AZ EN RU

Aprel zəfərinin qəhrəmanına həsr edilmiş tədbir keçirilib

Naxçıvan Gənclik Mərkəzində Aprel zəfərinin qəhrəman şəhidi Qabil Orucəliyevə həsr edilmiş tədbir keçirilib. Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Şəhidin anası Nuriyyə Orucəliyeva çıxış edərək qeyd edib ki, Qabilin Vətənə qurban getdiyi həmin gündən 8 il keçsə də, qəlbindəki yara hələ də qaysaq qoymayıb. Qabil şəhidlik zirvəsinə ucaldığı gündən iki gün əvvəl yenicə ata olmuşdu. O, Vətəni üzünü görmədiyi körpəsindən əziz bildi, torpağı anasından çox sevdi. Vətən şəhidlərini heç zaman unutmur, onların xatirəsi daim yaşadılır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisin deputatı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Ülviyyə Həmzəyeva diqqətə çatdırdı ki, şanlı Aprel zəfəri xalqımızın tarixində yeni açılmış səhifə, Qarabağın azadlığı uğrundakı ilk qığılcım idi. Həmin gün azad edilən strateji yüksəkliklər Vətən müharibəsində ordumuzun hədəfə daha tez çatmasına kömək etdi. Oğullarımız Vətən müharibəsində qələbə qazanıb Aprel döyüşlərində şəhadətə yüksələn igidlərin son arzusunu yerinə yetirdi. Qabil Orucəliyev 4 günlük zəfərin igidlərindən biridir. Onun igidliyi hələ də dillərə dastandır. Düşmənin nəfəsini kəsən oğulların xatirəsini yaşatmaq üçün hər kəs əlindən gələni edir. Bunu hər birimizin müqəddəs borcu hesab edirik.

Şəhid ataları Əbülfət Əliyev, Mais Gülməmmədov çıxış edərək bildirdilər ki, Aprel döyüşləri zülmətdə işıqlanan bir şam oldu. Vətən müharibəsində həmin illərdə yanan şamın saldığı işıq Günəşə çevrildi. Dörd gündə düşməndən azad edilən yüksəkliklər sonrakı qələbəni gətirdi. Qəhrəmanları unutmayaq ki, xalqımızın keçmişini də unutmayaq.

Şəhid anaları Gülşad, Rəna xanım çıxış edərək şəhidlərimizin xalqımızın qəlbində layiqincə yaşadıldığından danışdılar. Qeyd olundu ki, Aprel döyüşlərində şəhidlərimiz yurdumuza gətiriləndə sakinlərin onları necə hörmətlə qarşıladığına bütün dünya şahidlik etdi. Şəhid anaları qürur duyur ki, Vətənini anasından, övladından çox sevən oğullar böyüdüblər.

Şəhidin əmisi Elmar Orucəliyev tədbirdə çıxış edərək Qabil Orucəliyevlə bağlı xatirələrini bölüşüb. Tədbir iştirakçılarına təşəkkür edib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov bildirdi ki, dövlətimiz hər zaman şəhid ailələrinə diqqət və qayğı göstərir. Şəhidlərin bizə yadigarları göz bəbəyi kimi qorunur.

Vətən müharibəsi qaziləri Malik Cəbiyev, Pərviz Muradov çıxış edərək Vətən müharibəsində qazanılan qələbədən danışıblar. Aprel döyüşlərində şəhid olan oğulların qisasının alındığını bildiriblər.

Sonda vətənpərvərlik mövzusunda səhnəcik nümayiş etdirilib, şeirlər və mahnılar ifa olunub.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 06.04.2024 18:20