AZ EN RU

Aqrar sahədə işlər davam etdirilib

    Muxtar respublikada aqrar sahənin inkişafı üzrə işlər cari ildə də davam etdirilir. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”nın və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində nazirliyin əməkdaşları Naxçıvan şəhəri, Babək, Şərur və Kəngərli rayonlarında torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə seminar-müşavirələr keçirib, onlara məsləhətlər verilib. Cari ildə yaz əkinlərinin  daha optimal müddətdə başa çatdırılması, əsasən, günəbaxan və yağ üçün qarğıdalı bitkilərinin əkilib-becərilməsi, eyni zamanda əkin zamanı baş verə biləcək nasazlıqların aradan qaldırılması üçün rayonlarda yaz əkinlərində iştirak edəcək texnikaların sahibləri və ailə təsərrüfatçıları ilə fərdi söhbətlər  aparılıb. Babək rayon Cəhri qəsəbəsinin sakini Fikrət Kərimovun müraciətinə əsasən ona məxsus səbzə-tərəvəz istixanalarına baxış keçirilib və lazım olan kompleks tədbirlərə dair məlumatlar verilib. Səbzə-tərəvəz, o cümlədən tərxun yetişdirilməsi üçün parnik təsərrüfatlarının yaradılması üçün nazirliyə müraciət edən 6 sahibkar və ailə təsərrüfatı başçısına nazirlik əməkdaşları tərəfindən tövsiyələr verilib.
    Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin mütəxəssisləri tərəfindən gəmiricilərin aşkarlanması üçün Naxçıvan şəhərinin ətraf ərazilərində müşahidələr aparılır. Gəmiricilər aşkarlanan sahələrdə sink fosfid kimyəvi preparatından istifadə etməklə aldadıcı yem hazırlayaraq mübarizə tədbirlərinin aparılması üçün ailə təsərrüfatı sahibləri və fermerlərin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilir.  

Naxçıvan Muxtar Respublikası Kənd 
Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.02.2022 20:12