AZ EN RU

“Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” adlı tədbir keçirilib

Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin  birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 8-ci il dönümünə həsr olunmuş “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və torpaqlarının azadlığı uğrunda canlarını fəda  etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Malikqızı vurğulayıb ki, ölkə başçısı Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçilərlə görüşündə demişdi ki, Aprel döyüşləri Ermənistanın uzun illər qurduğu ideoloji əsaslarını dağıtdı.  Bu döyüşlər göstərdi ki, Azərbaycan Ordusu güclüdür, Azərbaycan xalqı öz torpaqlarını azad etməyə qadirdir. İgid Vətən oğulları canları, qanları bahasına illərlə yaradılan mifi darmadağın etdi və Zəfərə gedən 44 günlük yolun əsasını qoydular. Əldə edilən şanlı Zəfərdən sonra azad edilən torpaqlarda, sonra isə Xocalıda, Xankəndidə üçrəngli bayrağımız ucaldıldı.

Qeyd edilib ki, mayor Rasim Məmmədov və leytenant Qabil Orucəliyev Aprel döyüşlərinin Naxçıvandan olan şəhidləridir. Rasim Məmmədovun atası da onun kimi torpaqlarımız uğrunda döyüşüb, əlil olub, oğlunun ölümündən sonra dünyasını dəyişib. Qalib Orucəliyevin vəfatından sonra onun oğlu Qabil dünyaya gəlib. Bu gün Naxçıvanda bir Qabil Orucəliyev də vardır və şəhidimizin adı ilə yaşayır. Və onların övladları atalarının ideyalarını bundan sonra davam etdirəcək. Şəhidlər ölməzdirlər, onların ruhu daim qəlbimizdə yaşayır.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, qəhrəman Vətən oğullarının şücaəti hesabına qələbə ilə nəticələnən Aprel döyüşləri 44 günlük Vətən müharibəsində əldə edilən böyük Zəfərə yol açıb. Bu döyüşlərdən cəmi dörd il sonra II Qarabağ müharibəsi ilə uzun illər işğal altında qalan torpaqlarımız azad olundu. Bu gün bütün şəhidlərimizin ruhu artıq şaddır.

Şəhid mayor Rasim Məmmədov haqqında qısa videoçarxdan sonra çıxış edən şəhidin qardaşı Şahin Məmmədov qeyd edib ki, atası Əbdül Məmmədov 1990-cı illərdə könüllü olaraq Sədərəkdə strateji yüksəklik olan Miltəpədə gedən döyüşlərdə iştirak edib və I Qarabağ müharibəsi əlili olub. Rasimin  şəhadətindən 23 gün sonra dünyasını dəyişib. Qardaşının atasının yolunu davam etdirdiyini və Lələtəpə yüksəkliyini azad edərkən şəhidlik zirvəsinə ucaldığını deyən Şahin Məmmədov bütün şəhidlərə rəhmət diləyib, tədbirin təşkilinə görə minnətdarlıq edib.

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin  sədri Mais Gülməmmədov bildirib ki, şəhidlərimizin yolu örnəkdir. Belə tədbirlərin təhsil ocaqlarında təşkili yeniyetmə və gənclərin tariximiz, şanlı Zəfərimiz haqqında daha dolğun məlumat almasında, onların xatirələrinin ehtiramla yad edilməsində mühüm əhəmiyyət kəsb edir.

Sonra Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Naxçıvan Müəllimlər İnstitutunun tələbələri şəhidlərimizə həsr olunmuş şeirlər qiraət edib, səhnəcik nümayiş etdiriblər.

Sonda tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 04.04.2024 18:37