AZ EN RU

"Aqrar könüllülük" proqramına start verilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Kənd Təsərrüfatı nazirliklərinin birgə əməkdaşlığı ilə “Aqrar könüllülük” proqramına start verilib.
Bu münasibətlə Naxçıvan Biznes Mərkəzində bu sahədə fəaliyyət göstərəcək könüllü qrupuna qatılan gənclərlə görüş keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova çıxış edərək proqramın məqsədi və əhəmiyyəti barədə danışıblar.
Könüllü gənclərdən Turanə Niftəliyeva bu sahədəki fəaliyyətindən bəhs edib, sözügedən layihə ilə aqrar sahədə yeni təcrübələr qazanmaq istəyində olduğunu diqqətə çatdırıb.
Sonra aqrar sahədəki fəaliyyət istiqamətləri ilə bağlı videoçarx izlənilib. Gəncləri maraqlandıran suallar rəsmilər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, proqram çərçivəsində könüllülər fəaliyyət göstərdikləri müddət ərzində aqrar sahəyə dair  təcrübələr qazanacaq, xüsusilə sorğuların keçirilməsi, fermerlərlə ünsiyyətin qurulması ilə bağlı vərdişlərə, kənd təsərrüfatı texnologiyalarına dair zəruri biliklərə yiyələnəcəklər. Onlar eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçiriləcək tədbirlərdə, o cümlədən təbliğat, təşviqat və maarifləndirmə işlərində yaxından iştirak edəcəklər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyin mətbuat xidməti

Nəşr edilib : 23.02.2024 19:37