AZ EN RU

Aprelin 18-i “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd edilir

Aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Azərbaycanda da geniş qeyd olunan bu əlamətdar tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.
Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə tarixi abidələrimizin bərpası, qorunması və tədqiqi ilə bağlı mühüm işlər görülüb, bir sıra tarixi abidələrimiz UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınıb. 
Ulu Öndər Heydər Əliyev Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək demişdir: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”. Gəmiqaya abidəsi, Qazma mağarası, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Kilit mağarası, I və II Kültəpə, Xaraba Gilan, Qarabağlar Türbə Kompleksi, Möminə xatın, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Əlincə qalası, Qızılburun, Qızqala, Ovçular təpəsi, Oğlanqala, Xələc, Naxçıvanqala, tarixi təbiət abidələrindən Haçadağ, Duzdağ, Batabat, Babək qalası və yüzlərlə belə abidələr keçmişimizi bu günə daşıyan tarixi yaddaşımızdır. 
Ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bərpa layihələrinin hazırlanması, tarixi eksponatların qorunması, arxeoloji araşdırmalar aparılması, tarixi memarlıq abidələrinin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. 
Qürurluyuq ki, bu gün işğaldan azad edilmiş torpaqlarımızda tarix-mədəniyyət abidələrimiz yenidən dirçəldilir. Tarixi abidələrimizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

Nəşr edilib : 18.04.2024 00:01