AZ EN RU

Aqrar sahədə aparılan islahatlar innovasiyalı inkişafı hədəfləyir

    Ölkə Prezidenti cənab İlham Əliyevin ötən il dekabrın 22-də imzaladığı Fərmana əsasən Naxçıvan Muxtar Respublikasında nümayəndəlik institutu təsis edildikdən sonra bir sıra sahələrdə keyfiyyət dəyişikliklərinə yol açan, böyük uğurlar, nailiyyətlər hədəfləyən islahatlar reallaşdırılır. Həm qlobal, həm də əvvəlki illərdə biganəlik baxımından əhalini ən çox düşündürən, narahat edən məsələlərin cəmləşdiyi kənd təsərrüfatı yönündə həyata keçirilən işlər də xüsusi diqqəti çəkir... 

    Naxçıvanda 2023-cü ilin ötən dövrü bütün sahələrdə olduğu kimi, aqrar sektorda da keyfiyyət dəyişikliklərinə yol açacaq addımlardan biri, bəlkə də, elə birincisi yerlərdə vətəndaşlarla görüşlərin keçirilməsi və reallaşdırılacaq layihələrin məhz insanların təklif-tövsiyələrinə, problemlərin həlli yollarına uyğun hazırlanmasıdır. Bu məqsədlə mart ayının əvvəllərindən başlayaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən mütəmadi şəkildə təsərrüfat sahibləri ilə görüşlər keçirilib, onların problemləri dinlənilib, nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb, aqrar sahənin müasir dövrün tələblərinə uyğun, innovasiya yönümlü inkişafının təmin edilməsi məqsədilə tövsiyələr verilib. Fermerləri ən çox narahat edən suvarma ilə bağlı problemlərin həlli istiqamətində Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin məsul şəxsləri də cəlb olunaraq Babək rayonunun Qahab kəndində suvarma suyuna olan tələbatın təmin edilməsi üçün əlavə su verilib. Şərur rayonunun Zeyvə kəndində əkin həyata keçirən xarici investorun nümayəndələri ilə yerli təsərrüfat sahibləri arasında münasibətlərin dostluq çərçivəsində inkişaf etdirilməsi üçün həmin kənddə sahələrə baxış keçirilib və tövsiyələr verilib. Sədərək rayonunda balıqçılığın və camışçılığın inkişaf etdirilməsi imkanlarının müəyyənləşdirilməsi üçün rayon ərazisində mövcud su hövzələrinin ətrafına baxış keçirilib, investorların cəlb olunması istiqamətində işlərə başlanılıb. Təsərrüfat sahiblərinin qaldırdıqları məsələlərlə bağlı rayon və şəhər İcra hakimiyyətlərinə müraciətlər ünvanlanaraq gübrə, toxum, pestisid istehsal vasitələrinə olan tələbat müəyyənləşdirilib və müvafiq tədbirlər görülüb.
    2023-cü ilin əvvəlindən bəri istehsalat təqviminə nəzər saldıqda ilk nəzərəçarpan uğur göstəricisi, heç şübhəsiz, bütün naxçıvanlı təsərrüfat adamları üçün ən əlamətdar hadisələrdən sayılan mayın 17-19-da Bakı Ekspo Mərkəzində təşkil olunan 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgiləridir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, fermerlər, ailə təsərrüfatçıları ilk dəfə Bakı şəhərində keçirilən beynəlxalq bir tədbirdə birgə iştirak etdilər. Sərgilərdə 60 nəfər heyətlə, çoxlu sayda bir-birindən dəyərli, müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları ilə muxtar respublika layiqli şəkildə təmsil olundu. “Orqanik Naxçıvan” brendi ilə həm hazır məhsullar, həm də təbii bitkilər Naxçıvan pavilyonunda yer almışdı. Bir-iki faktı qeyd etmək kifayətdir ki, sərgilərə necə cidd-cəhdlə hazırlıq aparıldığı barədə dolğun təsəvvür yaranmış olsun. Dağ bitkiləri, arıçılıq məhsulları, konservləşdirilmiş məhsullar, turşular, şirələr, mineral içkilər, quru meyvələr, tərəvəzlər, o cümlədən tezyetişən əriklər, gilas, gilənar, çiyələk, kartof, alma, qablaşdırılmış dərman bitkiləri, süd və ət məhsulları ilə yanaşı, Naxçıvandan diri halda sazan balığı, dibçəkdə Ordubad limonu da aparılmışdı ki, bu da, təbii olaraq, qonaqlarda xüsusi maraq oyatdı. Muxtar respublikanın ən kiçik rayonu Sədərəkdən bir ailə təsərrüfatçısı 37 növdən çox məhsulu sərgiyə çıxarmışdı. Sərgidə iştirak edən ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Naxçıvan pavilyonuna gəlişi, məhsulların yüksək qiymətləndirilməsi bütün naxçıvanlı fermerlərə, eyni zamanda kənd təsərrüfatı sahəsində sonrakı dövr islahatlarına bir dəstək, stimul rolunu oynadı.
    Bu il fermerləri narahat edən daha bir məsələyə, texnikalarla təminata da diqqət ayrılıb, kənd təsərrüfatı sahəsində həyata keçirilən struktur islahatları çərçivəsində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti nazirliyin tabeliyinə verilib, qurumun adı dəyişdirilərək “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. “Naxçıvan Aqroservis” ASC-də aparılmış monitorinqlər zamanı cəmiyyətin texnika parkında xeyli sayda texnika və texnoloji avadanlıqların əvvəlki illərdə olduqca baha qiymətə fermerlərə təklif olunması səbəbindən onların uzun müddət satışının həyata keçirilmədiyi aşkar edilib. Mövcud bazar qiymətlərinə uyğun qiymətlər müəyyənləşdirildikdən sonra texnika və avadanlıqlar lizinq və nağd qiymətlərlə satışa çıxarılacaq. Cari ilin ilk 7 ayının statistikasına görə, “Naxçıvan Aqroservis” ASC-nin texnika parkında 402 texnika və texnoloji avadanlıq mövcuddur. 
    Struktur islahatları ötən illər ərzində yığışıb qalmış maddi məsələlərin də yenidən gündəmə gəlməsi və öz həllini tapmasına yol açıb. Belə ki, 2022-ci ildə Şərur, Babək və Kəngərli rayonlarında 12 istehsalçı tərəfindən 73,3 hektar sahədə tütün əkini həyata keçirilib. Toplanılan tütün Şərur rayonu üzrə 2 istehsalçı tərəfindən 8 hektar sahədən 5185,3 kiloqram, Babək rayonu üzrə 1 istehsalçı tərəfindən 12,1 hektar sahədən 7334,9 kiloqram və Kəngərli rayonu üzrə 9 istehsalçı tərəfindən 53,2 hektar sahədən 70361,2 kiloqram olub və “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyətinin qəbul məntəqəsinə təhvil verilib. Lakin həmin ildə istehsalçılar təhvil verdikləri quru tütünə görə subsidiya ala bilməyiblər. Bu səbəbdən həmin istehsalçılara 14978,31 manat olmaqla subsidiyanın verilməsi təmin edilib. Bundan başqa, yeni doğulmuş buzovlara və arıçılığa görə fermerlər əvvəllər sənədləşmələrin düzgün aparılmaması və digər səbəblərdən subsidiyanı ala bilməyiblər. Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti ləğv olunduğuna görə arı ailələrinə və buzovlara görə subsidiyaların verilməsinin təmin edilməsi istiqamətində işlər Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir. 
    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində elektron informasiya sistemi yaradılana və Azərbaycan Respublikasının “Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiya olunanadək “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin müvəqqəti Qaydası”nın layihəsi, əsaslandırılması və hüquqi ekspertiza sənədi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetində baxılıb və təsdiq edilib. Sözügedən qaydalarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın tələblərinə əsasən 2018-ci ildə fəaliyyət göstərən arıçılara sentyabr ayından etibarən subsidiyalar veriləcək. Həyata keçirilən islahatlar çərçivəsində nazirliyin tərkibində muxtar respublikanın bütün bölgələrini əhatə edən Naxçıvan, Şərur və Culfa Regional Dövlət Aqrar İnkişaf mərkəzləri yaradılıb. Həmin mərkəzlər nazirliklə fermerlərin, ailə təsərrüfatçılarının, aqrar sektorda fəaliyyət göstərən sahibkarların əlaqəli işini təmin edəcək. Mərkəzdə bitkiçiliyin, heyvandarlığın təşkili, meliorasiya, irriqasiya məsələləri, örüşlərə, otlaqlara nəzarət və digər bu kimi məsələlər tənzimlənəcək.
    Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda kənd təsərrüfatı sahəsinin inkişafı ən əhəmiyyətli hədəflərdən biri kimi qarşıya qoyulub, 11 prioritet istiqamətə əsaslanan pro­qramda aqrar sahəyə aid 270-dən çox altlayihə müəyyənləşdirilib. İlkin olaraq Babək rayonu ərazisində layihələndirmə işlərinə başlanılıb. Gələcəkdə Heydər Əliyev və Araz Su anbarlarından yeni su xətləri çəkiləcək, “Araz-1” və “Araz-2” nasos stansiyalarının fəaliyyəti yenidən bərpa olunacaq. Dövlət Proqramında bitkiçiliyin, o cümlədən üzümçülüyün, şərabçılığın, heyvandarlığın, arıçılığın, baramaçılıq və ipəkçiliyin inkişafı, kənd təsərrüfatı məhsullarının emal və qablaşdırma sahələrinin inkişaf etdirilməsi, spesifik və orqanik kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi və təşviqi, kənd təsərrüfatı istehsal vasitələrilə təminat səviyyəsinin artırılması, fermerlərə məsləhət xidmətlərinin göstərilməsinin təşkili, aqroparkların yaradılması, suvarma sistemlərinin yaxşılaşdırılması və digər bu kimi məsələlər nəzərdə tutulub. Hazırda proqramdan irəli gələn məsələlərin icrasına başlanılıb, alttədbirlər planı hazırlanıb, alttədbirlərdə ehtiyac duyulan bir çox məsələlərin həlli ilə yanaşı, aqrar sahənin inkişafında əsas olan əkinəyararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısının alınması və mütərəqqi suvarma və əkin texnologiyalarından istifadə ilə bağlı təkliflər də verilib. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, o cümlədən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birgə hazırlanmış “Naxçıvan Muxtar Respublikası üzrə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2023-2025-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlər Dövlət Proqramının alttədbirlər planına daxil edilib. 
    Proqramda qarşıya qoyulan vəzifələr sırasında xüsusilə baramaçılıq və ipəkçiliyin inkişafı diqqəti çəkir. Məlumdur ki, vaxtilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ipəkçiliyin əsas məskənlərindən sayılıb, ancaq, təəssüf ki, son illərdə bu sahəyə diqqət azaldığından qədim, ənənəvi məşğuliyyət növü məhv olmaq üzrədir. Məhz bu sahəni yenidən dirçəltmək məqsədilə baramaçılığın inkişafında əvəzsiz rol oynayan Ordubad barama toxumu zavoduna, o cümlədən baramaqurutma, baramaaçma və ipək istehsalı istiqamətli fabrikə baxış keçirilib, fəaliyyətin bərpasının təmin olunması istiqamətində yerli və xarici investorlarla danışıqlar aparılıb. Bundan başqa, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə baramaçılığın və ipəkçiliyin inkişafında əsas olan tut bağlarının salınması həyata keçirilib. Belə ki, 2023-cü il 29 mart tarixdə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında yaradılmış əməkdaşlıq çərçivəsində Ordubad rayonunun Əylis düzündə 1,2 hektar ərazidə Türkiyədən gətirilmiş 3 növ, ümumilikdə, 600 ədəd tut ağacından “Azərbaycan-Türkiyə ipək bağı” salınıb. Bağ mütəmadi olaraq nəzarətdə saxlanılıb və suvarma suyu ilə təmin olunub. Baramaçılığın inkişafında yem bazasının təşkili üçün bağın sahəsinin növbəti mövsümdə genişləndirilməsi nəzərdə tutulub.
    Ölkəmizin əsas aqrar regionlarından hesab edilən Naxçıvan Muxtar Respublikasında uzun illərdir, aparıcı məşğuliyyət sahəsi taxılçılıqdır. Başa çatan mövsüm bu baxımdan uğurlarla yadda qalıb. Belə ki, 2022-ci ilin payızında 20 min 762, cari ilin yazında isə 405,7 hektar olmaqla, 21 min 247 hektar sahədə taxıl əkini həyata keçirilib. Taxıl biçininin vaxtında həyata keçirilməsi, məhsulun itkisiz yığılaraq anbarlara daşınması, o cümlədən biçindən sonra tələb olunan aqrotexniki tədbirlərin həyata keçirilməsi ilə əlaqədar işlərin koordinasiyasını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində Mərkəzi Qərargah yaradılıb. Eyni zamanda fermerlərin gübrə və subsidiyalarla təminatı da diqqətdə saxlanılıb, 2022-ci ilin dekabr ayında 5 istehsalçıya 91 hektar sahə üçün, ümumilikdə, 13 min 377 manat dəyərində 8918 kiloqram gübrə verilib. Cari ildə payızlıq taxıl əkinlərinə görə isə 6800 istehsalçı 3 milyon 408 min 682 manat dəyərində 6197,6 ton gübrə ilə təmin edilib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən payızlıq əkinlər üzrə nəzərdə tutulan subsidiya məbləğinin 25 faizi fermer kartlarına köçürülüb, yazlıq əkinlər üzrə isə bu proses davam etdirilir. Görülən qabaqlayıcı, stimullaşdırıcı tədbirlərin nəticəsi olaraq, ümumilikdə, 19 min 797 hektara yaxın əkin sahəsində taxıl biçilib, 49 min 267 tondan artıq məhsul toplanıb. Toplanan məhsulun 12 min 233 hektarını buğda, 9014 hektarını arpa təşkil edib. Orta məhsuldarlıq hər hektarda 24,9 sentner olub.
     Naxçıvanda əkinçiliyin ümumi inkişafına maneə törədən suvarma suyu qıtlığı taxılçılıqdan da yan keçməyib, bu səbəbdən əkin sahələrinə su verilməsi tam təmin olunmayıb. Nəticədə, 1450 hektar sahə tamamilə quruyub. Quruyan sahələrin əksəriyyəti kənd təsərrüfatı təyinatı olmayan torpaqlardır. Cari il avqustun 23-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin iştirakı ilə Kəngərli rayonunda “Taxıl istehsalının inkişafı ilə bağlı 2023-cü ilin yekunları və cari ildə payızlıq taxıl əkinləri üçün qarşıda duran vəzifələr” mövzusunda müşavirədə də məhz suvarma suyu ilə bağlı məsələyə xüsusi toxunulub. Belə ki, taxılçılığın inkişafını ləngidən mövcud problemlərdən bəhs edən səlahiyyətli nümayəndə bildirib ki, dünyada baş verən qlobal istiləşmə Naxçıvana da təsirsiz ötüşməyib. Muxtar respublikanın su mənbələrinin su ehtiyatı dəfələrlə azalıb. Son bir neçə ildir, əsas su hövzələrindən olan Arpaçay yay aylarında, demək olar ki, quruyur. Bütün bunlar əkinçiləri ciddi su problemi ilə üz-üzə qoyur. Mövcud vəziyyət yeni mübarizə metodlarının, innovativ üsulların tətbiqini şərtləndirir. Müşavirədə problemin həlli yollarından da bəhs olunaraq qeyd edilib ki, bir çox yerlərdə suvarma şəbəkələrinin istismar müddətini başa vurması suvarma suyunun verilməsi zamanı 40-50 faiz həcmində itkilərə səbəb olur. Bu itkilərin aradan qaldırılması məqsədilə suvarma şəbəkələri mərhələli şəkildə yenidən qurulacaq. Həmçinin su resurslarından səmərəli istifadə üçün növbəti əkin mövsümündən etibarən damcılı suvarma üsulunun tətbiqi üzrə pilot layihələrin tətbiqinə başlanılacaq. 
    Artıq 9-cu ayına qədəm qoyduğumuz il kənd təsərrüfatı sahəsində daha bir yeniliklə, təsərrüfat adamlarının əsl məhsul bayramına çevriləcək “Aqro festival”la da yaddaşlarda iz buraxacaq. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazir­liyinin təşkilatçılığı ilə sentyabrın 8-i və 9-da “Sahil parkı”nda keçirilməsi nəzərdə tutulan festivalda müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və digər istehsal vasitələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının nümayişi və satışı həyata keçiriləcək. Festivalda iri şirkətlər, aqrar yönümlü müəssisələr, Bakıdan və xaricdən qatılan mütəxəssislər də iştirak edəcək. Eyni zamanda bu gün “Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir də keçiriləcək.
    Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı sahəsində cəmi 6-7 aylıq müddəti əhatə edən islahatlar çərçivəsində görülən işləri nəzərdən keçirdikdə belə qənaətə gəlmək olar ki, əsas hədəf dəyişən dünya düzəninə, qloballaşan dövrə uyğun yeni texnologiyaların tətbiqi ilə mövcud problemləri həll edərək fermerlərin əməyini yüngülləşdirmək, elmi-texniki tərəqqiyə, innovasiyalı inkişafa nail olmaqdır. Əminik ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan müddəaların, eyni zamanda buna müvafiq alttədbirlərin düzgün şəkildə icrası bu hədəfə daha tez çatmağa imkan verəcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 07.09.2023 17:47