəfindən gətirilmiş torpaq nümunəsi analiz olunduqdan sonra tərkibindəki qida maddələrinin miqdarına uyğun gübrə normaları hesablanaraq mülkiyyətçiyə bildirilib. “Naxçıvan” Universitetində keçirilən beynəlxalq elmi konfransda şöbə müdiri Fazilə Fərəcovanın “Naxçıvan  Muxtar Respublikası şəraitində tərəvəz noxudu bitkisinin torpaqda azotu toplamaq xüsusiyyəti” adlı məqaləsi dinlənilib, konfrans materialı kimi nəşr olunması nəzərdə tutulub. Birliyin əməkdaşları tərəfindən “Naxçıvan Muxtar Respublikası şəraitində tərəvəz lobyası bitkisinin öyrənilməsi”, “Naxçıvan Muxtar Respublikasında əkilib-becərilən xəstəlik və ziyanvericilərə qarşı davamlı olan tumlu meyvə sortlarının öyrənilməsi” adlı məqalələri nəşr olunmaq üçün universitetə təqdim edilib.
    Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin mütəxəssisləri fermerlərlə, torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı sahibləri ilə görüşlər keçirib, üzüm və meyvə bağlarında çiçəkdən sonra meyvə əmələ gələn dövrdə xəstəlik və zərərvericilərin vaxtında qarşısını almaq məqsədilə “bordo”, “komrasor” və “volk” kimyəvi preparatlardan istifadə etmək tövsiyə olunub. İdarəyə müxtəlif əkin sahələrində xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə müraciət edən 70 təsərrüfat sahibinə xəstəlik və zərərvericilərə qarşı tələb olunan mübarizə tədbirləri haqqında ətraflı məlumat verilib. 
    Heyvandarlıqda erkən yazda arı ailələrinə qulluq və arıçılıq məhsullarının artırılmasında yeni texnologiyaların tətbiqinin əhəmiyyəti, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, ana malların süni mayalandırılması, yemləndirilməsi, zoobaytar qaydalarına uyğun qulluq edilməsi, qış və yay otlaqlarından səmərəli istifadə, heyvandarlıqda aqrar sığortanın tətbiqi qaydaları mövzularında seminar-müşavirələr keçirilib. 

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidməti

Nəşr edilib : 18.05.2022 20:26