AZ EN RU

Aprel döyüşləri Vətən müharibəsindəki əsas döyüşün ilkin təlimi idi

2016-cı il aprelin 1-dən 5-dək davam edən Aprel döyüşləri Vətən müharibəsindəki əsas döyüşün ilkin təlimi idi.


Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputatın sözlərinə görə, məhz bu döyüşlər tarixi Zəfərə aparan yola işıq salırdı, Azərbaycan xalqının qəhrəmanlığını, sarsılmazlığını nümayiş etdirirdi. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunlarının təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış tarixi qələbə Azərbaycan Ordusunun qələbə əzmini sübuta yetirdi.

“Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Ordusu istənilən vaxtda Böyük Qələbəni qazanmağa qadirdir. Həqiqətən də 4 günlük döyüşlərdə hərbi sahədə qazanılan uğurlar, azad olunan strateji yüksəkliklər Azərbaycanın mövqelərini daha da gücləndirdi. Lələtəpədə ucalan Azərbaycan bayrağının qısa vaxtda Şuşada dalğalanacağına əminlik artdı. Eyni zamanda, Cocuq Mərcanlı Böyük Qayıdışın başlanğıcı oldu. Azərbaycan xalqı əmin idi ki, Böyük Qayıdış qısa müddətdə baş tutacaq. Aprel zəfəri insanların əzmini, ümidini özünə qaytardı. Təsadüfi deyil ki, aprel zəfərindən 2 il sonra 2018-ci ilin mayında Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu Günnüt əməliyyatı nəticəsində azad olundu. Elə həmin il, 2018-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən hərbi paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirildi”, - deyə K.Nurullayeva qeyd edib.

Deputat bildirib ki, paradda çıxış edən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün mütləq bərpa olunacağını bəyan etdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək bütün dünyaya sübut etdi ki, onun iradəsini sarsıtmaq, işğalla barışmağa məcbur etmək mümkün deyil. Beləliklə, 44 günlük Vətən müharibəsi nəticəsində işğalçı ölkə diz çökməyə, kapitulyasiyaya məcbur oldu.

“Biz 44 günlük Vətən müharibəsində aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın da qisasını aldıq. Böyük əzmkarlıqla düşmənə qarşı mübarizə aparan və ərazi bütövlüyümüz uğrunda canından keçən aprel şəhidlərimiz gənc nəsillər üçün də əsl qəhrəmanlıq nümunəsi sərgilədilər. Həmin gənc nəsil 2020-ci ildə, 44 günlük Vətən müharibəsində düşməni məhv edərək tarix yazdı, Aprel döyüşlərində başlanan əməliyyatı uğurla sona çatdırdı. Azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında nümayiş etdirildi. Beləliklə, qürurlu tarixə malik olan Azərbaycan Ordusu bu gün özünün ən şanlı mərhələsini yaşayır. Bu gün Azərbaycanın timsalında bir daha əmin oluruq ki, güclü ordu dövlətin müstəqilliyinin qarantıdır.

Nəşr edilib : 01.04.2023 16:48